Danimarkanın paytaxtı Kopenhagen şəhərində NATO Parlament Assambleyasının (PA) 69-cu illik sessiyasında alyansa üzv olan 31 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edir. Sessiyanın komitə iclasları çərçivəsində Ukraynadakı vəziyyət, Alyansın Vilnüs zirvə görüşündən irəli gələn nəticələr və qəbul olunan qərarlar, Qara dəniz regionunun təhlükəsizliyi, NATO-nun çəkindirmə və müdafiə siyasəti, mühüm dəniz infrastrukturlarının mühafizəsi, transatlantik iqtisadi münasibətlərin və dayanıqlılığın yenidən qurulması, ərzaq və enerji təhlükəsizliyi, NATO-nun tərəfdaşlığı və açıq qapı siyasətinin gələcəyi kimi mövzular ətrafında müzakirələr aparılacaq.
Tədbirdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi və Milli Məclisin NATO PA-dakı nümayəndə heyəti də iştirak edir.
Hazırda sessiyada nümayəndə heyətinin üzvü kimi iştirak edən Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a danışıb.
Deputat bildirib ki, sessiyada əsas müzakirə mövzusu İsrail-Fələstin müharibəsidir:
“Sessiyada Ukraynaya tam dəstəyin göstərilməsi, ərzaq təhlükəsizliyi, dezinformasiya ilə mübarizə məsələləri müzakirə olunur. Cənubi Qafqazla bağlı xüsusi bir müzakirə aparılmır. Çünki diqqət əsasən, İsraillə Fələstin arasında gedən müharibəyə fokuslanıb. NATO PA birmənalı olaraq İsrail xalqının yanında olduğunu bildirib. İsraildə baş verən terror hücumları qətiyyətlə pislənilib və İsrailin özünümüdafiə hüququndan istifadə etdiyi bildirilib".
Deputat Azərbaycan nümayəndə heyətinin sessiya çərçivəsində NATO PA-nın üzvü olan bir neçə ölkənin təmsilçilərilə görüşdüyünü də söyləyib:
"Danimarka, İspaniya və Portuqlaliyanın nümayəndə heyətləri ilə görüş oldu. Görüş zamanı parlamentlərarası əlaqələrin perspektivləri müzakirə edildi. Xüsusi olaraq Cənubi Qafqazda cərəyan edən hadisələr, hazırkı durum barədə qarşı onlar məlumatlandırıldı. Onların suallarına tam və izahlı cavablar verildi. Həmin ölkələrin nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərimizdəki son vəziyyətlə bağlı məlumat almaq istəyirdi. Son zamanlar Azərbaycanı tərk edən erməni sakinlərin aqibəti, onlarının taleyinin necə olacağı ilə bağlı suallar ünvanladılar. Biz birmənalı olaraq erməni vətəndaşların öz seçimlərinə uyğun, könüllü şəkildə Qarabağı tərk etdiyini onların diqqətinə çatdırdıq. Eyni zamanda, Azərbaycan tərəfindən erməni sakinlər üçün hökumət tərəfindən reinteqrasiya proqramının hazırlandığını və təqdim olunduğunu qeyd etdik. Bundan başqa, ərazini tərk etmiş insanların geriqayıdışı üçün tam şəraitin yaradıldığını da onların diqqətinə çatdırdıq".
Kamran Bayramov xarici nümayəndə heyətlərinin cavablardan razı qaldığını söyləyib:
"Onlarda müəyyən məlumatsızlıq vardı. Bir sıra hallarda məlumatları mətbuatdan aldıqlarını etiraf etmişdilər. Biz müvafiq mövqeyimizi və izahlarımızı verdikdən sonra onlar suallarının qalmadığını bildirdilər".