Modern.az

Əməkdar artist Arzu Hüseynov: “Barda işləyirdim” - MÜSAHİBƏ

Əməkdar artist Arzu Hüseynov: “Barda işləyirdim” - MÜSAHİBƏ

30 Avqust 2013, 12:50

Bizim uşaqlıq illərimizin qəhrəmanları –“Ovçu Pirim”, “Savalan baba”, “Karlson”,  “Tənbəl Əhməd”... Amma indi sadaladığım bu qəhrəmanların heç birini görmür müasir uşaqlar. Heç həmin qəhrəmanları canlandıran aktyorları da. Modern.az sizə həmin qəhrəmanlardan ikisinin-“Karlson”un, “Tənbəl Əhməd”in, yəni əməkdar artist Arzu Hüseynovun  müsahibəsini təqdim edir. Qeyd edək ki, Arzu Hüseynov “Savalan baba” kimi məşhurlaşan görkəmli aktyor Sadıq Hüseynovun oğludur.

- Hazırda ANS telekanalının çəkdiyi “Fatimə” serialında kadrlar şöbəsinin müdiri Vaqif Sadıxovu oynayıram. Serial sentyabrdan yayımlanacaq.

- Hardasa işləyirsiniz?

- Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdindəki “Satira” teatrında işləyirəm.

- Amma o teatrın faktiki heç bir fəaliyyətini görrməmişəm.

- Hələ hazırlıq gedir. Folklor teatrı da olacaq.

- “Satira” teatrından nə qədər əməkhaqqı alırsınız?

- (acizanə şəkildə-İ.V) Sözün açığı dolanışığım yaxşı deyil.

- Heç olmasa öz eviniz varmı?

- Bəli, atamdan qalma evdə iki qızım, həyat yoldaşım və bacımla yaşayırıq. Qızımın biri isə ailə həyatı qurub.

- Övladlarınız təhsil alıblar?

- Böyük qızım Pedaqoji Univeresiteti bitirdi. Ortancıl qızım işləyir, amma səhhətində problem var. Kiçik qızım bu il Xarici Dillər Universitetinə qəbul olundu. Amma təhsil haqqına görə oxumaya bilərdi. Çox şükür ki, birtəhər həll elədik.

- Kim kömək elədi?

- Borc-xərc elədik, müəyyən dostlar kömək elədilər, sağ olsunlar.

- Bizim dövrün uşaqlarının sevimli “Karlson”unu, “Tənbəl Əhməd”ini indi də tanıyırlarmı?

- Tanıyanlar məndən soruşurlar ki, “uzun illər televiziyada müxtəlif rollar oynadınız. Nə əcəb indi efirdə görünmürsünüz?”. Son bir ildə isə yalnız bir dəfə rəhmətlik atam Sadıq Hüseynov haqqında danışdım.

- Sizi dəvət etmirlər?

- Bəli, nə seriallar dəvət edir, nə televiziyalar. Sağ olsun, ANS yenə də məni  yada saldı.

- Bəlkə sizi daha çox uşaq aktyoru kimi tanıyıblar?

- Əgər elə düşünürlərsə, düz deyil. Çünki aktyor aktyordu.

- Özünüzü komediya aktyoru sayırsınız, yoxsa?

- Dramatik rol da oynamışam, komediya da. Hər ikisinə görə rejissorlar, tamaşaçılar təşəkkür ediblər.


- Yadımdadır ki, orta məktəblərə Yeni il şənliklərinə gedirdiniz. Hətta mən oxuduğum məktəbə də gəlmişdiniz. Populyar olduğunuz dövrlərdə maddi durumunuz necə idi?

- Yeni il şənliklərinə, toylara kloun aparırdım, pis deyildi.

- Özünüzün də toya kloun kimi getdiyiniz olubmu?

- Hərdənbir lazım olanda kömək eləmişəm.

- Bundan çəkinməyə ehtiyac yoxdur. Kloun özü də bir janrdır. Bəs indi niyə getmirsiniz?

- 51 yaşım var, indi cavan uşaqlar gedirlər. Üç il əvvələ qədər toylara gedəndə maddi durumum nisbətən babat idi. İndi şadlıq evlərindən təcrid olunmuşam. Məsələn, mən 30 manat istəyirəm, razı olmurlar. Cavan uşaqlara 10 manat verirlər, gəlib işləyirlər. Tamada kimi toylara da getmişəm. Amma yaxşı pul vermirlər. Uzaqbaşı 20-30 manat alırsan, onu da ki, hər yerdə, hər kəsə vermirlər axı.

- Yoldaşınız işləyir?

- Xeyr, işləmir.


- Deməli ailənin ümumi gəliri 300-350 manatdır.

- Bəli, o pula 5 nəfər dolanmalıyıq, xeyirə-şərə də getməliyik. Gözümün birində ciddi problem var. Birtəhər dolanırıq da..

- Son dəfə evə nə vaxt ət almısınız?

-(duruxur)...yox, alırıq...

- Nə vaxtsa aktyorluğu özünüzə peşə seçəndə belə olacağını gözləyirdiniz?

- Bilirdim ki, belə ola bilər.

- Rəhmətlik atanız, əməkdar artist Sadıq Hüseynov sağ olanda necə dolanırdınız?

- Atam 2003-də, anam isə bu il dünyasını dəyişib. Biz heç vaxt yüksək səviyyədə  dolanmamışıq. Düzdür, birtəhər Allahı çağırıb dolanırıq. Amma yaradıcılığımdakı fasilələr məni incidir. 1995-ci ildən 2006-cı ilə qədər Bakı Bələdiyyə Teatrında işləmişəm.

- Fəxri adı nə vaxt aldınız?

- 2002-ci ildə. Bu qədər seriallar çəkilir, müəyyən aktyorlar yada düşmür. Halbuki, bir vaxtlar müxtəlif obrazlar yaratmışıq. Mənim kimi onlarla belə aktyor var.

- ANS-dən hər çəkiliş gününüzə nə qədər alırsınız?

- Hər çəkiliş günümə 30 manat alıram. Onun da hələ 4-5 seriyasına çəkilmişəm.

- “Karlson” kimin ideyası idi?

- AzTV-nin Uşaq verilişləri departamentinin baş redaktorunun müavini Nazim Əlifovun ideyası idi. İlk dəfə “Tənbəl Əhməd” kimi efirə 1995-ci ildə, “Karlson” kimi isə 1997-ci ildə çıxmışam. Sonra “Nərbala” adlı bir personajı da yaratdım. “Tənbəl Əhməd”in sözlərin də özüm yazırdım.

- Bir az da atanızdan danışaq. Sadıq müəllim də yetərincə filmlərə çəkilmədi.

-Düzdür, ondan da yetərincə istifadə olunmadı. O televiziyada daha çox tanındı.

- İndiyə kimi neçə filmə çəkilmisiniz?

- Çəkildiyim 6-7 filmin 4-ü Vaqif Mustafayevindir. “Hər şey yaxşılığa doğru”, “Yerlə göy arasında”, “Milli bomba”, “Yoxlama” filmlərinə çəkilmişəm. Və bir neçə filmlərdə də epizodlarım olub.

- Sizcə indi səhnədə, efirdə nə çatışmır?

- Sənətkarlıq, ssenari.

- Baxdığınız serialardan hansını bəyənirsiniz?

- “Həyat varsa” yaxşı idi. Özümün bir neçə ssenarilərim, veriliş layihələrim var. Birini dörd ay əvvəl  “Lider” telekanalına vermişdim. Deyirlər ki, “get öz hesabına çək gətir, baxım”. Buna da mənim imkanım yoxdur. Telekanallar ətrafa yaxşı baxsınlar, müəyyən sənətkarlardan da istifadə etsinlər.

- Kimlərdən?

- Adışirin Bağırov, Allahverdi Yolçuyev kimi aktyorları çəkmək lazımdır. Adışirin evdədir, hərdən toya gedir, vəssalam. Xalq artisti Nuriyyə Əhmədova bu gün ortada deyil.

- Bakı Bələdiyyə Teatrından niyə çıxdınız?

- O vaxt Space-də səhər verilişində barda işləyirdim. Teatr da tez-tez hərbi hissələrə gedirdi. Mənim də telekanalla müqaviləm var idi. Çəkilişlə qastrol üst-üstə düşdü, icazə aldım və axırda seçim qarşısında qaldım.

- Amaliya xanım dedi ki, ikisindən birini seçin?

- Bəli. İki il Space-də işlədim. Teatrdan 130, televiziyadan 300 manat alırdım. Elə bil bu qastrollar mənim bəxtimə düşdü. Amma bütün rayonlarda qastrollarda olmuşam.

- Bu yaxınlarda aktyor İlqar Cahangirin bir müsahibəsini oxudum. Təxminən belə bir fikir var idi ki, həmkarı ilə eşq yaşamayan aktyor aktyor deyil.

- Sevgi-məhəbbət hər kəsdə ola bilər. Əsl kişidə bir dəfə eşq olur. Mən bir dəfə sevmişəm və 24 yaşımda ailə həyatı qurmuşam.

- Ailəniz indiki durumunuzu necə qarşılayır?

- Deyir ki, Allahın məsləhətidir bu. Biz ibadət edən ailəyik. Amma bəzən ailə üzvlərim mənə deyirlər ki, “ya sən çox zəif aktyorsan, ya da axı niyə belə edirlər?”. Ailə də görür ki, mən bu saat işsizəm, bu yandan da partapart seriallar çəkilir. Mən bekar qalmışam.

- İndiki məşhurlardan kimlərlə tələbə yoldaşı olmusnuz?

-_Xalq artisti Mənsum İbrahimov, Etibar Babayev, “Çal çağır”dakı Böyükxanım rolunu oynayan mərhum aktyor Ramiz Əliyevlə bir yerdə oxumuşuq.

İntiqam Valehoğlu

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular