Modern.az

"Rezonans"ın əks-sədası və ya qatil qadının “jurnalistliyi”

"Rezonans"ın əks-sədası və ya qatil qadının “jurnalistliyi”

23 Avqust 2013, 16:09

İlham Soltanov

AMEA-nın Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun elmi işçisi

Bu yaxınlarda  daha dəqiq qeyd etsəm 19 avqust tarixində axşam saatlarında Azərbaycan telekanallarını izləmək qərarına gəldim. Kanalları dəyişən zaman Xəzər televiziyasında  nümayiş etdirilən bir veriliş marağıma səbəb oldu. Veriliş zamanı bəlli oldu ki, bu proqram  azadlıqdan məhkum olunan insanlar haqqındadır. Yəni islah əmək müəssisələrində cəza çəkən insanlardan söhbət gedir. Proqramın adı “Rezonans” idi. Proqram islah əmək müəssisəsində hazırlanmışdı.

Əvvəlcədən qeyd edim ki, həyatda heç kim ora düşməkdən sığortalanmayıb. Və belə bir proqramın hazırlanması da müsbət qiymətləndirilməlidir. Belə ki bəzi insanlar  heç nədən (zarafat, ehtiyatsızlıq) və  s. cinayət törədirlər və illərlə ömürlərinin ən dəyərli zamanlarını həbsxana divarları  arasında yaşamalı olurlar. Bu baxımdan belə maarifləndirmə verilişlərinin verilməsi yeni törədiləcək cinayətlərin qarşısının alınmasında  əsas vasitələrdən biridir.

Qayıdaq verilişə. Mən verilişə baxanda artıq o başlamışdı. Bir məhkumun toyu olan gün öz qardaşını qətlə yetirməsi süjetini izlədim. Sonra cəzaçəkmə müəssisəsinin həyətində iki qadın nümayiş etdirildiyini, birinin əlində  sənədlər qovluğunun olduğunu göstərdilər. Onlar həyət boyu hərəkət etdilər. Sonra stol arxasında əyləşib  biri digərindən müsahibə götürməyə başladı.

Mən əvvəl elə bildim müsahibə götürən jurnalistdir. Bir qədər sonra onun adının Nəsibə Abdullayeva və adının altından 13 il iş yazıldığını oxuduqda dəhşətə gəldim. Səbəbini qeyd edəcəm. Məhkum “jurnalist” öz müsahibinə belə bir sual verir: “Sən haradansan və ailə vəziyyəti barədə danış”.

Müsahibə  verən isə cavabında özünün Lənkərandan və  bir qızı olduğunu, həmçinin ərindən boşandığını söyləyir.

“Jurnalist ” yeni sual verir: “Sən necə oldu ki bura düşdün”.

- O  isə İrandan alış veriş üçün mal gətirən zaman yol yoldaşının onun yükünü götürməsini  xahiş etdiyini və həmin yükün içərisində narkotikanın olmasından xəbərsiz olmasını və beləcə bura düşməsini söyləyirdi və s.

Mən oxuculara verilişi axıra qədər xatırlatmaq istəmirəm. Bu zamana qədər məni fikir bürüdü ki, mən bu “jurnalisti” haradasa görmüşəm. Sonra yadıma düşdü ki ANS telekanalında cihayət işi verilişində onun və ərinin törətdiyi cinayət hadisəsi ilə bağlı süjet hazırlanmışdı. Oxucuların nəzərinə çatdırım ki, həmin Nəsibə Abdullayeva öz rəfiqəsinin pulunu,  əmlakını  ələ kecirmiş, sonra onu əri ilə bilrlikdə amansızlıqla qətlə yetirməkləri bir yana qalsın, hələ ananın qanlı paltarlarını və döşəmədəki qan izlərini mərhumun azyaşlı qızına təmizlətmişlər. Cinayət əməli bir müddət açılmamış qalsa da sonradan qətlə yetirilən xanımın boşandığı həyat yoldaşı tərəfindən şikayət edilmiş, qızına verilmiş işgəncələr aşkar olunmuş və qətli törədənlər aparılmış istintaq nəticəsində öz layiqli cəzalarını almışlar. Yəqin ki oxucular da bu hadisə haqqında kütləvi informasiya vasitələrindən tanış olmuşlar. Həmin vaxt sözügedən hadisə verilişin adı kimi cəmiyyətdə sözün həqiqi mənasında rezonans doğurmuşdur.

Proqrama bundan sonra baxmadım. Bərk hirsləndim. İstədim televizoru sındırım, acığımı ondan çıxım. Görəsən məhkum Nəsibə Abdullayeva öz müsahibinə “sən nə səbəbdən bura düşmüsən sualını” verəndə özü hansı hissləri keçirib. Özü bu suala necə cavab verərdi. Deyərdimi ki “etibardan sui-istifadə etmişəm, özgənin pulunu, əmlakını mənimsəmişəm, özünü qətlə yetirmişəm. Azyaşlı qızına olmazın əzabın vermişəm” və s.

Xarici görünüşündən belə görünürdü ki, onun günü “içəridə” pis deyil və həyatından narazı adama oxşamırdı. Mənə elə gəlir ki, təqsirləndirilən şəxslərə cəza ona görə verilir ki o islah olunsun. Bu kimi məhkumlar layiqli cəzalarını alsınlar. Yoxsa hansısa layihə əsasında əllərinə mikrofon verilməsin. Görəsən anası Nəsibə tərəfindən qətlə yetirilən qız onu mavi ekranda jurnalist peşəsini yerinə yetirdiyini görübsə o nə fikirləşib. Yəqin fikirləşər ki, budurmu dövlətin anamın qatilinə verdiyi cəza. Mənə elə gəlir ki Ədliyyə Nazirliyinin cəzaların icrasına nəzarət üzrə müfəttişlik də öz üzərinə düşən işi yerinə yetirməlidir ki, cinayətkar öz layiqli cəzasını alsın. Yoxsa ağır cinayət törədən  daha yüngül cinayət törədəni sorğu-sual edib özünü qəhrəman kimi nümayiş etdirməsin.

Layihəni müəlliflərinə bəzi iradlarımı da qeyd etmək istəyirəm.

Əgər bu maarifləndirmə proqramıdırsa onu peşəkar jurnalist hazırlamalıdır.

Heç bir mənəvi-əxlaqi və hüquqi haqqı olmayan kimsənin ixtiyarına mikrofon verilə bilməz.

Telekanal rəhbərliyi də belə həssas proqramların hazırlanmasında diqqətli olmalıdır.

P.S. Nəsibə Abdullayevanın qətlə yetirdiyi şəxslə mənim qohumluğum və tanışlığım olmayıb. Sadəcə qətlə yetirilənin və onun qızının  halına acımağım məni narahat etdiyi üçün bu yazını yazdım. Əgər vətəndaş cəmiyyəti qururuqsa bizi narahat edən problemlərlə rastlaşanda öz vətəndaş mövqeyimizi ortaya qoymalıyıq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi