Noyabrın 1-də Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9%-dən 8,5%-ə endirilməsi barədə qərar qəbul etdib. Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7,5%-dən 7%-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 10%-dən 9,5%-ə endirilib.
Digər məlumatda deyilir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 ayda 16.8% və ya 1.5 mlrd. ABŞ dolları artaraq 10.5 mlrd. ABŞ dollarına çatıb.
Uçot dərəcələrinin azaldılmasına səbəb nə olub? Bu addım iqtisadiyyat üçün nə vəd edir?
Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, müsbət tendensiyalar sayəsində Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb:
“Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsini 0,5 faiz bənd aşağı salması, bilavasitə ölkədə inflasiya və bahalaşma tendensiyasının nisbətən zəifləməsi ilə əlaqədardır. Ölkədə iqtisadiyyat üçün makro göstəricilər qənaətbəxş hesab olunur. Mərkəz Bankın valyuta ehtiyyatları ilin əvvəllindən əhəmiyyətli dərəcədə artıb. Ölkəmizin tədiyə, xarici ticarət balansı müsbət saldo xarakteri daşıyır. Bu nöqteyi-nəzərdən Mərkəzi bank uçot dərəcəsini azaltmaq qərarına gəlib. Düzdür, bu, ciddi dərəcədə endirim deyil. Həm qeyd etdiyim göstəricilər, həm də manatın nominal effektinin möhkəmlənməsi baxımından bu addımın atılması yeganə çıxış yolu hesab edilib. Yəni müsbət tendensiya var. Mərkəzi Bank tərəfindən xarici valyutanın alışı nöqteyi-nəzərdən intervasiyanın genişlənməsi müsbət tendesiyalardan biridir. Ölkənin istehlak bazarına xarici inflyasiya yönümlü təzyiqlərin bilavasitə zəifləməsi də müsbət tendensiyadır”.
P.Heydərov uçot dərəcəsinin aşağı salınmasının bank sektoruna təsirindən də danışıb:
“Uçot dərəcəsi aşağı salınarkən Mərkəzi Bankın bank sektoruna təklif etdiyi kredit resursları üzrə dəyər səviyyəsi aşağı düşür. Məntiqlə kommersiya banklarının Mərkəzi Bankdan əldə etdikləri kreditin faizi enir. Bizdə bu mexanizm yaxşı işləmədiyinə görə kredit faizlərinə öz təsirini müşahidə etdirmir. Yəni bu uzun illərin ənənəsidir. Təəssüflər olsun ki, bu ənənə aradan qaldırılmır. Daha doğrusu bunu aradan qaldırmağın mexanizmi yoxdur. Ümumilikdə isə uçot dərəcəsinin aşağı salınmasının bank sektoruna müsbət təsiri var”.
İqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanda bank sektorunda olan vəziyyətin uçot dərəcəsinin ölkə iqtisadiyyatına ciddi təsir etməsinə imkan vermədiyini vurğulayıb:
“Banklar əhaliyə istər biznes, istərsə də istehlak krediti vermək üçün lazımi vəsaitin çoxunu Mərkəzi Bankdan götürmür. Uçot dərəcəsinin ən sadə dildə ifadəsi budur ki, Mərkəzi Bank 7-8 faizlə pulu satır. Ondan götürülən pul həmin faiz qədər Mərkəzi Banka geri qaytarılır. Kommersiya bankı Mərkəzi Bankdan vəsait alıb kreditləri vermədiyinə görə, uçot dərəcəsi camaatın aldığı biznes və istehlak kreditlərinə təsir göstərə bilmir. Çünki uçot dərəcəsi 2 faiz olanda da eyni kredit, faiz və depozit idi.Uçot dərəcəsi 9 faiz olanda da eyni vəziyyət olub”.
E.Əmirov Mərkəzi Bankın uçot dərəcəsini aşağı salmasının səbəbini belə izah edib:
“Uçot dərəcəsinin az da olsa, ümumi iqtisadiyyata təsirləri var. Bu təsirlər uçot dərəcəsinin artırılması fonunda iqtisadiyyatın daraldılmasına xidmət edir.Burada prinsip “tələbi məhdudlaşdıraraq, inflyasiyanı cilovlamaq”dır. Hazırda Ümumdaxili Məhsulun (ÜDM) səviyyəsinin o qədər də qənaətbəxş olmaması, iqtiasdi aktivliyin artırılmasını zərurətə çevirir. İqtisadi aktivliyin artırılması üçün də uçot dərəcəsini artırmaq olmaz. Bütün ölkələrdə uçot dərəcəsinin artırılması iqtisadi aktivliyi boğan, daraldan faktordur”.