Modern.az

Qətnamələri icra edilməyən BMT 30 ildən sonra Qarabağda - Niyə məhz indi...

Qətnamələri icra edilməyən BMT 30 ildən sonra Qarabağda - Niyə məhz indi...

Qarabağ

2 Oktyabr 2023, 17:30

Azərbaycan ordusunun ötən ay həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyası Qarabağa səfər edib. Missiyanın üzvləri Ağdamdan keçərək Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Qrupun tərkibinə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxildir.

 

30 ildən sonra baş tutan səfər Azərbaycanın BMT-nin qətnamələrini öz gücü hesabına tam həyata keçirdiyi bir vaxtda təsadüf edir. BMT nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar. Təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri Xankəndi-Laçın yolunda olublar və Laçın sərhəd-keçid məntəqəsini müşahidə ediblər.

 

Prezident İlham Əliyev də bu gün Bakıdakı çıxışı zamanı BMT-nin yerinə yetirilməyən qətnamələri barədə danışıb. Dölətimizin başçısı təəssüflə vurğulayıb ki, münaqişəyə son qoymalı olan beynəlxalq təşkilatlar bu istiqamətdə heç bir nəticə əldə etmədilər: “BMT-nin dörd qətnaməsi Ermənistan qoşunlarının ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik”.

 

Bəs, Azərbaycanın qələbəsindən sonra BMT-nin missiyasının regiona burxılması necə dəyərləndirilməlidir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 30 ildən sonra da  olsa, əraziyə gələn BMT missiyasının məsələləri obyektiv qiymətləndirəcəyinə inandığını söyləyib:

 

“Onların məsələlərə obyektiv qiymət verəcəklərini güman edirəm. Bildiyimə görə, erməni əhalisinə qarşı təzyiq göstərilmədiyi ilə bağlı rəy veriblər. Çox yaxşı haldır. 30 ildən sonra, nəhayət ki, regiona gəlib qiymətlərini verdilər. Lakin sual olunmalıdır ki, niyə 30 il ərzində onlar belə səfər etməyiblər? Ermənistandan 1 milyon qaçqın və köçkünümüz olduqda gəlib vəziyyəti qiymətləndirmədilər. Harada idilər? İşğal dövründə də gəlmədilər. Ermənilərin işğalçılıq siyasətini pisləmədilər.Ermənistana heç bir təzyiq və ya sanksiya tətbiq edilmədi. Təəssüf edirəm ki, BMT və başqa təşkilatlar səviyyəsində ikili standartlar olub. Hər halda  30 ildən sonra gəliblərsə də, yenə yaxşıdır. Gəliblər, obyektiv qiymət versinlər”.

Komitə sədri vurğulayıb ki, BMT TŞ heç olmasa, qəbul etdiyi 4 qətnamənin icra edilib-edilmədiyi ilə maraqlanmalıydı:

 

"Ermənistana Azərbaycan ərazilərindən qoşunlarını çəkmədiyinə görə irad bildirməliydilər. Onlar BMT TŞ-nin qətnamələrini icrası ilə maraqlanmalı idilər, ancaq maraqlanmadılar. Bu qətnamələr Ermənistan tərəfindən həll olunmadı. Biz məcbur qalıb, özümüz diplomatik, hərbi yolla özümüz məsələni həll etdik. Mina terroru, müharibə zamanı bizim dinc şəhərlərimizin, mülki vətəndaşlarımızın atəşə tutulması ilə bağlı nümayəndə heyətinə məlumat verilib. İstiyərdik ki, bu barədə də fikir bildirsinlər".

 

Deputat söyləyib ki, BMT-nin qəbul etdiyi qətnamələri də, üçtərəfli bəyanatın müddəalarını da Azərbaycan həyata keçirib:

 

"Hansısa qəbul edilən qərarın icrasını özümüzün həyata keçirməyimiz elə bil bəxtimizə yazılıb. BMT-nin 4 qətnaməsini özümüz yerinə yetirdik. 2020-ci ilin 10 noyabr imzalanmış üçtərəfli bəyanatın 4-cü maddəsində erməni qeyri-qanuni silahlı birləşmələrinin ərazini tərk etməsi qeyd olunmuşdu. O da Ermənistan tərəfindən yerinə yetirilmədi. Onu da biz özümüz diplomatik, hərbi gücümüzlə həll etdik. Belə çıxır ki, bağlanan  beynəlxalq müqavilələr yerinə yetirilmir. Əgər yerinə yetirilmirsə, niyə həmin  qətnaməni, bəyanatın müddəalarını həyata keçirməyən dövlətə sanksiyalar tətbiq olunmur. Bu ikili standartlar nə vaxta qədər davam edəcək?Onların əraziyə gəlməsi Azərbaycanın yaratdığı yeni reallıqla bağlıdır. Cənab Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində də buna toxundu. Dövlətimizin başçısı dedi ki, biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik".

 

Politoloq Natiq Miri isə BMT missiyasının son səfərinin ciddiyə alınmamalı olduğunu düşünür:

 

"BMT-də əsas hegemon güc xristian dünyasıdır. Hələ də xristian dünyası türk-müsəlman dövləti olan Azərbaycanın qələbəsini həzm edə bilmir. Yenə də, hər vəchlə gələcəkdə Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaq, mümkün olarsa, separatçılığı cücərtmək məqsədi daşıyırlar. Bunlar hamısı bəhanələrdir. Xocalıdan azərbaycanlıların çıxması faciəsi və  Qarabağdan ermənilərin getməsi ilə bağlı videolara baxıb, müqayisə etsələr, bütün suallara cavab tapa bilərlər. Amma bunu görmək istəyən yoxdur.Ona görə də, bu məsələlərə ciddi baxmaq lazım deyil. Bundan sonra heç onları bu ərazilərə buraxmağa ehtiyac yoxdur".

Politoloq  vurğulayıb ki, Azərbaycan əməkdaşlığa hazır olduğunu göstərmək üçün belə səfərlərə imkan verir:

 

"Qiymətləndirmələri obyektiv etməkdən başqa yolları yoxdur. Əks-təqdirdə ümumiyyətlə, Azərbaycana buraxılmayacaqlar. BMT TŞ-nin 4 qətnaməsi 30 ilə yaxın icra olunmadı. Cırtddan Ermənistan dünya güclərinin qəbul etdiyi qətnamələri icra etmədilər. Nəsə olmayacaq.  Azərbaycan özünü sığortalamaq, bir də əməkdaşlığa hazır olduğunu nümayiş etdirmək üçün bu addımların atılmasına imkan verir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu