Modern.az

Xankəndidəki ermənilər Bakıya niyə ZƏNG EDİR...

Xankəndidəki ermənilər Bakıya niyə ZƏNG EDİR...

Qarabağ

26 Sentyabr 2023, 10:16

Azərbaycan ordusunun lokal antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində rəsmi Bakının reinteqrasiya təklifinə razı olmayan erməni sakinlər bölgəni könüllü şəkildə tərk edir. Qarabağda qalan ermənilərə rəsmi Bakıdan humanitar yardım göndərilib.

 

Qarabağı könüllü şəkildə tərk etmək istəyənlər üçün tam şərait yaradılıb. Ərazini tərk edənlər heç bir problemlə üzləşmədiklərini deyirlər. Azərbaycan vətəndaşlığını almaq istəyən ermənilər də mövcuddur. 

 

Bir neçə gün öncə Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev açıqlayıb ki, Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var. DİN rəsmisinin sözlərinə görə, erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılacaq: “Onların pasportlaşması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işi diqqətdə saxlanılır”.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva Xankəndidəki insanların panikaya düşdüyünü vurğulayıb:

 

"Ermənilərdə çoxluq sindromu var. Çoxluq gedirsə, digərləri də onlara qoşulur. Çoxu getmək istəməsə də, panikaya düşdükləri üçün ərazini tərk etməyə başlayırlar. Onlarla işləmək, məsələləri izah etmək lazımdır. Bizim hökumət ermənilərin hər zaman geriyə qayıda biləcəyini açıqlayıb. Bu, çox böyük humanist addımdır. Xankəndi ermənilərindən çoxu ərazidə qalmaq istəyir. Bunu mən dəqiq deyə bilərəm. Çünki mənə də, başqa əməkdaşlarımıza da müraciət edirlər. Onlar bir-birindən də qorxurlar. Qınaqdan, göstəriləcək təziyqdən narahatdırlar. Buna görə getmək istədiklərini deməyə və getməyə məcburdurlar".

 

D.Əfəndiyeva ermənilərin tamamilə ərazini tərk edəcəyinə inanmadığını söyləyib:

 

"Mən inanmıram ki, Xankəndidən ermənilər tamamilə çıxsın. Bəzi adamlar düşünürlər ki, Ermənistanda onları yaxşı heç nə gözləmir. Onlar qaçqın düşəcəklər, onlara ikinci sinif insanlar gözü ilə baxılacaq. Bunu yaxşı bilirlər".

 

O, antiterror tədbirləri zamanı Xankəndi ermənilərindən xeyli zəng aldıqlarını bildirib:

 

"Onlar lokal xarakterli antiterror tədbirlərindən çox qorxublar. Onları nəyin gözlədiyini bilmək istəyirdilər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu