Gözlənilməz yaradıcı layihələri ilə tanınan britaniyalı vizual rəssam Devid Şriqli özünün ən son layihəsi olan "Pulped Fiction"ı təqdim etməyə hazırlaşır.
Modern.az "Design boom"a istinadən xəbər verir ki, bu layihədə Şriqli qeyri-ənənəvi materialdan - Den Braunun “Da Vinçi şifrəsi”nin atılmış nüsxələrinin qalıqlarından istifadə edərək Corc Oruellin distopik şah əsəri "1984"ün 1250 nüsxədən ibarət fərqli məhdud buraxılışını hazırlayıb.
Şriqli 6000 “Da Vinçi şifrəsi” nüsxəsini toplayıb və Corc Oruellin "1984" əsərinin yeni versiyalarını yaratmaq üçün onları birləşdirib. Kitabın üz qabığında başlıq və müəllifin adı Şriqlinin imzası ilə yazılmış əlyazma şriftində, ağ fonda qara hərflərlə verilib. Layihə noyabrın 4-də Suonsidəki xeyriyyə mağazasında təqdim ediləcək.
"1984"ün məhdud yeni nəşrinin 250 nüsxəsi eksklüziv qiymətə satışa çıxarılacaq, qalan nüsxələr isə tədbirdən sonra internet üzərindən satışa qoyulacaq. Kitablarla yanaşı, sənətçi layihənin necə meydana gəldiyini və üzləşdiyi çoxsaylı maneələrdən bəhs edən 30 dəqiqəlik sənədli filmi də nümayiş etdirəcək.