“Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “2013-cü il prezident seçkilərinin monitoriniqi” layihəsi çərçivəsində 28 və 29 avqustda Şəmkir və Tovuz rayonlarında seçicilərlə görüş keçirib. Görüşlərin keçirilməsində məqsəd seçkilərdə müşahidənin aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri, müşahidəçilərin qeydiyyatı prosedurları və digər mövzularla bağlı seçicilərin məlumatlandırılması olub.
Görüşlərdə layihənin rəhbəri Seymur Verdizadə, “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri, layihənin koordinatoru Xaqani Səfəroğlu, layihə rəhbərinin köməkçisi Zaur İbrahimli, “Şəmkir Regional QHT-lərin Resurs və Təlim” İB-nin sədri Fuad Bədəlov iştirak edib. Tədbirdə 300-dən çox seçici iştirak edib. Seymur Verdizadə seçkiləridə vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmaları üçün hər hansı problemin olmadığını bildirərək onların siyasi iradələrini azad şəkildə ifadə etmələri üçün yüksək şərait yaradıldığını vurğulayıb. O, toplantıda “Seçici fəallığı-azad, demokratik, ədalətli seçkilərin vacib amili kimi” mövzusunda məruzə ilə çıxış edib. Layihə rəhbəri bildirib ki, “9 oktyabrda Azərbaycan Respublikası Prezidenti seçkilərinin mütəşəkkil keçirilməsi hər bir vətəndaşın siyasi iradəsinin fəal şəkildə ifadəsindən, çox asılıdır. Seçicilərin hər biri fərqində olmalıdır ki, onların səsləri həlledici əhəmiyyətə malikdir. Seçici fəallığının yüksək olması azad, demokratik, ədalətli seçkilərin keçirilməsinin ən vacib amili kimi çıxış edir. Bu həm də o deməkdir ki, vətəndaşlar öz seçimlərinin məsuliyyətini və vacibliyini başa düşürlər. Siz yalnız dövlət başçısı seçmirsiniz, eyni zamanda konkret proqrama səs verirsiniz, gələcəyinizi necə görmək istədiyiniiz ifadə edirsiniz. Bu baxımdan hər bir vətəndaşın səsi, seçimi, 9 oktyabr seçkilərində öz mövqeyini ifadə etməsi böyük əhəmiyyət kəsb edir”.