“Çempionatda komandaların artımı müəyyən sürətlə olmalıdır. Klubları təsis edib onları təkmilləşdirmək elə də asan məsələ deyil. Hazırda əsas məqsədimiz çempionatı ən azı 12 komandanın iştirakı ilə keçirməkdir”.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ölkə çempionatında 2023/2024-cü illər mövsümünün açılışına həsr olunmuş tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
Yeni mövsümə liqada iştirak edəcək klublar barədə danışan elm və təhsil naziri Cəlilabadın Azərbaycanın basketbol mərkəzlərindən biri hesab olunduğunu bildirib: “İki yeni basketbol komandamız – “Sumqayıt” və “Xəzri” var. Astaranı təmsil edən “Zirvə” klubu isə adını dəyişdirmək qərarı aldı və hazırda “Cəlilabad” adı ilə çıxış edir. Xahiş etdilər ki, növbəti mövsümdən Cəlilabadı təmsil etsinlər. Biz də buna etiraz etmədik. Rayonda idman kompleksi hazır vəziyyətdə deyildi, amma bu il müəyyən tədbirlər görüldü. Artıq oradakı idman qurğusu da oyunları qəbul edə biləcək . Məhz bu səbəbdən “Zirvə”nin “Cəlilabad”a keçidi baş tutdu. Ötən il Bakını təmsil edən NTD də eyni səbəbdən Xaçmaza köçdü. Belə təklifə müsbət yanaşdıqları üçün federasiya rəhbərlərinə xüsusi təşəkkür edirəm”.
Onun sözlərinə görə, bütün basketbol klublarının “Sabah” səviyyəsində olması mümkün deyil: “FIBA Avropa Kubokunun seçmə mərhələsində “Sabah”ın uğurlu çıxışı hamımız üçün sürpriz oldu. “Yeni yaranan hər klub “Sabah” kimi olmalıdır” fikri düzgün deyil. Nə bizdə belə gözləntilər, nə də komandaların belə öhdəlikləri var. Hər bir klubun özünəməxsus inkişaf prosesi olur. Hazırda əsas problemimiz yerli oyunçu sayının az olmasıdır. Düşünürəm ki, 2-3 ildən sonra komandaların sayı daha da artacaq və yerli basketbolçularımız bu komandalara cəlb olunacaqlar”.
E. Əmrullayev uşaqlar üçün təşkil olunan basketbol layihəsinə 498 nəfərin qoşulduğunu vurğulayıb: “Burada 2009-2010, 2011-2012-ci il təvəllüdlü idmançılar var. Uşaqlar peşəkar məşqçilərin başçılığı altında ayrı-ayrı klublarda basketbolla məşğul olurlar. Bölgələrdə isə məktəblərin nəzdində fəaliyyət göstərən qurumlar tərəfindən uşaqlara bu idman növünün sirləri öyrədilir. İstəyirik ki, bu prosesi federasiyadan klublara yönləndirək”.
Federasiya prezidenti bu il klublarla birgə yeni layihəyə start verildiyini əlavə edib: “Bu layihə ondan ibarətdir ki, hər kluba 5-6 məktəbdə basketbol üçün şərait yaradılsın. Daha sonra hər komanda öz akademiyasını qurmalıdır. Bu il federasiyanın dəstəyi ilə bütün klublara uşaqlar üçün əcnəbi məşqçi gətirəcəyik. Həmin mütəxəssis akademiya qurmaq haqqında öz tövsiyələrini bölüşəcək. İl ərzində müxtəlif klubların formalaşmasına nail ola bilsək, növbəti mövsümdən aşağı yaşlılar arasında da yarış təşkil edəcəyik. Düşünürəm ki, uşaqlar üçün yarışların sayı artmalıdır. Müntəzəm çempionat bunun üçün ən yaxşı seçimdir. Bunun üçün isə zamana ehtiyac var. Ümid edirəm ki, növbəti çempionatda bu hədəfimizə nail olacağıq”.