Modern.az

Mina xanım deyirdi ki, “kişi üçün “ehtiyat aerodrom” vacibdir”

Mina xanım deyirdi ki, “kişi üçün “ehtiyat aerodrom” vacibdir”

Ölkə

24 Avqust 2013, 11:02

Maşınımın beş  təkəri var. Dördü hər gün üstündədir. Biri ehtiyatda. Mıx batsa, dəyişdirirəm. Mənzil başına, ya da ustaya çatmaq üçün.

Maşınımın iki açarı var. Birdən biri itsə, ya sınsa ehtiyat açardan istifadə edirəm.

Bağda qalıram. Qazımız yaxşı gəlir. Qonşular məsləhət gördü ki, balon qazı da al. Soruşdum ki, “Niyə?”. Dedilər ki, ehtiyata. Qaz kəsilsə, balondan istifadə elə.

İşığımız da yaxşı yanır. Amma qonşular dedilər ki, generator da al. Ehtiyata. Elektrik enerjisi kəsilsə, işə sal,... işığın olsun.

Qonşular dedilər ki, böyük su çəni tikdir. Ehtiyata... suyun kəsilsə, susuz qalmayasan. Maşınla su alasan.

Sovet vaxtı Mina adlı bir iş yoldaşım vardı. Məsləhət verirdi ki, “Mahir, “ehtiyat aerodrom”un olsun. Kişi üçün ehtiyat aerodrom vacibdir”.  Soruşurdum ki, “o nə deməkdir, ay Mina xanım?”. Deyirdi ki, “bax Mahir, mən ərimdən boşanmışam. Üzümə qırmızı-qırmızı deyir ki, mənim getməyə yerim yoxdur. Mən də məcbur oldum kirayə ev tutdum.  Veş-meşimi yığışdırıb evdən çıxdım. Mən kişi oldum, o isə...  İndi cavansan. Ehtiyatını da indidən gör. Birdən arvad səni boğaza yığsa, ayrılmalı olsan çemodanını yığışdırıb getməyə yerin olsun. Bir “aeroport”dan uçub, o birinə qonasan”.

Güləşçi şagirdlərinə bütün fəndləri öyrədir. Birindən başqa. Onu ehtiyata saxlayır. Birdən şagirdi onu bassa, fəndi işlədib  qalib gəlmək üçün.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından üzüağ çıxanlar 10 dənə ixtisas yazır. Birinə ürəyi istəyir, doqquzun isə ehtiyata yazır. “Ola bilməz ki, doqquzundan birinə balım uyğun gəlməyəcək?”- deyərək.

Sovet vaxtı nazir təyin edəndə, müavin ya rus, olurdu, ya da erməni. Niyə? Ehtiyata. Birdən azərbaycanlı nazir həddini aşsa, xəbər versin, “ipini dartsın”.

Ata qızını bulağa göndərir. Qız qapıdan çıxmamış şilləni qoyur qulağının dibinə. Uşaq soruşanda ki, “Ata, niyə vurdun?”. Deyir ki, “ay bala, hər ehtiyata vurdum ki, kuzəni sındırmayasan. Sındırandan sonra çifayda?!”.

Cavan zabitləri ordudan ehtiyata buraxırlar. Lazım olanda həmən xidmətə çağırmaq üçün.

Futbol və digər idman növlərində ehtiyata oyunçular olur. Biri zədələnəndə, ya cəzalı olanda yerinə ehtiyat oyunçunu buraxırlar.

Misallar çoxdur. Hamısını yazıb başınızı ağrıtmaq istəmirəm. Hamısında əsaslar var. Ehtiyatda olanlar ikincidir, daha dəqiq desək ikinci dərəcəlidir. 

Bir şeyi səhərdən ayırd etmək istəyirəm. Cəmil Həsənli Milli Şuranın ehtiyat namizədidir, yoxsa real? Məncə Cəmil müəllimə “ehtiyat namizəd” kəlməsi yaraşmır.

Ali təhsil ocaqlarında iki cür təhsil növü var. Əyani və qiyabi. Cəmil müəllim  əyani namizəddir, Rüstəm İbrahimbəyovsa “Milli Şura institutunun qiyabi rektoru”.

Yemək - içmək məclislərində tez-tez eşitdiyimiz, əttökən, “dejurnı” bir sağlıq növü var. Deməli təsəvvür edin. Beş-altı nəfər yeyir-içir. Dəm olandan sonra başqa dostları yadlarına düşür. Zəng edib onunla hal-əhval tuturlar. Hətta badələri növbəylə telefonun dəstəyinə də toqquşdururlar.

Milli Şuranın iclaslarından reportajları, xarici ölkələrlə skayp əlaqələrini oxuyanda bu sağlıq yadıma düşür: “Qaldıraq bu badələri ürəyi burda olan, özü burda olmayanların sağlığına”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi