Modern.az

YAP-dan Milli Şuranın yeni namizədinə REAKSİYA: “İstəyir Cəmil yox, lap Məmməd olsun”

YAP-dan Milli Şuranın yeni namizədinə REAKSİYA: “İstəyir Cəmil yox, lap Məmməd olsun”

Ölkə

23 Avqust 2013, 18:29

Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri professor Cəmil Həsənlinin Milli Şuranın prezidentliyə ehtiyat namizədi seçilməsinə münasibət bildiriblər. Partiyanın icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında Cəmil Həsənlinin namizədliyinə toxunub. YAP funksioneri yenə atmacasından qalmayaraq bildirib ki, Milli Şura prezident seçkilərinə deyil, bələdiyyə seçkilərinə hazırlıq görsün:

“Onlar gərək Rüstəm İbrahimbəyovun namizədliyini ləğv edərək Cəmil Həsənlinin namizədliyini irəli sürsünlər. Kimliyindən asılı olaraq, biz heç kimi özümüzə rəqib görmürük. Yaxşı olar ki, onlar namizədlərini bələdiyyə seçkilərinə müəyyənləşdirsinlər”.

YAP-ın qurucularından olan millət vəkili Eldar İbrahimov da Cəmil Həsənlinin namizəd olmasından narahat deyil. Deputat qeyd edib ki, Milli Şura kimi istəyir namizəd versin, onsuz da seçkilərdə məğlub olacaq.

“Milli Şuranın 2 yox, lap 20 namizədi olsun. Bizim namizədimiz cənab İlham Əliyevin alternativi yoxdur. Cəmil Həsənli də namizədliyini irəli sürür, sürsün. Biz buna qəti narahat deyilik. Biz əminik ki, İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının namizədi yox, bütövlükdə Azərbaycan xalqının namizədidir. Bizim üçün önəmli deyil Milli Şuradan namizəd  Cəmil Həsənlidir, Əlidir, ya Məmməddir”-deyə YAP rəsmisi qeyd edib.

Qeyd edək ki, Milli Şuranın bu gün keçirilən gərgin sessiyasında professor Cəmil Həsənli səsvermə ilə qurumun prezidentliyə ehtiyat vahid namizədi seçilib.

Cəmil Həsənli 1952-ci ildə Biləsuvarda anadan olub. Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. 20-dən çox kitabın müəllifidir.

1993-cü ildə (aprel-sentyabr) Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. Ziyalılar Forumunun üzvüdür.

2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.

Rus və ingilis dillərini bilir.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi