Modern.az

“Elm siyasəti haqqında” qanun layihəsi yenə payız sessiyasının gündəliyinə salınmadı

“Elm siyasəti haqqında” qanun layihəsi yenə payız sessiyasının gündəliyinə salınmadı

Parlament

2 Sentyabr 2013, 18:04

Modern.az saytı xəbər verir ki, uzun zaman müzakirə olunan qanun layihəsi yenə Milli Məclisin plenar iclasının gündəliyinə salınmayıb. 2009-cu ildə “Təhsil haqqında” Qanun qəbul olunduqdan sonra bu sənəddən irəli gələn digər sahə qanunlarının qəbul olunacağı gözlənilirdi. Bu siyahıda ilk növbədə “Elm siyasəti haqqında”, “Ali təhsil haqqında”, “Orta təhsil haqqında” qanun layihələri vardı.
Ötən müddət ərzində dəfələrlə bu sənədlərlə bağlı müzakirələr aparılıb. Hər sessiyanın başlanğıcında parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağını desə də, sessiyanın sonunda onun dediklərinin tam əksinin şahidi olmuşuq.
Modern.az bunun səbəbini öyrənməyə çalışıb. Komitədən bildiriblər ki, həqiqətən də qanun layihəsi müzakirəyə çıxarılmağa hazırdır. Milli Məclisdə bu sənədin qəbul edilməsi üçün heç bir maneə yoxdur. Yalnız təhsillə bağlı müvafiq dövlət qurumlarının öz aralarında razılığa gələ bilməməyi üzündən məsələ ləngiyir. İlk baxışdan sadə görünən “Elm siyasəti haqqında” qanun layihəsi ölkənin elmlə bağlı bütün tərəflərini özündə ehtiva edir. Burada ziddiyətli məqamlar Milli Elmlər Akademiyası, elmi titullara görə dövlət tərəfindən verilən vəsait və s.-dir ki, bununla bağlı yekdil rəy yoxdur. Elə bu səbəbdən də adını çəkdiyimiz sənəd uzun illərdir ki, qovluqda qalıb.

Aytən ƏLİYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...