Modern.az

Təhsil naziri imtahanlardan ciddi narazı qalıb: “Biz bu yolun tərəfdarı deyilik”

Təhsil naziri imtahanlardan ciddi narazı qalıb: “Biz bu yolun tərəfdarı deyilik”

Ölkə

28 Avqust 2013, 13:40

“Region və şəhər məktəblərində gizlədilən vakansiyalar üçün birbaşa məsuliyyət mövcuddur”. Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov Facebook səhifəsində sualları cavablandırarkən deyib. O qeyd edib ki, təhsil naziri kimi o, bu cür halların araşdırılmasını və aşkarlandığı halda məsuliyyətli şəxslərin cəzalandırlması üçün var gücü ilə fəaliyyət göstərəcək.

Nazir eyni zamanda bu il müəllimlərin işə qəbul imtahanlarından narazı olduğunu bildirib.

“Bizim keçirdiyimiz imtahan nəticələri o qədər də ürəkaçan deyil. Müəllimlər üçün verilən  təxminən 3200 vakansiyadan 1245 vakansiya imtahan və müsahibə nəticəsində doldurulmuş oldu. Məlumdur ki, vakansiyanın doldurulması keçid balının aşağı salınması nərticəsində olur. Biz bu yolun tərəfdarı deyilik. Müəllim peşəsini peşəkarlıqla tədris etmək üçün minumal bilik səviyyəsi var ki, bu da məktəb proqramına əsaslanır.

Biz onun tərəfdarıyıq ki, bilik imtahanından keçməyən müəllimi işə götürməkdənsə, həmin dərs yükünü digər məktəbdə dərs deyən müəllimlər arasında bölüşdürməyimiz daha düzgün seçimdir”.

Nazir bildirib ki, bu, qısa müddətdə problemlər yaratsa da, orta və uzun müddə üçün düzgün mesajdır.

“Biz bilərəkdən 2000-ə yaxın vakansiyanı doldurmuruq və keçid balını aşağı salmırıq ki, müəllimlərimizin gələcək bilik səviyyəsi bugünküdən üstün olsun”.

Nazir eyni zamanda ümumtəhsil və ali məktəblərdə aparılan “yığım” məsələsinə də münasibət bildirib. Qeyd edib ki, nazirlik olaraq onlar bu problemin aradan qaldırılmasında qətiyyətlidirlər və bu istiqmaətdə səylərini davam etdirəcəklər.

“Bu problemin aradan qaldırılması orta təhsil və ya ali təhsil sistemində təhsilin keyfiyyətinə birbaşa və ani təsir göstərməyəcək, amma sağlam mühit və platforma yaradılmadan təhsilin əhəmiyyətli dərəcədə keyfiyyətinin artırılması mümkün olmayacaq”.

Mikayıl Cabbarov qeyd edib ki, cari təmirlər üçün “ənənəvi” olaraq aparılan yığımlar istifadə olunan bəhanələrdən biri idi.

“Yay aylarında Bakı şəhərində 160-dən məktəbdə cari təmirin həyata keçrilməsi Təhsil Nazirliyi tərəfindən gerçəkləşdirildi. Regionlarda isə bu, yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilib. Bunlar şagirdlərimiz, təhsil sistemimizin şəraitinin yaxşılaşdırılması və digər tərəfdən  həmin o “kütləvi yığımlar” üçün səbəblərin aradan qaldırılması istiqamətində aparılan işlərdəndir. Burada obyektiv problemlər də var, bunlar da aradan qaldırılması üçün addımlar atılacaq”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi