Modern.az

4 yaşlı Modern.az-ın redaktoru: "Biz yalan yazmırıq" - MÜSAHİBƏ

 4 yaşlı Modern.az-ın redaktoru: "Biz yalan yazmırıq" - MÜSAHİBƏ

Media

30 Avqust 2013, 15:03

Sentyabrın 1-də “Modern.az” saytının 4 yaşı tamam olur. Saytın baş redaktor müavini Əfqan Qafarlı “Media forum”un suallarını cavablandırıb. 

“Modern.az”ı başqa saytlardan fərqləndirən hansı cəhəti qeyd edə bilərsiniz? Saytların çoxaldığı bir dövrdə, sizcə, oxucu niyə “Modern.az”ı izləməlidir?

- Dörd il ərzində bəlli bir izləyici auditoriyamız formalaşıb. Şükürlər olsun, oxucularımızın sayı getdikcə artır. Sayt bolluğunda biz sırf özümüzə məxsus xəbərlər, müxtəlif janrlarda yazılarla fərqlənməyə çalışırıq, davamlı informasiya istehsalı ilə məşğuluq. Bizi tanıyan oxucu bilir ki, “Modern.az”da başqa saytlarda rast gəlmədiyi özəl materiallar tapa biləcək. Eyni zamanda bizi izləyənlər bilirlər ki, informasiyanı təqdim edən mənbə - “Modern.az” etibarlıdır, yalan yazmır, xəbəri dəqiqləşdirərək çatdırır. Bu baxımdan digər ciddi KİV-lər də ilkin mənbə olaraq “Modern.az”a istinad etməkdən çəkinmirlər. Hər gün onlarla qəzet, sayt, agentlik bizim materialları istinadla yayır...

- Sayt bu 4 ildə Azərbaycan cəmiyyətinə, azad mətbuata nə verib?

- Bir dəfə həmkarımız Etibar Cəbrayıloğlu demişdi ki, bazarda Çin malları tüğyan etdiyi kimi mətbuatda da oxşar vəziyyət yaranıb. Düz deyir, indi saytların sayı çox sürətlə artır, amma onların bəziləri “kitayski mal”a oxşayır. Hələlik bu sayt bolluğunda oxucular da çaş-baş qalır, bəzən ağı qaradan seçə bilmirlər. Yəqin ki, tədricən ələnmələr baş verəcək...

Elektron KİV-lərin bu qarmaqarışıq vaxtında “Modern.az” oxucu rəğbəti, oxucu hörməti qazanmış saytlardan biri olaraq öz yerini tutub.

“Moden.az” 4 il ərzində mətbuata gerçək bir xəbər saytı nümunəsi təqdim edib. Oxucunu digər KİV-lərin verdiyi gündəm xəbərləri ilə yanaşı özəl materiallarla tanış edib. Bəzən cəmiyyəti narahat edən problemləri qabartmışıq və o ictimailəşib, hətta həllini də tapıb. Milli Məclis üzvlərinin cəmiyyətlə ünsiyyət qurmasında körpü olmuşuq, onları fərqli prizmalardan tanıtmışıq.

- Bəs saytda işləyənlərə nə qazandırıb?

- Təcrübə, peşəkarlığa yiyələnmək və ya onu artırmaq imkanı... Əksər halda “Modern.az”a gələnlər gənc jurnalistlər olub. Onlara bu redaksiyada dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl etmək, şərəf və ləyaqətin alçaldılmasına yol verməmək kimi jurnalist prinsipləri aşılanıb. Başa düşüblər ki, yeni mediada - onlayn rejimdə çalışmaq sürət, dəqiqlik, kreativlik tələb edir.

- Son zamanlar “Modern.az”dan xeyli əməkdaş başqa saytlara keçib. Bunun səbəbi nədir? Maddi durum burada rol oynayıbmı?

- Belə hallar təkcə bizdə deyil, bütün redaksiyalarda baş verir: yeni gələnlər olur, bununla yanaşı gedənlər də olur... Jurnalistika elə bir sahədir ki, çox az adam uzun müddət eyni yerdə qalıb işləyir.

Təbii ki, bəzi hallarda burada maddi durumun da rolu olub. “Modern.az” çox yüksək maaş və ya qonorar vermək imkanında deyil. Olur ki, imzasını məhz “Modern.az”da tanıdan hansısa gənc jurnalist kənardan daha cəlbedici təklif alanda gedir və gedəni də saxlamaq olmaz... 

- İş üçün “Modern.az”a müraciət edəndə sizin saytda işləmək istəmələrini nə ilə izah edirlər? Aldığınız cavab saytınız haqda öz təsəvvürlərinizlə üst-üstə düşürmü?

- Bir müddət öncə Bakı Slavyan Universitetinin müəllimi bir neçə tələbəsinin məhz “Modern.az”da təcrübə keçmək istədiyini bildirərək onlara şərait yaratmağımızı xahiş etmişdi. Amma ofisimizdə yer darısqal olduğundan əvvəlcə o tələbələri qəbul edə bilməyəcəyimizi söylədik. Həmin tələbələr isə əl çəkmədilər və israrla redaksiyamızın qapısını açdılar.

Belə hallar az olmur. İş üçün müraciət edənlər “Modern.az”da imzanı tanıtmaq imkanının olduğunu, ciddi və etibarlı KİV orqanı kimi qəbul edildiyimizi əsas gətirirlər. Yəqin doğrudan da belədir...  

- Hamı heç də hər zaman özü haqda yazılanlardan razı qalmır. “Modern.az” belə qalmaqallarla tez-tez rastlaşır?

- Yox, biz qalmaqalla tez-tez rastlaşmırıq. Bu da xəbəri mümkün qədər dəqiqləşdirməyə çalışıb təqdim etməyimizlə bağlıdır. Olur ki, bəzən hansısa ictimai, siyasi adam “Modern.az”a açıqlama verir, amma sonra quş buraxdığını anlayıb o biri sayta bunun əksini söyləyir və üstəlik də üzə durub iddia edir ki, onlar mənim dediyimi təhrif ediblər, belə bir şey deməmişəm.

- Prezident seçkisinə az qalıb. “Modern.az” üçün seçki ilinin əvvəlki illərdən bir fərqi varmı?

- Adətən seçki ilində yeni olaylar baş verir, hadisələrin dinamikliyi, cəmiyyətin ictimai-siyasi aktivliyi artır. Nəticədə jurnalistlərin də xəbər vermə imkanları genişlənir. Bizim üçün əsas fərq bunlardır.

- Prezidentliyə namizədlərdən reklam almaq planınız varmı?

- Bəli, var. “Modern.az” saytı da ödənişli seçki təşviqatı aparmaq üçün Mərkəzi Seçki Komissiyasında qeydə alınıb. Görək necə olacaq...

- İndi saytların çoxu şou, kriminal xəbərlərlə diqqət çəkməyə, oxucunun maraq dairəsinə düşməyə çalışır. Sizcə, ciddi ictimai-siyasi informasiyalarla şou, kriminal xəbərlərin bir-birinə qarışdırılması doğrudurmu?

- Doğrudan da bəzən KİV-lər zorlama, baltalama və digər bu kimi kriminal xəbərləri, bayağı şou informasiyalarını çox gurultulu şəkildə təqdim edirlər. Bir də görürsən “Qayınata gəlini zorladı”, ya da “Məşhur müğənni bibi olacaq” başlıqlarıyla üzdəniraq xəbərləri hətta manşetə çıxarırlar. Bunu “sarı mətbuat” edəndə adi yanaşmaq olur, ciddi media orqanı edəndə isə yox.

Təəssüf ki, oxucuların belə xəbərlərə tələbatı çoxdur. Saytlar da bundan çıxış edərək auditoriya qazanmaq üçün ucuz şou və kriminal xəbərləri tirajlamaqda maraqlıdırlar.

Biz “Modern.az” saytı olaraq belə xəbərləri vermirik. Amma çox səs-küy doğuran, ictimai rəyi çaşdıra bilən kriminal xəbərlərin və şou xəbərlərinin dərcindən də imtina etmirik, yeri gələndə oxucuya çatdırırıq. Məncə, bu, doğru seçimdir. Bu baxımdan ciddi ictimai-siyasi informasiyalarla çəkisi olan kriminal xəbərlərin və şou xəbərlərinin yanaşı verilməsi mümkündür. Oxucunu tamamilə təcrid edib, ancaq ciddi ictimai-siyasi informasiyalarla yükləmək də bəzən onu yorur.

- Yəqin ki, iş prosesində “Modern.az”da da maraqlı hadisələr olub...

- Çox olub, indi hamısını yadıma sala bilmirəm. Qoy birini danışım. Bir dəfə “Modern.az”ın əməkdaşı ABŞ səfiri Riçard Morninqstarla müsahibə razılaşdırmışdı. Müsahibəyə getməzdən əvvəl sualların hazırlanmasında müxbirə kömək etdim. Siyahıya eks-depuat Gülər Əhmədova ilə bağlı da bir sual saldım. Müxbirə tapşırdım ki, səfirdən Gülər Əhmədovanın həbsinə və ümumiyyətlə Azərbaycanda korrupsiya ilə mübarizəyə münasibətini soruşsun.

İki gündən sonra jurnalist müsahibəni gətirdi. Baxdım ki, Gülər Əhmədovaya və korrupsiyaya dair sual-cavab yoxdur. Fikirləşdim ki, yəqin səfir Morninqstar suala cavab vermək istəməyib. Müsahibə saytda çıxandan sonra müxbirdən soruşdum ki, Morninqstar Gülər Əhmədova ilə bağlı suala niyə cavab vermək istəmədi? Dedi ki, Əfqan müəllim, o sualı mən heç səfirə vermədim. Niyə? Dedi, müsahibəyə gedəndə atam suallara baxıb onu çıxartdı. Niyə axı, atan jurnalistika sahəsində çalışır? Yox, “Akkord” şirkətində usta işləyir, dedi ki, bu suala ehtiyac yoxdur...

Bir dəfə də əməkdaşımız Sabir Rüstəmxanlının ad günündə ondan müsahibə götürmüşdü. Şairin doğulduğu kəndin adını Hamarkənd əvəzinə Haramkənd yazmışdı. Buna görə redaksiyaya xeyli zəng oldu.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi