Cənab elmi işçi İlham Soltanov! “ReZONAns”ın əks-sədası və yaxud qatil qadının jurnalistliyi” adlı yazınızı oxudum. Uzun götür-qoydan sonra cavab yazmağa məcbur oldum. Çünki “ReZONAns” proqramını tənqid edən (daha doğrusu tənqid etməyə cəhd edən) adi tamaşaçı yox, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstututunun elmi işçisidir - yəni sizsiniz. Siz “ReZONAns” proqramını izləyəndə hiddətlənib televizoru sındırmaq istəmisiniz. Səbəb məhkum insanlara-cinayətkarlara, qatillərə mikrofon verilməsi olub.
Cənab elmi işçi İlham Soltanov! Nəzərinizə çatdırırıq ki, “ReZONAns” məhkum proqramıdır. İki cəzaçəkmə məkanında - qadın və kişi həbsxanasında teleçəkilişlər üçün studiya qurulub. Həbsxanada studiya quran dekorçular da, aparıcılar da, operatorlar da məhkumlardır. Yəqin bizimlə razılaşarsınız ki, həbsxana həyatını məhkumlardan yaxşı heç kim bilməz. Elə o səbəbdən bu telelayihədə məhkumlara daha geniş yer verilib. Amma bütün çəkilişlərə peşəkar telemütəxəssislər köməklik göstərirlər. Başqa cür ola da bilməz. Çünki cəzaçəkmə müəsissələri dövlətin elə strateji nöqtələridir ki, cüzi yanlışlıq ən azı bir çoxlarına başağrısı gətirər. Ona görə də bütün çəkilişlər ən xırda detallarına kimi Penitensiar Xidmətin əməkdaşları və məhkumlar tərəfindən müzakirə olunur. Əmin ola bilərsiniz “ReZONAns”da təsadüflərə və naşılığa yer yoxdur.
Cənab elmi işçi İlham Soltanov! Sizi “ReZONAns”da ən çox hiddətləndirən məqam məhkum insanlara-cinayətkarlara, qatillərə mikrofon verilməsi olub. Unutmayın, “ReZONAns” proqramı qatillərə silah yox, mikrofon verir. Həbsxanada qurulmuş studiyada hər cür şərait yaradılıb ki, əsl həsxana hekayələri yaransın-həbsxana tarixində ilk dəfə məhkum həyatı olduğu kimi göstərilsin. Heç kim bu hekayələrin baş qəhrəmanı olmaq istəməsin.
Cənab elmi işçi İlham Soltanov! Avropadan gələn qonaqlar-hüquq müdafiəçiləri həbsxanada qurulmuş bu studiyaları görəndə heyrətlərini gizlədə bilmirlər. Almaniyanın Bruksal həbsxanasının rəisi Tomas Müller - “Gözlərimə inana bilmirəm... Azərbaycan həbsxanasında studiya qurulub və məhkumlar məndən müsahibə götürürlər. Mən Almaniyaya qayıdandan sonra rəhbərlik etdiyim müəssisədə mütləq belə bir studiyanı quracağam... Bu mütərəqqi və orijinal layihəni Avropa ölkələrində də tətbiq etmək lazımdır” demişdi.
Göründüyü kimi Azərbaycan bu telelayihənin timsalında tənqid olunan ölkədən örnək götürülən ölkəyə çevrilməkdədir. Bunu biz yox, respublikamızı yerli-yersiz tənqid edən əcnəbi hüquq müdafiəçiləri özləri vurğulayırlar. Rusiyanın mərkəzi telekanalında da Azərbaycan həbsxanalarında dünyada analoqu olmayan «ReZONAns» adlı bir telayihənin həyata keçirilməyindən ətraflı söhbət açılıb.
...Məhkum Vüsal Muradov teleproqramın mikrofonundan istifadə edib ondan imtina edən, acığa düşüb illərlə yanına gəlməyən valideynlərinə üz tutub - öz səmimi ürək sözlərini, peşimançılığını dedi. “ReZONAns”a baxan doğmaları dərhal onun yanına gəldi. Gənc məhkumun azad həyata layiqli vətəndaş kimi qayıtmaq şansı çoxaldı... İndi Vüsalın gələcəyə ümidi çoxalıb, çünki onu azadlıqda gözləyən ailəsi var. Ümumiyyətlə, həbsxana məhkumlara həbsxanada yaşamağı yox, cəmiyyətdə yaşamağı öyrətməlidir. Çünki cəza müddəti bitəndən sonra onlar başqa yerə yox, məhz cəmiyyətə qayıdacaqlar.
Millət vəkili, Milli Məclisin komitə sədri Əli Hüseynli: “...Bunlar cinayət ediblər və haqlı olaraq cəza alıblar. Amma məhkumlar da insandırlar, onların da hüquqları var. Bütün vətəndaşlar kimi onların da hüquqları qorunmalıdır”.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general Mədət Quliyev: “ReZONAns” həm həbsxana həyatını olduğu kimi cəmiyyətə göstərir, həm də məhkumların daha tez islah olunmasına çalışır”.
Ədliyyə naziri çox hörmətli Fikrət Məmmədov da ədliyyə sahəsində gedən islahatlar çərçivəsində bu telelayihəyə mənəvi yardım göstərir.
“ReZONAns” proqramının təşəbbüsü və “Xəzər” televiziyasının hərtərəfli dəstəyi sayəsində 15 il cəzası olan Türkiyə vətəndaşı Mehmet Qılıcparlar 6 illik ayrılıqdan sonra müqəddəs ramazan bayramında həbsxanada öz ailəsi ilə görüşdü. Uzun illərin ayrılığından sonra azyaşlı uşaqlar öz məhkum ataları ilə görüşdülər. Baxanlar bilir, bü görüşü sözlə təsvir eləmək çox çətindir. Bu ağrılı səhnəni izləyən tamaşaçıların böyük əksəriyyəti ekran qarşısında özünü saxlaya bilməyib kövrəlmişdi. Şükürlər olsun ki, bazar iqtisadiyyatının amansız qanunları qəlbimizdən mərhəmət hissini hələ tam çıxara bilməyib.
“ReZONAns” hələ göstərəcək... Dünyanın bütün həbsxanalarından məhkumların əl işlərini gətirib Bakıda Beynəlxalq Sərgi keçırəcək. ”ReZONAns” xarici ölkə həbsxanalarında cəza çəkən həmyerlilərimizə hüquqi və mənəvi yardım göstərməyə də çalışacaq.
Allah göstərməsin... Siz nə vaxtsa həbsxanaya düşsəniz (heç kim bunun olmayacağından sığortalanmayıb) “ReZONAns” ayrı-seçkilik etmədən məhkumlara verdiyi mikrofonu sizə də təklif edəcək. Mikrofon elədiyi cinayətdən asılı olmayaraq hər bir məhkuma verilə bilər. Bir şərtlə ki, o mikrofona səmimi etiraflar, son peşimançılıq kimi sözlər deyilsin.
Bu telelayihə haqqında sizə çox bilgilər verə bilərəm. Amma mövzunu qapatmağa məcburam. Çünki bizi İŞ gözləyir. Azərbaycanın üzünü ağardacaq İŞ gözləyir.
Cənab elmi işçi İlham Soltanov! Beynəlxalq ekspertlərin, hüquq müdafiəçilərinin, millət vəkillərinin də yüksək dəyərləndirdiyi bir telelayihəni aşağılamağa çalışmayın! Çünki bu layihənin dünyada analoqu yoxdur. Çünki bu layihə Azərbaycana başucalığı, məhkum ailələrinə də rahatlıq gətirir. Yaxşısı budur elmi proqramlar ortaya qoyun və Azərbaycanın dünya ölkələri sırasında daha da layiqli yer tutmasına yardımçı olun! Axı siz elmi işçisisiniz! Birbaşa öz işinizlə məşğul olun! İşiniz avand olsun!
P.S. Fikrimi məhkum aparıcılardan biri, 13 il cəzası olan Nəsibə Abdullayevanın proqramın sonunda dediyi sözlərlə bitirirəm: “...Bu günümüz də beləcə sona yetdi. Azadlığımıza bir gün də yaxınlaşdıq. Çalışın cinayətdən və pis əməllərdən uzaq olun. Yoxsa siz də bizim kimi azadlığınıza, doğmalarınıza həsrət qalarsınız. Allah bu dəhşəti sizə göstərməsin! Qapılarımız üzünüzə açıq olmasın!”.
Cənab elmi işçi İlham Soltanov! Burda qəbahətli bir şey varmı? Biz həbsxananı istirahət mərkəzi, məhkumları teleulduz kimi göstərmirik. Məhkum həyatını olduğu kimi göstəririk. Siz “ReZONAns” göstərən televizoru sındırmaq istəyirsiniz. Unutmayın “ReZONAns” sadəcə göstərir... Təki Allah göstərməsin!
Mübariz Əsgərov
“Qulp”studiyasının rəhbəri,
”ReZONAns” telelayihəsinin müəllifi