“Media ombudsmanı” deyilən məfhum Azərbaycanda mövcud deyil”. Bunu Modern.az-a açıqlamasında “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib. O bildirib ki, Azərbaycanda ayrıca Media Ombudsmanı institutu yoxdur.
“Media Ombudsmanının funksiyaları Elmira Süleymanovaya verilib. O, şöbənin yaradılmasını iki ildir ki, axıra çatdıra bilmir”.
E.Şıxlı qeyd edib ki, Azərbaycan Avropa Şurası qarşısında öhdəliyi yerinə yetirməyib.
“Uzatdıq-uzatdıq, nəhayət, tələblərdən sonra bir qərar verildi ki Media Ombudsmanının funksiyaları verilsin ümumi ombudsman təsisatına. Elmira Süleymanının idarəsinin tərkibində departament kimi olsun. O departament üçün heç bir iş görülmür. O baxımdan olmayan bir şey haqqında fikir söyləməyin də yeri yoxdur. Media Ombudsmanı Azərbaycan kimi ölkəyə mütləq lazımdır. Guya Mətbuat Şuramız var. Halbuki, Mətbuat Şurasının heç bir işi yoxdur. Əslində Media Ombudsmanının funksiyası Mətbuat Şurasının funksiyalarından tam fərqlənir. O elə sanballı təsisat olmalıdır ki, çıxıb sabah hansısa bir nazirliyə, hansısa bir quruma müraciət edəndə həmin qurum müraciətlərə heç bir əhəmiyyət verməyəndə, cavab verməyəndə, “İnformasiya azadlığı haqqında” Qanunu pozanda Media Ombudsmanı təsisatı işə düşsün və həmin dövlət qurumları qanunu yerinə yetirməyə məcbur edilsin. Çox təəssüf ki, Azərbaycanda yarımçıq şəkildə verilmiş qərar – Media Ombudsmanının işi həyata keçirilmir”, – deyə baş redaktor vurğulayıb.
Namidə BİNGÖL