Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli “Şöhrət” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev Sərəncamına əsasən o, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə təltif olunub.
Teymur Kərimli təltif olunması ilə bağlı Modern.az-a danışıb.
O saytımıza açıqlamasında Prezident İlham Əliyevə təşəkkür edib.
“Bir az əvvəl eşitmişəm, sevincdən özümü itirmişəm. Cənab prezidentə təşəkkür məktubu hazırlayıram. Bizim elmimizə, ədəbiyyatımıza yüksək qiymətə görə çox minnətdaram. İşinin belə çətin dövründə, belə mürəkkəb zamanda, qələbə qazandığımız bir vaxtda bizim elmimizə diqqət ayrıdığına görə prezidentimizə ürəkdən minnətdaram. Dövlətimizin, xalqımızın, millətimizin inkişafı üçün bundan sonra da üzərimə qoyulan bu böyük məsuliyyəti şübhəsiz ki, yerinə yetirməyə çalışacam", - Teymur Kərimli deyib.
Şərqşünas alim Əlyazmalar İnstitundakı fəaliyyətindən də danışıb.
"Bizim çox əlyazmamız var ki, hələ onları geniş elmi-ictimaiyyətə çatdıra bilməmişik. Bundan sonra yəqin ki, qüvvəmizi ikiqat artırmalı olacağıq. Zəngin, böyük mədəni irsimizi dünya xalqlarına da çatdırmaq istəyirik”.
Qeyd edək ki, Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Ordubad rayonunun Nürgüd kəndində anadan olub. O, 2014-cü ildən isə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktorudur, həmçinin AMEA-nın həqiqi üzvüdür.