Modern.az

Gülər Əhmədova: “Məni qanıma qəltan eləsəniz də, bu sözü deyəcəyəm...”

Gülər Əhmədova: “Məni qanıma qəltan eləsəniz də, bu sözü deyəcəyəm...”

Parlament

26 Avqust 2013, 15:45

Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yayımladığı videolarla başının üstünü qara buludlar alan Gülər Əhmədova, bunun nəticəsində həm deputatlıq mandatından, həm hakim partiya üzvlüyündən, həm də azadlıqdan hələ ki müəvəqqəti məhrum olunub. Məhz deputatlıq mandatı ilə bağlı Elşad Abdullayevlə bazarlıqda suçlu bilinən Gülər Əhmədova Milli Məclisdə o qədər də fəal deyildi. O, bir çox həmkarları kimi müzakirəyə çıxarılan hər bir məsələ haqda fikir bildirməzdi. Amma keçmiş deputatın özü bu gün təcridxanada olduğu dövrdə onun parlamentdəki çıxışlarına nəzər salmaq fikrimizcə, həm tarixi, həm də Gülər xanımım özünün tarixə necə deputat kimi düşəcəyi baxımından maraqlıdır.

Modern.az saytı keçmişdə və yaxın zamanda yalnız parlamentin iclas zalında izlənilməsi mümkün olan müzakirələrdən seçmələri oxuculara təqdim edir. Bu dəfə “Milli Məclisin tarixindən” adlı rubrikamızda keçmiş deputat Gülər Əhmədovanın ötənlərdə parlamentin tribunasından etdiyi çıxışları çap etmək qərarına gəldik.

Beləliklə, Milli Məclisin 2010-cu il aprelin 2-də keçirilən iclasıdır. Cari məsələlərdən danışan Gülər Əhmədova deyir:

“Məni qanına qəltan eləsəniz də...”

- Məni qanıma qəltan eləsəniz də, bu sözü deyəcəyəm. Keçən il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı dedi ki, Gül bayramına 15 milyon manat xərclənib. Bu qədər vəsaiti bir-iki günlük ömrü olan güllərə xərcləməyi düzgün saymıram. 15 milyona ümummilli liderin adına layiq park salmaq olar.

“Bu xalqı mənimlə Pənah bəydən başqa fikirləşən yoxdur”

Milli Məclisin 2008-ci il noyabrın 14-də keçirilən iclasında 2009-cu il dövlət büdcəsi haqqında məsələ müzakirə olunur.

Gülər Əhmədova:

- Məndən sonra yazılan bütün deputat həmkarlarıma təşəkkür edirəm, çünki hansısa məqamda fikirləşdim ki, bu xalqın mənafeyini Pənah bəydən başqa fikirləşən yoxdur.

Spiker:

- Gülər xanım, başa düşmədim. Necə söylədiniz?

Gülər Əhmədova:

- Dedim ki, məndən sonra yazılan bütün deputatlara təşəkkür edirəm. Çünki siyahıya baxanda mənə elə gəldi ki, bu xalqı mənimlə Pənah bəydən başqa fikirləşən yoxdur.

Spiker:

- Maral məsələsinə oxşadı.

Gülər Əhmədova:

- Elədir. Başa düşürəm, ola bilər ki, bu gün verilən suallara cavab tam olmasın. Amma artıq dərəcədə xahiş edirəm, uşaqlarla bağlı məsələyə bir az diqqət yetirilsin.

...Çinin pensiya sistemindən danışmaq istəyiriksə, yaddan çıxarmamalıyıq ki, Çin kommunizm sistemində yaşayan bir ölkədir. Biz isə bazar iqtisadiyyatında yaşayan bir ölkəyik. Ona görə onun pensiya sistemi ilə bizim pensiya sistemimizi müqayisə etmək düzgün olmazdı.

Spiker:

- Yenə keçdiniz Çinə. Şükür etməliyik ki, bizdə konfutsizm yoxdur. Bizdə Konfutsi olsaydı, nə olardı? İkincisi, Çində həm kommunist rejimidir, həm də bazar iqtisadiyyatıdır. Kommunist rejimində pensiya həmişə dövlətin nəzarətində olub. Gülər xanım, deməli, bu müqayisə düz gəlmir.

Milli Məclisin 2010-cu il mayın 25-də keçirilən iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Rəbiyyət Aslanova layihə barədə məlumat verir.

Gülər Əhmədova təklif edir ki, qadınları döyən kişilər evdən uzaqlaşdırılsınlar.

“İcra başçısı qadınlara “mənim sizdən xoşum gəlmir” cavabını verib”


Milli Məclisin 16.03.2007-ci il martın 16-da keçirilən iclasında hökumətin illik hesabatı dinlənilir.

Gülər Əhmədova Yasamalın icra başçısı İbrahim Mehdiyevdən narazılıq edir:

...İcra başçısı problemləri həll etmək əvəzinə vətəndaşları Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə göndərir. Rayonun qadınları ərazidə yaşıllığın məhv edilməsi üçün icra başçısının yanına şikayətə gedəndə o, “mənim sizdən xoşum gəlmir” cavabını verib. Bu cür idarəetməyə hansı ad vermək olar?

“Emosiyaları coşduran yeganə məsələ surroqat ana ilə bağlıdır”

Milli Məclisin 19  dekabr  2008-ci  il dekabrın 19-da keçirilən iclasında “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi davam edir.

Gülər Əhmədova bu qanunun  lazım olduğundan danışır: “Çünki qanunda elə maddələr var ki, onlara heç kim heç vaxt “yox” deyə bilmir. Konkret olaraq uşaqlı ailələrə, reproduktiv sağlamlıq sahəsində aparılan elmi tədqiqat işlərinə dəstəyin göstərilməsinə, bu sahədə ixtisaslı kadrların hazırlanmasına, ailə planlaşdırılmasının dövlət siyasətinə heç kim heç vaxt “yox” deməyəcək. Hər kəs bunu çox gözəl başa düşür. Mənə elə gəlir, burada hamını narahat eləyən, emosiyaları coşduran yeganə məsələ surroqat ana ilə bağlıdır. Bu yalnız Azərbaycan parlamentində qalxan məsələ deyil, dünyanın bir çox parlamentlərində, bir çox ölkələrdə bu mövzu geniş müzakirələrə səbəb olub. Konkret olaraq bunun həm psixoloji, həm mənəvi-etik tərəfləri, həm də hüquqi baxımdan müxtəlif məqamları müəyyənləşdirilib və araşdırılıb. Mən həm əleyhinə, həm də lehinə olan tərəflərə demək istəyirəm ki, bu cür müzakirələr dünyanın bütün parlamentlərində olub. Ona görə belə başa düşmək lazım deyil ki, biz lehinə və əleyhinə bu məsələlərin müzakirəsinə qalxmış ilk parlamentik.

Dünya praktikası var. Ölkələr var ki, ümumiyyətlə, qanunu qəbul eləmirlər, belə demək mümkünsə, surroqat analığa göz yumurlar. Elə ölkələr də var ki, bunu qəbul ediblər, amma şərt qoyublar ki, burada kommersiya məqsədi olmayacaq. Surroqat analıqla bağlı problemlərin heç birində vəsaitin qoyulması ilə bağlı hər iki tərəfdə məsələ qalxa bilməz. Yalnız dövlət bu məsələləri tənzimləyəcək. Misal da gətirə bilərəm. Belçikada, İrlandiyada, Finlandiyada bu qanun yoxdur, amma bu məsələlər orada həyata keçirilir. Avstraliyada, Böyük Britaniyada, Danimarkada, İsraildə, İspaniyada, Kanadada, Hollandiyada, Amerikanın bir çox ştatlarında buna icazə verilir. Amma deyilir ki, bu, qeyri-kommersiya məqsədli olmalıdır və burada heç bir kommersiya məsələsi həyata keçirilə bilməz. Ona görə mənə belə gəlir ki, biz beynəlxalq təcrübəni öyrənəndən sonra burada ən ciddi məsələləri qaldıra bilərik. Bayaq Rafiq müəllim dedi, biz hər halda “surroqat ana” adını dəyişmək haqqında düşünməliyik. Bu ya “daşıyıcı ana”, ya da “süd ana” kimi dilimizə uyğun bir sözlə ifadə olunmalıdır.

İkinci, qanunda çox ciddi şəkildə göstərilməlidir ki, surroqat ana peşəyə çevrilməsin. Buna görə də surroqat ana olmaq haqqına qanunla bir dəfə icazə verilməlidir. Bir dəfədən artıq heç kəsə surroqat ana olmağa icazə verilməməlidir. Maddə 11.2-yə mütləq əlavə olunmalıdır.

Daha bir etik məsələ var, bu, praktikada olub. Uşaq xəstə doğula bilər və bu zaman genetik valideynlər uşaqdan imtina edə bilərlər. Bu məsələ bir çox ölkələrin qanunlarında göstərilib, biz də bunu mütləq göstərməliyik.

“Mən istəmirəm, bu gün emosional şeylər deyim...”

Bir məqamı da demək istəyirəm, hər halda bunun bilinməsi çox vacibdir. Necə oldu ki, surroqat ana məsələsi ortaya çıxdı?Mən istəmirəm, bu gün emosional şeylər deyim, çünki bunun hüquqi tərəfi çox vacibdir. Amma bu məsələnin qısa bir tarixçəsi var. Bu da ondan ibarətdir ki, onkoloji xəstə olan atanın toxumları götürülüb, saxlanılıb, o, həyatdan köçdükdən sonra övladı həyata gətirilib. Bu da o qədər müqəddəs bir iş olub ki, daha sonra bu işin uzun-uzadı məhkəmə prosesi gedib. Bunlar ata rəhmətə gedəndən sonra bu uşağın həyata gəlməsi və uşağın nənəsinin uzun-uzadı bu uşağın adını rəsmiləşdirmək istəməsi ilə başlayan məsələlərdən biridir. Onkoloji xəstə olan kifayət qədər insanlar var. 20 və daha kiçik yaşlı oğlan uşaqlarının, tək övladların həyatdan köçmək ehtimalı çox olan kifayət qədər ailələr var. Gələcəkdə yalnız bir övladından nənə-baba olmaq istəyən insanların şansını əlindən ala bilmərik. Biz yalnız bu məsələlərlə bağlı müəyyən məqamları deməliyik.

İkinci, güman edirəm ki, dünya praktikasında olan bir məsələni də biz nəzərdə tutmalıyıq. Adətən, çox yaxşı işlənmiş qanunlarda surroqat analıq həmin ailəyə çox yaxın olan qadınlar tərəfindən həyata keçirilir. Belə ki, ana olmağa imkanı olmayan qadının anası, xalası və bacısı tərəfindən bu məsələlər həyata keçirilə bilir. Biz bu məqamları da nəzərdə tutmalıyıq. Daha bir məsələ – tibbi xidmətin kompensasiyası da mütləq qanunda göstərilməlidir.

Surroqat ananın hamiləlik dövründə yaşayış yerinin müəyyən olunması da vacib bir məsələdir. Mütəxəssislər bunu çox yaxşı bilirlər, bu prosesi həyata keçirən müəssisənin yalnız dövlət müəssisəsi olmasını nəzərdə tutmaq mütləq vacibdir.

Güman edirəm, bu məsələ ilə maraqlananlar bilir ki, dünya praktikasında ən narahat məqamlardan biri genetik valideynlər və surroqat ana arasında olan bəzi razılaşmanın pozulması ilə bağlıdır. Biz bu məqamları qanunumuzda çox ciddi şəkildə həyata keçirə və bununla bağlı sanksiyalar tətbiq edə bilsək, bu məsələləri həll etmiş olarıq. O ki qaldı milli mentalitetimizlə bağlı məsələyə, açığını deyim ki, mən bu qanunda milli mentalitetimizi və gələcək nəslimizi poza biləcək heç bir məqam görmürəm. Mən bu qanunu, sadəcə, bir humanist akt kimi görürəm. Mən buna hər hansı bir xəstəlikdən əziyyət çəkən insanların övlad sahibi ola bilməsi və yaxud gələcək nənə-babaların nəvəsi olması üçün şansının əlində olması kimi baxıram.

Bir məsələni də demək istəyirəm. Təəssüflə demək istəyirəm ki, bu məni indiyə kimi narahat edən məsələdir. Biz seksual azlıqlarla bağlı bir çox məsələləri qanunumuzdan çıxardıq. Biz buna səs verdik. Bu bizim mənəviyyatımızı poza biləcək bir çox məqamları, şübhəsiz ki, yönləndirə bilərdi. Mən güman edirəm ki, bu gün də yönləndirir və bir çoxları artıq Azərbaycan cəmiyyətinə əxlaq dərsi belə keçirlər. O ki qaldı bu qanuna, mən bu qanunu yalnız qardaşlıq, humanistlik və eyni zamanda, ağır dərd-bəlaya mübtəla olmuş insanlara kömək aktı kimi qəbul edirəm. Qanun layihəsinə səs verəcəyəm və xahiş edirəm, təkliflərimi də nəzərə alsınlar.

Ardı var

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...