Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Münasibətilərin Təhlili Mərkəzi ilə birgə “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfrans təşkil edəcək.
Modern.az xəbər verir ki, konfrans oktyabrın 30-da təşkil olunacaq. Konfransda İraq, Niderland, Almaniya, Türkiyə və Azərbaycandan olan tanınmış ictimai xadim, jurnalist və qeyri-hökumət təşkilatları nümayəndələri iştirak edəcəklər.
Konfransın açılışında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İraq parlamentinin deputatı Ərşad Saleh, Beynəlxalq Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Küzəçi çıxış edəcək.
Konfransın “Azərbaycan və İraq türkmanları arasında mədəni əlaqələr. Dünən, bu gün, sabah”, “İraq türkmanlarının Türk dünyasında yeri. Azərbaycanın və Türkiyənin nümunəsində”, “İraq türkmanları bu gün”, “İraq türkmanlarının mədəni-mənəvi irsi və Azərbaycan”, “İraq türkmanlarının söz sənəti ümumtürk ədəbiyyatının nümunəsi kimi”, “İraq türkmanlarının mətbuatı və Azərbaycan. Gələcəyə baxış” mövzularını əhatə edən 6 bölmə iclasında 30-a yaxın məruzə dinləniləcək.