Modern.az

Xocalı qurbanları Modern.az-a DANIŞIR: Səbirsizliklə o günü gözləyirik...

Xocalı qurbanları Modern.az-a DANIŞIR: Səbirsizliklə o günü gözləyirik...

Qarabağ

28 Sentyabr 2023, 11:44

Azərbaycan Ordusunun 19 sentyabr tarixində Qarabağ İqtisadi Rayonunda lokal antiterror tədbirləri toraqlarımız üzərində suverenliyimizin tam bərpası ilə yekunlaşıb. Hələlik rəsmi olaraq açıqlanmasa da, sosial şəbəkələrdə yayılan görüntülərdə Azərbaycan Ordusunun Xocalıya daxil olduğu görünür.

 

Xocalı faciəsi Azərbaycan xalqının ötən əsrdə məruz qaldığı ən dəhşətli hadisələrdən biridir. Ordumuzun şəhərə daxil olması görüntüləri hər bir azərbaycanlı kimi Xocalı sakinlərini də təsirləndirib.

 

Valideynləri Xocalıda şəhid olan Vəsilə Məhərrəmova Modern.az-a açıqlamasında şəhərə qayıtmağı səbirsizliklə gözlədiyini söyləyib:

 

“Böyük məmnuniyyətlə Xocalıya qayıdıram. İstəyirəm ki, daha tez gedək. Səbirsizliklə o günü gözləyirəm. Allah Ordumuza qüvvət versin, Prezidentimizin canını sağ eləsin”.

 

V.Məhərrəmova Xocalıya Azərbaycan Ordusunun daxil olduğunu ilk eşidəndə keçirdiyi hisslər barədə deyib:

 

“Bu xəbəri eşidəndə qarışıq hisslər keçirdim. Həm sevinirəm. Həm də düşünürəm ki, getsəm, kimim var mənim? Kimi tapacam?( həmsöhbətimiz bu yerdə özünü saxlaya bilməyib,ağlayır...) İndi əsas odur ki, sevinc hissi daha çoxdur".

 

Digər bir Xocalı sakini Həmayıl Xəlilova da qayıtmaq istədiyini deyib:

 

“Amma bir şey var ki, ora qayıtsam belə, mənim orada heç kimim yoxdur. Mən oradan ailəmlə çıxmışam. Ancaq indi tək qayıtmalı olacam. Nə atam, nə anam, nə nənəm, nə babam,nə xalam, nə dayım yaşayır.

 

Ora mənim ziyarət yerimdir. Ən azı orada mənim atamın, anamın ayaq izi var.  Mənim orada 5 yaşa qədər xatirəm olub. Əlbəttə ki, bəlkə də, çoxusuna gülməli gələr ki, 5 yaşında uşağın ağlında nə qalar? Məni ora aparsalar, öz evimizi, baba evlərimizin harada olduğunu deyərəm”.

 

 

H. Xəlilova Xocalıya Azərbaycan Ordusunun daxil olma xəbərini ilk eşitdikdə buna inana bilmədiyini qeyd edib:

 

“Mən bu məlumatı saytlardan oxudum. Dəqiq olduğuna inana bilmirdim. Çünki ərazilərin alınması ilə bağlı həmişə Prezidentimiz özü şəxsən çıxış edib, tvit yazıb məlumat verərdi. Prezidentimizin bu barədə tvitini gözləyirdim. Bizim gözümüzdən sevinc göz yaşı axar. Prezidentin çıxışı olmadığına görə, Xocalıya Ordumuzun girməsi ilə bağlı cümləni dəfələrlə, oxudum.  Daha  sonra Xocalı sakinlərinin öz vatsap qrupularında, eləcə də digər səhifələrdə də paylaşımları gördüm. Dedim ki, “şəhid şəhərim sənə geri dönməyə hazıram”.

 

Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov Xocalıya getməyi çox istədiyini vurğulayıb:

 

“Bu gün belə aparsalar, Xocalıya qayıtmağa hazıram. Bura bizim ata yurdumuzdur. Qayıtmasaq, bu qədər şəhid və qazilərimizə haqsızlıq etmiş olarıq”.

 

Milli Qəhrəmanın oğlu antiterror tədbirləri barədə də danışıb:

 

“Antiterror tədbirlərini yüksək səviyyədə qiymətləndirirəm. Allah Ali Baş Komandanın Allah canını sağ eləsin. O, həmişə deyirdi ki, “mən nəyi, nə vaxt edəcəyimi yaxşı bilirəm”.  Artıq Xocalı da azaddır. Qarabağ Azərbaycanın öz torpağıdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu