Büdcə zərfində təqdim edilmiş məlumatlara əsasən, 2024-c il və sonrakı üç ilin makroiqtisadi çərçivəsi baza, optimist və pessimist olmaqla 3 ssenaridə hazırlanıb, növbəti ilin büdcə layihəsinin tərtibi zamanı baza ssenari əsas olaraq qəbul edilib.
Modern.az-ın məlumatına görə, baza ssenari üzrə proqnozların hazırlanması zamanı əsas ekzogen parametr olan neftin qiyməti “Büdcə zərfi”ndə 60 ABŞ dolları müəyyən edilib.
Bu ssenariyə əsasən, növbəti il üçün ölkə iqtisadiyyatının real ifadədə 2,4% artacağı, istehsal olunan ÜDM-in isə 118383,3 mln. manat olacağı proqnozlaşdırılır. Cari ilin gözlənilən rəqəminə nisbətən ÜDM həcminin nominal ifadədə azalması neftin qiymətinin 15 ABŞ dolları az nəzərdə tutulması, eləcə də neft hasilatının azalması ilə izah edilir. Qeyri neft-qaz ÜDM-nin artım tempinin nisbətən sürətlənməsinin neft-qaz sektorunda azalmanı tam kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır.