Modern.az

Prezidentliyə namizəd deputatlar Milli Məclisə müraciət edəcəklər

Prezidentliyə namizəd deputatlar Milli Məclisə müraciət edəcəklər

Ölkə

19 Avqust 2013, 12:47

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirak etmək üçün bu günədək 14 nəfər namizədin seçki sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. Namizədlər arasında hələ ki, Milli Məclisin 5 deputatı da var.

Sentyabrın 15-dən Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. O zaman bu deputatların statusu və parlamentin iclaslarında iştirak etmələri necə tənzimlənəcək?

Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov Modern.az saytına açıqlamasında bildirib ki, həmin deputatların parlamentin iclaslarında iştirak edib-etməmələri heç nəyi dəyişdirmir:
“Seçki prosesi Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi ilə nizamlanır. Bu qanunların tələblərinə uyğun olaraq da onlar fəaliyyətlərini qurmalıdırlar. Həmin deputatların Milli Məclisin iclasında iştirak edib və ya etməməyi elə bir məsələ həll etmir”. 

S.Novruzov deyib ki, prezidentliyə namizədliyini irəli sürmüş millət vəkilləri iclaslarda iştirak etməyəcəksə, o zaman onlar yazılı şəkildə bunun səbəbini bildirməlidirlər:

“İclaslara qatılmamaq deputatın səhhəti, ezamiyyətə çıxması və ya digər hallarla bağlı ola bilər.

Deputatlıq statusunun seçkilərə heç bir aidiyyəti yoxdur. Hər bir Azərbaycan vətəndaşının hüququ var ki, seçkidə iştirak etsin. Bu, Konstitusiyada təsbit olunmuş hüquqdur və deputatlıq fəaliyyətinə heç bir maneçilik törətmir”.

Deputatlar İqbal Ağazadə, Zahid Oruc, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, İlyas İsmayılov oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək istəyirlər.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi