Onları tez-tez xatırlayıram. Azərbaycanın intellektual aydın kimliklərini. Biri Əbülfəz Elçibəyin Xudu Aydın deyə vəsfləndirdiyi dəyərli alimimiz Xudu Məmmədov, digəri isə sadəcə Aydın olaraq tələffüz edilən türkoloq-alim Aydın Məmmədov.
Azərbaycanda ənənəvi düşüncə sistemi İlahi mühakimə ilə tərs mütənasib olduğundan leksikonumuzda xüsusi yer alan kəliməni dilə gətirməyəcəyəm. Yəni onların vaxtsız öldüklərini söyləməyəcəyəm. Monoteist inanc daşıyıcısı olan kimsələr bu ifadəni işlətməyi haqlı olaraq qüsurlu hesab edərlər. Bununla belə, bu iki şəxsin vəfatının Azərbaycan ictimai-siyasi fikrinin real məzmundan uzaqlaşmasına daha çox səbəb olduğu düşüncəsindəyəm.
Xudu Məmmədov 1988-ci ilin başlarında Üzeyir bəyin ev muzeyində toplantıda vəfat etdi.
Aydın Məmmədov isə 1991-ci ildə Qax rayonu ərazisində deputat həmkarı Dilarə Əliyeva ilə birlikdə avtomobil qəzasında həyatını itirdi.
Onlar cəmiyyətin uc nöqtələri arasında körpü rolunu üzərinə götürəcək zəkaya və xaraktere sahib idilər. Onlara həm idarə edənlər, həm də idarə olunanlar loyal yanaşa bilirdilər. Hər ikisinin soyuqqanlı və realist təhlil qabiliyyəti onları sevməyən insanlar tərəfindən belə etiraf olunurdu. Onlarla tanışlığım tələbəlik dövrünə təsadüf etdi, bir neçə dəfə söhbətləşmə fürsətim oldu. Ən əsası xalqın xarakterini, potensialını, düşüncə tərzini doğru anlamış bilgə insanlardı, prosesləri daha anlaşıqlı, daha real baxışlarla təhlil etməyi bilirdilər. İmkanlarımızı və gücümüzü şişirtmədən və ya aşağılamadan açıqlamaqla sağlam mühakiməyə sahibdilər.
Xalq hərəkatı eyforiyasi, Qarabağ tapmacasının çözülməsi anında dərhal maksimalist cinahda yer almadılar. Hakimiyyət və ya müxalifət səngərinə qəti olaraq girmədilər, bir ziyalı orta yolunun hamıya uyğun məsafəsində yer aldılar. Bu gün əslində belə bir obraza ehtiyac vardı, hava-su kimi. Sonradan kimlərsə bu rolu öz üzərinə götürməyə çalışdılarsa, ya hədsiz iqtidarlaşdılar, ya da hədsiz müxalifətləşdilər. Son vaxtlarda bir ara Ziyalılar Forumu adlanan qurumda siyasətə bulaşmadan ölkədə orta yol fəlsəfəsini önə çəkmək niyyəti barədə danışılsa da, strateji düşüncə kasadlığı onları da günün səngər qəlibinə yuvarlamış oldu. İndi yenə də bu zəruri mövqe boş qaldı. İndi yenə də bir beş ili bir iqtidar cinahı ilə bir müxalifət cinahı siyasətin aşırı qütblərini möhkəmlətməyə davam edəcək, hər ikisi də gələcəklə bağlı mənasız illüziyalarını davam etdirəcək, ancaq yenə də Azərbaycan cəmiyyətinin real gələcəyə hazırlıq prosesi doğru proqramlaşdırıla bilməyəcək.
Ona görə Xudu Məmmədovla Aydın Məmmədovu xatırladım ki, bu təfəkkür və vizyona sahib ziyalı obrazlarının olmaması cəmiyyətimizin bir qütbündə “analoqu olmayan inkişafdan” nağıl oxumağa, digər qütbündə isə “biz hakimiyətə gəlməsək ölkə düzəlməyəcək” səfsəfəsini öz yuxusuna köçürməyə yuvarlamış. Realist baxış budur ki, Qarabağı geri alma imkanlarımızı artıq yoxa çıxmaqdadır, korrupsiya və narkotika ölkə insanının mənəvi dəyərlərini çökdürüb, təhsil sistemi faydalılıq əmsalını itirib, sağlıq sistemimiz ağır durumda, Rusiyadan asılığımız daha ciddi təhlükəyə çevrilmiş, demokratik təsisatları formalaşdırma fürsətlərini itirmişik. Məhz bu zamanda cəmiyyətin bütün cinahlarına realist fikirləri soyuqqanlı şəkildə, siyasi səngər təəsübkeşliyi ilə davranmadan çatdıran, gələcəyimizin doğru proqramlaşmasını təqdim edən zehniyyətə daha çox ehtiyac duyulur. Belə bir mövqedə duruş gətirmək iqtidar mövqeyinin imtiyazları ilə, müxalifət mövqeyinin “bakirəliyi” ilə şeşələnməkdən daha ağır və yorucudur.
Mən tanıdığıma və yaddaşımda pozitiv izlər buraxdığına görə bu iki obrazdan bəhs etdim. Və indi onların mühakimə tərzinin düşdüyümüz bu günki durumda nə qədər vacib olduğunu daha çox hiss etməyə başladım.