Modern.az

34 il fərqlə: Sanki 9 yaşımdan sonranı yaşayıram... - Laçınlı ailə Modern.az-a DANIŞDI

34 il fərqlə: Sanki 9 yaşımdan sonranı yaşayıram... - Laçınlı ailə Modern.az-a DANIŞDI

Qarabağ

26 Oktyabr 2023, 09:30

Sanki yenidən həyat eşqinə düşdüm, indi 9 yaşımdan sonranı yaşayıram...

 

Bunu Ermənistanın işğalı nəticəsində Laçından qaçqın düşən Mirzə Balakişiyev deyib. Onun ata və anası ilə birlikdə 34 il əvvəl və bu günlərdə çəkilən fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Foto ilk dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin feysbuk hesabında paylaşılıb.

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan və qısa müddətdə diqqət çəkən fotonun qəhrəmanları  Laçının Mirik kəndindən olan Balakişiyevlər ailəsidir.

 

Laçınlı ata, ana və oğul 1989-cu ildə lentə alınan fotonu işğaldan azad olunan rayonda 2023-cü ildə yenidən təkrarlayıb.

 

1989-cu ildə çəkilmiş fotodakı uşaq Mirzə Balakişiyev Modern.az-a danışıb. O, illər keçsə də, həmin fotonun çəkildiyi günü çox yaxşı xatırladığını bildirib.

 

“Fotonun çəkildiyi gün yadımdadır. Həmin gün mənim üçün ən xoşbəxt günlərdən biri idi. Orada heç mənim ağlıma gəlməzdi, biz məcburi köçkün düşərik, yerimizdən yurdumuzdan ayrı qalarıq", - Mirzə Balakişiyev deyir.

 

Laçın rayonunun Mirik kəndi, 1986-cı il

 

O, 2023-cü ildə həmin fotonun çəkildiyi yerə, Azərbaycan ordusunun azad etdiyi Mirik kəndinə yenidən gedib və ata-anası ilə eyni yerdə həmin fotonu çəkdirib.

 

"34 il ərzində mənim körpəliyim, uşaqlığım, atamın cavanlığı, ahıllıq vaxtlarını itirdik.  Şəkildə adi görünə bilər amma çox şey itirdik.  34 il ərzində çox böyük itkilərim oldu. Mənim uşaqlığım, gəncliyim keçmədi", - Mirzə Balakişiyev belə deyir.

 

Mirzə Balakişyev deyir ki, foto çəkiləndə onun 9 yaşı var idi. Bu gün Laçının, doğma yurdunun azad olunmasına hədsiz sevinən Mirik sakini hislərini belə ifadə edir:

 

"İllər gəldi, keçdi. Mən oraya yenidən qayıtdım. Sanki yenidən həyat eşqinə düşdüm, indi 9 yaşımdan sonranı yaşayıram...".

 

1291715

1291716

1291717

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi