Modern.az

Bura Ağdərə deyil - Bir şəklin tarixçəsi - FOTOLAR

Bura Ağdərə deyil - Bir şəklin tarixçəsi - FOTOLAR

Reportaj

25 Sentyabr 2023, 12:58

Azərbaycan Ordusu 19-20 sentyabr həyata keçirildiyi antiterror tədbirləri nəticəsində Qarabağda separatçılara sarsıdıcı zərbə vurdu. Düşmənin həm canlı qüvvəsi məhv edildi, həm silah-sursatı ələ keçirildi, həm də mövqeləri darmadağın olundu.

Bu döyüşlərdə Azərbaycan əsgəri növbəti şanlı tarix yazdı.

Sosial şəbəkələrdə Ordumuzun antiterror tədbirləri nəticəsində əldə etdiyi qələbə ilə bağlı müxtəlif videogörüntülər, fotoşəkillər və bir sıra digər informasiyalar yayılıb. Bu məlumatlar arasında həm reallığı əks etdirənlər, həm də qeyri-dəqiq olanlar var.

Son günlər sosial şəbəkələrdə müxtəlif səhifələrin, qrupların və ayrı-ayrı şəxslərin yaydığı bir şəkil də tirajlanır.

“Şanlı əsgərimiz Ağdərədə!!!” şərhi ilə paylaşılan bu şəkildə Azərbaycan xüsusi təyinatlısı “erməni abidəsi” önündə əks olunub. Bu şəkli hətta bəzi xəbər saytları da tirajlayaraq, onun 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri zamanı Ağdərədə çəkildiyini iddia ediblər.

Modern.az saytı sosial şəbəkələrin fenomeninə çevrilən həmin şəkillə bağlı araşdırma apararaq, onun tarixçəsini dəqiqləşdirib.

Məlum olub ki, nə həmin şəklin çəkildiyi məkan Ağdarədir, nə də fotodakı əsgər sağdır. Bir sözlə, bu şəkil 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri zamanı lentə alınmayıb.

Bəs əslində həmin şəkil nə zaman, harada çəkilib, fotoda görüntülənən hərbçi kimdir?

Bir neçə hərbçi ilə həmsöhbət olduqdan sonra bu şəklin 3 il öncə, 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı lentə alındığını dəqiqləşdirdik.

Fotoşəkil şanlı Azərbaycan əsgərinin 3 il öncə Xocavənd ərazisinə girişini əks etdirir.

Konkret məkana gəldikdə, şəkil Xocavənd rayonunun Ağbulaq kəndində (keçmiş Hadrut rayonunun ərazisi-müəllif) qoyulmuş “erməni abidəsi”nin önündə çəkilib.

Ermənilərin Axnakbur adlandırdığı kənddə qoyulmuş həmin “abidə” 2017-ci ilin mayında I Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun məhv etdiyi separatçıların xatirəsinə ucaldılıb. Həmin “abidə”nin açılış mərasimində Qarabağ separatçılarının o vaxtkı başçısı Bako Saakyan şəxsən iştirak etmişdi.

Şəkildəki hərbçi Şuşanın azad olunmasında qəhrəmanlıq göstərmiş xüsusi təyinatlı MAXE Fərhad Məlikzadədir.


Təəssüf ki, Fərhad Məlikzadə 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Qeyd edək ki, Xocavənd rayonunun dağətəyi ərazisində yerləşən Ağbulaq kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

30 işğal dövründə digər yaşayış məntəqələrimiz kimi, Ağbulaq kəndi də erməni vandalizminə məruz qalıb.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu kəndi 16 oktyabr 2020-ci il tarixində düşmən işğalından azad edib.

Fərhad Nadir oğlu Məlikzadə 20 avqust 1997-ci ildə Sabirabad rayonunun Şıx Salahlı kəndində dünyaya göz açıb.

Orta təhsilini 2004-2014-cü illərdə alıb. 2015-ci ildə müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətini bitirdikdən sonra cüdo, güləş, qaydasız döyüş kimi idman növləri ilə məşğul olub, bir çox yarışlarda qalib gəlib. 2018-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) olaraq hərbi xidmətini davam etdirib. O, kurslardan keçdikdən sonra kəşfiyyatçı kimi xidmət edib.

Fərhad Məlikzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Füzuli döyüşlərində düşmən hücumunun qarşısını alarkən yaralanıb və xəstəxanaya yerləşdirilib. Bir neçə günlük müalicədən sonra yenidən döyüş meydanına qayıdıb. Fərhad Məlikzadə 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Şəhidimiz 12 noyabr 2020-ci il tyarixində tarixində torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamlarına əsasən, Fərhad Məlikzadə ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
29.12.2020-ci il tarixli sərəncamlara əsasən isə "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.






Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır