Ermənistan baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı Azərbaycanla sülh müqaviləsi və Rusiya ilə bağlı bir sıra açıqlamalar verib. O, Ermənistanın ilin sonuna kimi sülh müqaviləsi imzalamağı hazır olduğunu bildirib. Paşinyan, həmçinin deyib ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Mehri dəmir yolu xəttini bərpa etməyə hazırdır.
O, Avropa Parlamentində müttəfiqlərin hərəkətsizliyindən şikayətlənib. Baş nazirin fikrincə, bu, Ermənistanın suverenliyinə əsas təhdidlərdən biridir: "Xarici qüvvələr hibrid texnologiyalardan istifadə etməklə Ermənistanda daxili qeyri-sabitlik yaratmağa çalışıblar".
Paşinyanın bu çıxışı Moskvada narazılığıa səbəb olub. “Ria Novosti” bildirib ki, Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki son çıxışını tam məsuliyyətsizlik və provokativ hesab edir. Paşinyanın xüsusən də Rusiya-Ermənistan münasibətləri ilə bağlı fikirləri təxribat xarakterli çıxış kimi qiymətləndirilib.
Maraqlıdır, Paşinyanın Avroparlamentdəki çıxışı necə qiymətləndirilməlidir? Əslində o, nə demək istəyib?
Paşinyanın Avropa Parlamentindəki son çıxışını Modern.az-a şərh edən məşhur britaniyalı politoloq Neil Uatson deyib ki, bütün siyasətçilər üçün müəyyən dərəcədə praqmatizm lazım olsa da, Ermənistanın baş naziri Nikol Paşinyan siyasi buqələmundur, rəngini öz mühitinə uyğun dəyişir.
Politoloq Nikol Paşinyanın davamlı olaraq siyasi həyatı üçün mübarizə apardığını qeyd edib:
“Birincisi, o, beynəlxalq təşkilatlara və mediaya eşitmək istədiklərini deyir, çünki hakimiyyətdə qalması üçün onların dəstəyini qazanmaq lazımdır. İkincisi, o, diasporu və əvvəllər mənzil-qərargahı Xankəndində yerləşən qeyri-qanuni rejimin qatı tərəfdarlarını sakitləşdirmək üçün bəyanatlar verməlidir. Onların hamısı onu satqın hesab edir. Üçüncüsü, səmimi olaraq inandığı şey var ki, bu da sülh sazişinin zəruriliyini könülsüz etiraf etməsidir.
Politoloqun sözlərinə görə, Paşinyan şəxsi müstəvidə özünə təhlükə yaradacaq narahatlığın tam fərqindədir.
"Ona görə də onun bəyanatları vahid və ardıcıl siyasətə uyğun gəlmir. Nə olacağını dəqiq proqnozlaşdırmaq çətindir. Onun yerinə rus kuklasını yerləşdirmək üçün Rusiya tərəfindən hazırlanmış çevriliş olarsa, güc dinamikası köklü şəkildə dəyişə bilər. Amma Rusiya öz rənglərini Azərbaycanın dirəyinə mismarlayıb. Məncə, o, Ukrayna ilə məşğul olduğunu nəzərə alaraq, Cənubi Qafqazdakı vəziyyəti daha da mürəkkəbləşdirmək istəyəcək. Mənə elə gəlir ki, Paşinyan Qərbin, xüsusilə də ABŞ-ın dəstəyinə can atır. Amma mən hələ də əminəm ki, sülh müqaviləsi imzalanacaq, amma bu proses çox yavaş gedəcək. Düşünürəm ki, prosesin Aİ və ya ABŞ-ın himayəsi altında baş verməsi daha yüksəkdir”, - o vurğulayıb.
Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Paşinyanın çıxışlarına o qədər də fikir vermək lazım olmadığını bildirib:
“Onun çıxışı Qərb üçün nəzərdə tutulub. Ermənistan baş naziri Nikol Paşinyan neçə dəfə söz verib, amma nəticəsi hardadır? Ola bilsin ki, bu çıxışları üçün Avropa qrantları ayrılır. Ona görə də Paşinyan onları almaq istəyir. Rusiya ilə bağlı səsləndirdiyi fikirlər ilə bağlı isə deyə bilərəm ki, Paşinyan həmişəki kimi Ermənistandan böyük bəyanatlar verir. Bunun nətəcələri isə onun üçün ağır ola bilər. Başqa açıqlaması ola bilməz. Onun sözləri yenə əməlindən fərqli olacaq”.