“Gələn ildə işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcəkdir. Xərclərin 30,7%-i özünüməşğulluq tədbirlərinin, 23,1%-i məşğulluq xidməti orqanının saxlanmasının, 18,9%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 14,7%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcəkdir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "İşsizlikdən Sığorta Fondunun 2024-cü il Büdcə layihəsi" qanun layihəsinin parlamentdə müzakirəsində deyib.
Bununla yanaşı məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması əsas istiqamətlərdən biri kimi vahid əmək münasibətləri platforması və ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya sistemi və səyyar monitorinq və yoxlama sistemləri, elektron əmək birjası və yarmarkası, ictimai işlər portalı və BACAR innovativ platforması üzrə işlər tamamlanacaqdır.
Gələn il işsizliyə görə sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsinin genişlənməsi, o cümlədən, torpaq payı olan vətəndaşlar belə hüququn yaradılması, sığorta stajı barədə tələbin yumşaldılması, yeni xitam əsasının yaradılması və s. yeniliklərin tətbiq edilməsi işsizliyə görə sığorta ödənişi xərc maddəsinin dairəsinin 30%-ə qədər artmasını nəzərdə tutur.
Cari il ilə müqayisədə 2024-cü ildə işsizliyə görə sığorta ödənişləri xərcləri 4 milyon manat, yaxud 26,6 %, peşə hazırlığı və əlavə təhsilin təşkili xərcləri 13 milyon manat, yaxud 37%, sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin ödənilməsi xərcləri 2 milyon manat, yaxud 50% artırılması, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 14,5 milyon manat, yaxud 16,6% azaldılması nəzərdə tutulur. Özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin azaldılması peşə hazırlığı və əlavə təhsilin təşkilinə daha çox önəm verilməsi ilə bağlıdır.