Mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq hadisələr qaçılmaz olur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
"ANAMA-nın məlumatına əsasən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlaması hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb, 7 nəfər isə həyatını itirib. 6 ədəd kənd təsərrüfatı texnikası yararsız hala düşərək sıradan çıxıb.
Eyni zamanda, işğalçılar uzun illər ərzində kənd təsərrüfatı torpaqlarını döyüş poliqonuna çevirib və münbitliyinə ciddi ziyan vurub. Həmin ərazilərin torpaq resurslarının monitorinqi zamanı müəyyən edilmişdir ki, uzunluğu 2000 km, sahəsi isə təxminən 4 200 hektar olan səngərlər və istehkamlar qurulub və bu torpaqlar kəskin antropogen eroziyaya məruz qalıb. Yüksək səviyyədə mina və partlamamış silah-sursatla çirklənmiş əkin sahəsi təxminən 5 min hektardır”, - o qeyd edib.