Əvvəlcə şəhid xəbəri gəldi, 3 gün sonra bataqlıq ərazidən yaralı halda tapıldı...
Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi 24 saatdan az davam edən uğurlu antiterror tədbirləri zamanı Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Rəsul Ağayevin hekayəsi hər kəsin marağına səbəb olub. 28 yaşlı zabit əməliyyat zamanı itkin düşüb və ailəsinə şəhid olması barədə xəbər verilib.
Hərbçimizin anası yerli telekanallara açıqlamasında deyib ki, onlara oğlunun minaya düşərək şəhid olması barədə qeyri-rəsmi məlumat verilib. Ancaq qəhrəman əsgərimiz 3 gün sonra ayağından yaralı halda bataqlıq ərazidən tapılıb.
Məlumata görə, döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib geri qayıdan zaman onu qoyduqları yerdə tapmayıblar. Rəsul yaralı halda sürünərək yerini dəyişibmiş...
Hərbçimizin sağ-salamat tapılması ailəsinin sevincinə səbəb olub. Rəsul Ağayevin bacısı Aytac Məmmədova Modern.az-a açıqlamasında qardaşının tapılmasının sevincini sözlərlə izah edə bilməyib.
“Yalan məlumatlar yayılırdı, inanmırdıq. Şəhid olduğunu eşidəndə başımıza toplaşırdılar. Biz hələ də inana bilmirdik. Deyilən hər söz yalan məlumat olaraq çıxırdı. Zəng edib deyirdilər Rəsul Ağayev Bərdədədir. Sonra biri Ağcəbədidə, biri Füzulidə olduğunu deyirdi. Biz bu məlumatları araşdırırdıq, yalan olduğu məlum olurdu.Bizə olduqca pis təsir edirdi. Amma bir ümid gözləyirdik ki, yaxşı xəbər gələcək", - o deyib.
"Yaxşı xəbər gəldi. Çox sevindik. Sadəcə şükür etdik. O hissi izah etmək, ifadə etmək olmur”, - hərbçimizin bacısı əlavə edib.
Qeyd edək ki, Rəsul Ağayevin iki qızı var.