Modern.az

Vətən həsrəti Ahıska türklərini üzür

Vətən həsrəti  Ahıska türklərini üzür

15 Aprel 2010, 20:20

1944-cü ildə sovet diktatoru İosif Stalin tərəfindən Gürcütanın Cavaxetiya bölgəsindən Orta Asiya çöllərinə sürgün olunmuş Ahıska türkləri vətənə dönmək istəyir. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, ahıska türklərini bir araya gətirən  Sürgün Olunmuş Ahıska Türklərinin Müdafiəsi Komitəsi bəyanat verib. Komitənin rəhbəri Paşa Alişanın yazılı bəyanatında qeyd olunur ki, Ahıska türkləri vətənlərinə dönərək tarixi torpaqlarına sahib çıxmaq istəyirlər.

 

Bəyanatda qeyd olunur ki, Ahıska türkləri 1944-cü ildə  keçmiş sovet dönəmində haqsız yerə əsirlərlə yaşadıqları torpaqlardan silah gücü ilə Orta Asiya çöllərinə sürgün olunub və hələ də onlar aryı-ayrı ölkələrdə sürgün həyatı yaşamaqda davam edirlər.  Alişan Türkiyədə yaşayan Ahıska türklərinin özlərini şanslı hesab etdiklərini  bildirib. O Ahıska  türklərinin 9 ölkəyə səpələndiyini və onların çoxunun daha ağır şəraitdə yaşadıqlarını qeyd edir.

Onun sözlərinə görə, Türkiyədə 70 min Ahıska türkü yaşayır. Onlardan 40 mini təkcə Bursada məskunlaşıb.

 

“Ahıska torpaqları Gürcüstan ərazisindədir. Sürgündən sonra 1957-ci ildən başlayaraq  vətənə dönüş mücadiləsi tam 47 ildir ki, davam edir. Ahıskalılar hələ də tam 9 ölkədə səfil həyatı yaşayır. Onların problemləri Avropa Şurası Parlament Assambleyasında müzakirə olunub. Ahıskalıların problemlərinin həlli məsələsi bəzi türk parlamentariləri tərəfindən AŞ PA-ya daşındı. Bu təzyiqlərdən sonra Gürcüstan 1999-cu ildə beynəlxalq arenada ahıskalıların tarixi

vətənlərinə  dönüşünü təmin edəcəyinə dair vermiş olduğu vədləri yalnız 2007-ci ildə xatırladı. AŞ PA-da qəbul olunan qərarlar ahıska türklərinin vətənə dönüşü ümidlərini bir az da artırdı. Ahıskalıların 300-ə yaxın məktubu Gürcüstanın Ankaradakı səfirliyinə təqdim olunub. Lakin bu vaxta qədər gürcülər ahıskalılara bir cavab verməyib. Gürcüstan hakimiyyəti çeşidli bəhanələr gətirərək ahıska  türklərinin vətənə dönüşünü təmin etməkdən qaçır. 

Vətənimizə geri dönərək torpaqlarımıza sahib olmaq istəyirik. Keçmişdə mücadilə vermiş vətən torpaqlarına geri dönməyi bacara bilməyən ata və babalarımızın ruhunu şad etmək istəyirik. Bu məsələdə türk hökumətindən dəstək istəyirik. Biz mədəniyyətimizi, adətlərimizi, özümüzü qorumaq, illərdir  həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşmaq istəyirik”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi