Modern.az

Rəsul Quliyev İbrahimbəyovun namizədliyinin sirrini açıqladı

Rəsul Quliyev İbrahimbəyovun namizədliyinin sirrini açıqladı

Ölkə

23 Avqust 2013, 11:20

“İbrahimbəyov ABŞ konqresmenlərinin xahişi ilə namizəd seçilib”

“Milli Şurada seçki ilə əlaqədar ciddi müzakirə belə aparılmırdı, ancaq iyunun axırında ABŞ konqresmenlərinin xahişi ilə vahid namizəd seçildi”. Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Şuranın üzvü, eks-spiker Rəsul Quliyev bildirib. Sabiq parlament sədri Milli Şuranın uğur qazanmayacağına ilk gündən əmin olduğunu deyib. R. Quliyev həmçinin bəyan edib ki, Milli Şuranın vahid namizədi ABŞ konqresmenlərinin xahişi ilə seçilib.

“Əvvəl MŞ-nın yaranma tarixinə baxaq. İdeya yeni deyil, təqribən axırıncı son 100 ildə 2 dəfə Milli Şura yaradılmışdı və necə işlədiyi də məlum idi. Ona görə 7 ay bundan öncə 50 üzvündən ibarət Milli Şura yaratmaq ideyası ortaya atılanda bir çoxları və o cümlədən mən bu qədər çox saylı idarəedilməz bir təşkilat olacaq skeptik düşünənlərdən biri idim.

İlk gündən prezident seçkisini bütün variantlarda udmaq məqsədi əvəzinə nəyin bahasına olursa olsun Milli Şura yaratmaq ideyası 4 ay müddətində 3 təşkilatın apardığı (Müsavat, Xalq Cəbhəsi, “El” hərəkatı) ‘’gərgin’’ danışıqlardan sonra nəhayət ki, MŞ-nı yaratmaq reallaşdı. Belə bir qurumun, xüsusilə Azərbaycanda işləyən qurum ola bilməyəcəyini gərək hər bir şəxs anlayardı. 10-15 nəfərdən ibarət idarə heyəti və ya buna bənzər orqanın yaradılması təşəbbüsü taran edildi, şəxsi və qrup maraqları üstünlük təşkil etdiyi Milli Şurada seçki ilə əlaqədar heç bir ciddi müzakirə aparılmadı, ancaq İyunun axırında nəhayət ABŞ konqresmenlərinin xahişi ilə vahid namizəd seçildi”.

R. Quliyev daha sonra Milli Şuranın alternativ namizəd məsələsinə və Cəmil Həsənli ilə bağlı səslənən təkliflərə münasibət bildirib. Onun sözlərinə görə, bir çox siyasətçilər hiyləgərlik edərək Cəmil Həsənlini siyasi qalmaqalları naminə qurban vermək istəyirlər.

“Bu məntiqi ideyadan narahat olan Milli Şuranın bəzi üzvləri tələm-tələsik ehtiyat namizəd ideyasını irəli atdılar. Ehtiyat namizəd kimi hörmətli tarixçi alim Cəmil müəllimin adını hallandırmağa başladılar. Ehtiyat namizəd uğrunda canfəşanlıq edənlərin məqsədi nədir, prezident seçkilərində qələbə çalmaq, fikirləşirəm ki, psixi xəstəxanaların müştəriləri arasında da buna inanan tapılmaz.
Aydın məsələdir ki, nə Azərbaycanın daxilində, nə də xaricdə müxalifətçi lider kimi yox, sadəcə olaraq tarixçi alim kimi tanınan hörmətli Cəmil müəllimi özlərinin siyasi arenada qalmaqları naminə qurbanlıq kimi seçmiş şəxslər düzgün yolda deyillər. Düşünürlər ki, İbrahimbəyov bizləri dezinformasiya etməklə uzun müddət vaxtımızı apardı”-deyə R. Quliyev vurğulayıb.

Eks-spiker hesab edir ki, REAL hərəkatının lideri İlqar Məmmədov sentyabrın 15-dək həbsdən azad ediləcək, onun namizədliyi irəli sürüləcək.

“Azərbaycanda proses hansı ssenari ilə davam edəcək? Ehtiyat namizəd statusu verilən kimi, əsas namizədin qeydiyyat üçün aparacağı mübarizənin üzərindən demək olar ki, xətt çəkiləcək. Azərbaycanda demokratik seçkilərə sözün əsl mənasında dəstək vermək istəyən ABŞ və Avropa ittifaqının tək müxalifətə yox, bütövlüklə Azərbaycan xalqına münasibəti bədbinləşəcək. Belə əlverişli şərait üçün çalışan hökumət çox ehtimal İlqar Məmmədovun qeydiyyat məsələsini həll edəcək və onu bir namizəd kimi sentyabrın 15-nə qədər həbsdən azad edəcək. Məmmədov Azərbaycan siyasətində ən qəribə fiquradır. Ölkədə onu heç kim tanımır, ancaq xaricdə, həm ABŞ, həm də Avropa İttifaqında çox yaxşı tanıyırlar, deməli onların diqqəti Məmmədova yönəldiləcək. Cəmil müəllimi istəsələr qeydiyyatdan keçirəcəklər, istəməsələr yox. Çünki onunla müqayisədə İlqar Məmmədov beynəlxalq aləmdə əsl müxalifət hesab olunur”.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi