Qazax rayon Cəfərli kənd tam orta məktəbi Facebook sosial şəbəkəsində ictimaiyyət nümayəndələrinin böyük qınağına tuş gəlib.
Modern.az-ın məlumatına görə, buna səbəb məktəbin öz şagirdlərini rayondakı pirlərdən birinə aparması və "Dilək ağacı" adlandırılan ziyarətgahda onların fotosunu çəkib sosial şəbəkədə paylaşmasıdır.
Məktəbin "Facebook" səhifəsində yayılan foto ictimai qınaqlardan sonra silinib.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib.
İdarədən APA-ya bildirilib ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib.
"Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb" - deyə cavabda qeyd olunub.