Modern.az

Sığortaçılar xırda sahibkarlarla işləməkdə niyə maraqlı deyil...

Sığortaçılar xırda sahibkarlarla işləməkdə niyə maraqlı deyil...

İqtisadiyyat

16 Noyabr 2023, 13:12

Sığorta şirkətləri çox zaman xırda sahibkarlıq subyektləri ilə müqavilə imzalamaqda həvəsli olmurlar. Çox az sayda belə müqavilələr imzalanır. Bu isə xırda sahibkarlıq subyektlərinin hansısa bədbəxt hadisə baş verdikdə məyus qalmasına səbəb olur. 

 

Sığorta şirkətlərinin xırda sahibkarlıq subyektləri ilə müqavilə imzalamaqdan yayınmasına səbəb nədir? Məsələ ilə bağlı Modern.az-a danışan sığorta üzrə ekspert İlkin İbrahimov sığorta şirkətlərinin xırda sahibkarlarla müqavilə bağlamaqda maraqlı olmamasını belə izah edib:

 

“Daşınar və daşınmaz əmlakın sığortalanması qaydaları fərqlidir. Daşınmaz əmlakın sığortası məcburidir.  Bununla bağlı sığorta şirkətləri xırda sahibkarlara da məlumat verir. Lakin sahibkar pulunun olmadığını qeyd edir və 50-100 manat kimi cüzi vəsaitlər qarşısında  sığorta şirkəti ilə müqavilə bağlayır. Sabah da sığorta hadisəsi yaşananda sahibkara zərərin aradan qaldırılması istiqamətində lazım olan məbləğin 30 və ya 50 min olduğunu deyirlər. Xırda sahibkar da məyus olur. Daşınar əmlakın sığortası isə könüllüdür. Məsələn Masallı bazarından nümunə gətirək. Bu bazar böyük bir obyektdir. Burada hər hansı hadisə olanda ilk növbədə hadisə yerinə FHN əməkdaşları gəlir. Yanğın təhlükəsizlik qaydaları ilə bağlı orada akt tərtib edilir.

 

Hadisə baş verərsə, təxliyənin necə olacağı formalaşır. Akt yazılıb təhvil verilirsə, o zaman sığorta şirkətləri bir-bir daşınar əmlakın sığortası ilə bağlı sahibkarlardan VÖEN hesabını istəyir. Beləliklə, sahibkarlıq subyektinin dövriyyəsinə baxılır və risk hesablanır. Nə qədər malın gətiriləcəyi və satılacağı məlum olur. Riskə görə sahibkara ödəniş müəyyənləşir. Sahibkarlar isə VÖEN-lə bağlı problemlər yaşayırlar. Məsələn, gömrük bəyannaməsində keçirilən mal və vergiyə bəyan edilən məbləğ arasında çox böyük fərq olur. Bəzən sahibkarlar 1 milyonluq mal gətirdiyini deyir. Sonra onun aylıq vergi uçotuna baxılır və məlum olur ki, o aylıq 1000 ya 2000 manat dövriyyə edib, ya etməyib. Sığorta şirkəti də bundan irəli gələrək həmin obyektləri sığortalamır”.

 

 

Ekspert hər şeyin qaydasında olduğu obyektlərin sığortalanma prosesində belə problemlərin yaşanmadığını vurğulayıb:

 

“Məsələn, “mall”lara baxsaq, burada hər şey qaydasındadır. Yanğın təhlükəsizliyi qaydaları aktı alınıb, təqdim olunub. Belə sahibkarlıq subyektləri üçün sığorta şirkətləri sıraya düzülür. Bir-biri ilə rəqabətə girirlər. Niyə? Çünki onların gömrük bəyannamələri hazırdır. Bu bəyannamə sığorta şirkətinə təqdim olunur. Şirkət riski hesablayır və sığorta hadisəsi olanda veriləcək məbləği deyirlər. Aylıq sığorta haqları da müəyyənləşdirilir. Belə olanda vəziyyət daha rahat olur. Yerlər var ki, vergidən yayınmalar olur. Belə olanda sığorta şirkətləri müqavilə bağlamağa çəkinirlər”.

 

 

Digər sığorta eksperti Hikmət Allahverdi isə qeyd edib ki, sığorta şirkətləri sahibkarlıq subyektlərinin kiçikliyinə-böyüklüyünə görə qərar vermirlər:

 

"Sığorta şirkətləri riski analiz edib qərar qəbul edir. Risk analizi hadisə zamanı zərəri ödəyə bilmək üçün vacibdir. Xırda sahibkarlıq subyektləri var ki vergi-uçot məlumatları doğru deyil. Belə sahibkarlıq subyektləri ilə müqavilə bağlanmaması onların öz xeyrinədir. Hadisə zamanı onsuz da onlara imtina veriləcək, heç bir ödəniş ala bilməyəcəklər. Çünki o adamlar obyektlərinə, anbarlarına nə qədər malın daxil olduğunu, satış nəticələrini göstərə bilmirlər. Məsələn, Sədərək ticarət mərkəzində yanğın qaydalarına uyğunluq yoxdur. Sığorta şirkəti orada "həftə səkkiz mən doqquz" yanğın baş verdiyini görür. Yanğınsöndürən də ora girə bilmir. Cüzi sığorta haqqı əvəzində özünü niyə riskə atmalıdır? Sığorta şirkəti özü də bir sahibkarlıq subyektidir. İanə veriləcək xeyriyyə təşkilatı deyil".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi