Qarabağda sonuncu dəfə 149 min erməni 1989-cu ildə yaşayıb. Ondan sonra Ermənistanın apardığı işğalçılıq müharibəsi nəticəsində oradan köç başlayıb. 2020-ci ilin 27 sentyabrında isə Qarabağda artıq 60 min civarında erməni qalmışdı. Hətta işğal illərində erməni hüquq müdafiəçiləri özləri qeyd edirdilər ki, Köçəryan-Sarkisyan rejiminin siyasəti nəticəsində Ermənistan da, Qarabağ da boşalır.
2020-ci ilin 14 noyabrından başlayaraq, Rusiya sülhməramlıları ermənilərin Qarabağa köçürülüb yerləşdirilməsi prosesinə başlayıb. Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Qarabağa 52 min 700 erməni yerləşdirilib.
Bunun ardınca isə erməni rəsmilər açıqlama verib ki, bəzi erməni ailələr Qarabağda yaşamaq istəmir və onlar geri qayıdıblar, Xankəndidəki keçmiş separatçı-terrorçu rejimin rəhbəri olmuş Arayik Arutyunyan ötən ilin sentyabr ayında bildirib ki, həmin vaxt Qarabağda ümumilikdə 35 minə yaxın erməni yaşayır.
Şuşa-Xankəndi yolu bağlanandan sonra iki bu rəqəm birdən-birə artırılaraq 120 min edilib.
Şişirdilmiş rəqəmləri bir kənara qoysaq, görərik ki, Qarabağda yaşayan ermənilərin çoxu yerli sakin deyil. Onların bir qismi xaricdən Qarabağa gətirilən ermənilərdir. Hətta bununla bağlı faktlar da var. ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal edilmiş ərazilərində süni məskunlaşdırılan (xaricdən və Ermənistandan gətirilən) ermənilərlə bağlı araşdırma apararkən bu rəqəmlərin yüksək olduğunu hesabatlarında qeyd edib. Amma buna baxmayaraq heç bir qarşılayıcı tədbirlər görülməyib.
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev Modern.az-a bildirib ki, 2004, 2005-ci illərdə ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal edilmiş ərazilərində apardığı araşdırmalarda qanun pozuntuları ilə bağlı məlumat verib:
"Amma hər hansı bir addımın atılmadığının şahidi olmuşuq. Biz buna öz etirazımızı bildirmişik. Öncə bildirim ki, işğal olunmuş ərazilərdə qanunsuz olaraq insanların yerləşdirilməsi müharibə cinayəti sayılır. Bu, beynəlxalq humanitar qanunlarla birmənalı şəkildə qadağan olunur. Amma artıq biz bu məsələləri həll etmişik. Demək olar ki, Azərbaycan özü beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edib.
Bu gün görürük ki, Qarabağın erməni sakinləri qondarma rejim ləğv olunduqdan sonra ərazini tərk etməyə başlayıblar.
Bu proses təəssüflər olsun ki, bir çox qərəzli media orqanları tərəfindən yanlış olaraq dəyərləndirilir. Çünki Qarabağda ermənilərin yaşaması üçün hər bir tədbirlər görülür. Onlara Azərbaycan Konstitusiyası çərçivəsində təhlükəsizlik zəmanətləri verilir.
Bunu da qeyd edək ki, bütün ermənilər Qarabağı tərk etmir. Onların bir hissəsi Azərbaycan qanunlarını qəbul etməyərək gedir və biz onları saxlaya bilmərik. İnsanlar istədiyi yerdə yaşaya bilərlər. İkinci hissə xarici vətəndaşlığı olan şəxslərdir. Hansı ki onlar Rusiya, Ermənistan və ya digər ölkə vətəndaşlarıdır.
Üçüncü qrup insanlar isə situasiyaya uyğun olaraq emosianal davrananlardır. Aparılan sorğulardan da bəlli olur ki, onlar geri qayıtmaq niyyətindədirlər. Bütün bunlar göstərir ki, “etnik təmizləmə” ilə bağlı aparılanm təbliğat əsassızdır.
"Etnik təmizləmə" aparan ölkənin polisi, ordusu necə ola bilər ki, ermənilərə kömək etsin? Gedən ermənilər müsahibə verərkən razılıq edirlər, görürük ki, necə gülə-gülə ərazini tərk edirlər. Dünyada belə bir "etnik təmizləmə" nümunəsi yoxdur, sadəcə gülməli hadisədir.
Bununla bağlı da ATƏT PA-nın prezidenti ilə son həftədə iki dəfə danışıqlar aparmışıq.
ATƏT PA-da Cənubi Qafqazda son vəziyyətlə bağlı büro iclası çağırılıb.
Orada biz Azərbaycanın mövqeyini çatdıracağıq. Onu da bildirək ki, heç bir ölkənin, beynəlxalq təşkilatın Azərbaycanı nədəsə qınamaq haqqı yoxdur. Azərbaycan o ölkələrdəndir ki, 30 il işğalın qurbanı olub. Hələ də Ermənistan tərəfinin basdırdığı minalara görə Azərbaycan vətəndaşları həlak olur. Bununla bağlı bir dəfə də olsun ayrıca iclas çağırılmayıb və ya qərar qəbul olunmayıb.
Son olaraq isə bildirim ki, Azərbaycan dünyada separatizmə necə son qoyulmasının nümunəsini göstərir. ATƏT-ə üzv olan ölkələr Azərbaycana hələ təşəkkür etməlidir ki, dünyada separatizmə qalib gəldi, yol açdı. Dünya ölkələri arasında bu halla qarşılaşanlar Azərbaycan tərəfinin təcrübəsindən istifadə edə bilərlər”.