Modern.az

Cəbrayıldan başlayan QƏLƏBƏ

Cəbrayıldan başlayan QƏLƏBƏ

4 Oktyabr 2023, 09:40

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.

 

Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq, bir daha qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi.

 

Ermənilər Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

 

1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci cəbrayıllılara, bütün xalqımıza bəxş edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, xalqımızın bütün igid, qəhrəman əsgər və zabitlərinə ürəkdən təşəkkür edirik. İnanırıq ki, tezliklə həyat öz axarına düşəcək, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdaraq yenidən xoşbəxt, firavan həyat sürəcəkdir.

 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayılda böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Cəbrayıllılar Prezident İlham Əliyevin Cəbrayıla səfər zamanı onun ictimaiyyət nümayəndələri ilə görüşünü yaxşı xatırlayırlar.

 

Səfər çərçivəsində Prezident İlham Əliyev “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində, “Cəbrayıl” yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Bundan başqa Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyulub. Sentyabrın 28-də cənab prezident Cəbrayıl şəhərində inzibati binanın təməlini qoydu, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış oldu, “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etdi.

 

Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə Cəbrayıl eləcə də işğaldan azad olunmuş digər rayonlarımız dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada