Modern.az

Gələn ilin büdcəsində hansı yeniliklər var... - Deputat və ekspert fərqli fikirdədir

Gələn ilin büdcəsində hansı yeniliklər var... - Deputat və ekspert fərqli fikirdədir

6 Noyabr 2023, 09:40

2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib.

 

Milli Məclisdə 2024-cü ilin büdcəsi ilə bağlı qızğın müzakirələr aparılır. Gələn il büdcəsi Milli Məclisin bir çox komitəsində müzakirə olunub. Bütün komitələrdə müzakirə edildikdən sonra büdcə plenar iclasa göndəriləcək.

 

Komitə iclaslarında büdcə ilə bağlı təkliflər səsləndirilib.

 

Bəs gələn ilin büdcəsi bu ilkindən nə ilə fərqlənəcək, hansı yeniliklər gözlənilir? Büdcə əhalinin rifahına necə təsir edəcək?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, Sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki,  2023-cü illə müqayisədə 2024-cü ilin büdcəsində 282 milyon artım müşahidə olunur:

 

"Xərclərin 132 milyon artımı proqnozlaşdırılırdı. Ən başlıca sosial xərclərdə 20 faiz artım var. Bu isə rəqəmlə 15 milyarddan çoxdur. Prioritet olaraq Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlər üçün 4 milyard manat ayrılır. 2023-cü ildə bu vəsait  3,2 milyar manat olub. Ordumuzun hərbi-texniki bazasının gücləndirilməsi və orada bütün işlərin çox yüksək həddə qurulması üçün  3 milyard manat vəsait nəzərdə tutulub. Bütövlükdə büdcəmiz formativ büdcədir və hər proqnoz özünü doğruldur".

Aydın Hüseynov pensiya və maaşların artırılmasının nəzərdə tutulduğunu qeyd edib:

 

"Burada başqa bir təcrübə də var. Yəni il ərzində gəlirlərimiz artarsa, ondan digər prioritet istiqamətlərə vəsaitlərin yönəldilməsi nəzərdə tutulur. Birinci növbədə büdcəmizin böyük hissəsi sosial tədbirlərin həyata keçirilməsinə yönəlir. Bu çox önəmlidir. Gələn ilin büdcəsi xarakterizə olunur:sosial xərclərin, sosial istiqamətlərin daha priroitet olması, Qarabağda görülən işlər və Ordumuzun daha da gücləndirililməsi ilə.  Pensiyalarda 11 faiz artım gözlənilir. Orta əmək haqlarında da artım nəzərdə tutulur. Yəni maaşların inflyasiya həcmindən yüksək olmaqla artırılması nəzərdə tutulur".

 

İqtisadçı ekspert Natiq Cəfərli isə  2024-cü ilin büdcəsində ciddi dəyişikliklərin olmadığını söyləyib:

 

"İlkin açıqlanan versiyaya nəzər saldıqda elə böyük dəyişikliklər yoxdur. Ancaq sosialyönümlü xərclər təqribən 5 faiz artır. İşğaldan azad olunmuş torpaqların bərpası üçün təxminən 3,8 milyard manata yaxın vəsait ayrılacaq. Bu Vətən müharibəsindən bu yana ayrılan ən böyük vəsaitdir. Elm və təhsil istiqamətində də 2023-cü illə müqayisədə nəzərəçarpacaq artım var. Əsas dəyişikliklər bunlardan ibarətdir".

N.Cəfərli sosialyönümlü xərclərin 5 faiz artmasının gözləntilərə tam cavab vermədiyini vurğulayıb:

 

"Çünki bu, maaş və təqaüdlərdə 5-10 faiz indeksləşmənin baş verə biləcəyi anlamına gəlir. Yəni 5-10 faiz artım ola bilər. Bu isə indiki inflyasiya şəraitində o qədər də gözləntiləri qarşılayacaq artım deyil. Çünki qiymətlər də kifayət qədər sürətlə artır. Ona görə də parlament müzakirələri zamanı ola bilsin ki,bəzi parametrlərə dəyişikliklər olunsun. Yəni sosial xərclərin artırılması istiqamətində müəyyən qərarlar verilə bilər".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi