Modern.az xəbər portalının 4 yaşı tamam olub. 2009-cu il sentyabrın 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Modern.az ötən 4 il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb.
Saytın fərqli təqdimatları, yeni layihələri, müxtəlif janrlarda maraqlı materiallar dərc etməsi, Azərbaycanda baş verən hadisələrə qərəzsiz yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.
Modern.az yeni nəfəsli bir media quruluşu olaraq dörd il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər saytına çevrilə bilib. Saytımıza ünvanlanan məktublar, şərhlər, müraciətlər belə deməyə əsas verir.
Sayt bundan sonra da ən müxtəlif sahələri əhatə edən xəbərlər, araşdırmalar, müsahibələr, müəllif yazılarının təqdimatını davam etdirəcək.
Yaxın vaxtlarda isə oxucularımız yeni projelərlə tanış ola biləcəklər.
Modern.az-ın kollektivində kimlər var? Gəlin tanış olaq...
Elşad Eyvazlı: “Uşaqlar, vallah belə işləmək olmaz. Sentyabrın 1-dən hər şey başqa cür olacaq”. İndi hamı sentyabrın 2-sini gözləyir.
Əfqan Qafarlı: “Bu uşaqlar nə vaxt informasiya yazmağı öyrənəcəklər?!”. Əsəbi halda stəkanı götürüb mətbəxə özünə çay süzməyə gedir...
Əziz Rzazadə: “Eşq olsun qardaşım Abbasa”. Əziz Rzazadə yazı redaktə edir. Bu vaxt əsgəri xidmətdəki oğlu zəng edir. "Salam, Murad, birbaşa sözünü de, işim çoxdur". "Salam, elə-belə zəng eləmişəm. Kefivi bilmək istəyirəm". "Murad, sözünü de, işim çoxdur”. “Vallah səni yuxuda görmüşdüm, ona görə zəng edirəm". "Murad, məni incitmə, yazı oxuyuram, işim çoxdur". "Ata, mənə 1 manatlıq kontur göndər də". Bu cümləni eşidən kimi Əziz Rzazadənin əli “delete” düyməsinə dəyir, redaktə etdiyi yazı ekrandan itir...
Facebook kralı Xaqani Səfəroğlu. Müxbir Vüqar İsmayılov Xaqani Səfəroğluna xarici xəbər göndərir: "Xaqani müəllim, yazını atdım “setə”". Bir saat keçir, xəbər hələ də lentdə yoxdur. Vüqar yenə daxili telefonla zəng edir: "Xaqani müəllim, yazını oxudunuz?". "İndi oxuyacam, əlimdə işim var". 3 saat keçir. "Xaqani müəllim, yazını oxudunuz?". Facebook-da statusu status dalınca düzən Xaqani Səfəroğlu: "Elə bu dəqiqə onu oxuyuram" . Daha 2 saat keçir. "Vüqar, qoy yemək yeyim, oxuyacam". Günün sonu. "Xaqani müəllim, mənim yazımı oxumadız?". "Hansı yazı?". Vüqar izah eləməyə başlayır. "Hə, Vüqar oxudum, amma bir az əl gəzdir, sabah bir də göndər". Vüqar deyinir: “Bu yazı da belə öldü...”.
Pərvin Arzuqızı: “Uşaqlar telefonu hara apardınız, danışdıqlarınızı qeyd eliyin daaaaaa, bu konturlara kim cavabdehdir? Mən, ya siz...”.
Anar Rüstəmov: cümə günü axşamı İsmayıllıya toya getməliydi. Amma toya ertəsi gün səhər gedir. Modern.az-ın ofisinin açarını da özüylə götürür. Ertəsi gün saat 10-da işə gəlmiş redaksiya əməkdaşları qapı arxasında qalır. Elşad Eyvazlıya zəng edirlər. Baş redaktor da Anar Rüstəmova zəng edir. “Anar, hardasan?”. “Müəllim, Ağsu aşırımında”. Elşad Eyvazlı güman edir ki, Anar Bakıya qayıdır. 1 saat keçir. Elşad Eyvazlı yenə Anara zəng edir: “Anar, hardasan?”. “Müəllim İsmayıllıya çatıram”. “Necə yəni, İsmayılıya çatıram, axı sən mənim hesabımla indi “Şamaxinka”da olmalıydın..?”... Elşad Eyvazlı Anara zəng vurur. “Anar hardasan? E-mailə yazı göndəriblər, sayta qoy! Müəllim, marketdəyəm. Bu saata qoyuram”.
Gültəkin Ələsgər tədbirdən çox əsəbi qayıdır. Əfqan Qafarlı: “Tədbiri tez yaz, gecikdirmə”. Gültəkin: “Eee, müəllim, bezdim e, bu tədbirdən, acından barmaqlarım gömgöy olub. Canım yanmasın, tədbiri hamıdan tez özüm vermişəm".
Yenicə istirahətdən qayıtmış Aytən Əliyeva: “Elşad müəllim, mənə bu gün icazə verərsiniz...?”.
Bütün müsahibləri ilə danışandan sonra Elmin Nuri: “Gör məndə neçə sifət var imiş eeee?”. Elşad müəllim iclasda soruşur: “Elmin, sən bu gün nədən yazacaqsan?". Elmin: “Müəllim, mən orta əsrlərin məşhur filosofu Mövlanə Cəlaləddin Rumidən müsahibə götürəcəm". Elşad müəllim: “Lap yaxşı. Amma müsahibəni harda götürəcəksən?”. Elmin: “Müəllim, bax, onu hələ bilmirəm. Mesaj göndərmişəm, cavab gəlməyib”.
Fotoqraf Elçin Murad müsahibəsi götürülən adamın şəklini çəkir. “Müəllim, siz söhbətinizi davam etdirin”. Müsahib danışır, amma Elçin şəkli çəkmir, məqamı gözləyir. Qəfildən müsahib asqırır, elə həmin an Elçin fotoaparatı şaqqıldadır. “Çəkdim!!!”. Ona görə də bir müsahib Elçinin çəkdiyi şəkildən razı deyil...
Tətildən-tətilə üzünü gördüyümüz Toğrul Salehli - Uşağı buyur dalınca yüyür. Elşad müəllim: "Toğrul get aşağıdan su al gətir". Bir saat keçir Toğrul gəlmir. Yarım saatdan sonra Elşad Eyvazlı özü su almağa düşür. Redaksiyaya qayıdır. Toğrul hələ yoxdu.
Vüqar İsmayılov. "Vüqar, nə edirsən?". "Heç, ikinci kursdan bəri bu “iqra”nı oynayıram. Amma hələ də axırına çıxa bilməmişəm".
İntiqam Valehoğlu. Həmişə işə saat 11-də gələn İntiqam: “İş saat 10:00-da başlasa yaxşı olar”.
Ulduz İbrahimova: “Subway” oyununu icad eləyən bilsəydi ki, Ulduz o yazıq uşağı o qədər metro ilə toqquşduracaq, sığortaya yaxşı pul yatızdırardı. Ulduz: “Yox e, ya bu İPad sınacaq, ya da mən ən azı 8 rəqəmli puan toplamalıyam”.
Namidə Bingöl. "Namidə, kompotdan içmək olar?". "Niyə olmur, evdə özüm hazırlamışam, halal xoşun olsun".
Aqşin Kərimov: "Bu Milli Şuranın axırı bir yerə çıxmadı. Heyf mənim əziyyətimə və yola verdiyim pullara ki, iclaslarına daban döyməkdən zara gəldim".
Abbas Qəmli. İşdən bir saat əvvəl çıxmış Abbasla metroda rastlaşırıq.
- Abbas, sən hələ burdasan?
- Hə, qatarı gözləyirəm.
- Hansını gözləyirsən?
- Dərnəgülə gedəni.
- Bir saatdı gəlməyib?
- Gəlib eeeeee, amma mən istiyən deyildi...
Düzüb qoşdu: ELÇİN və GÜLTƏKİN