Modern.az saytının məlumatına görə, bu gün tanınmış jurnalist, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin ad günüdür, onun 45 yaşı tamam olub.
Vahid Mustafayev 4 sentyabr 1968-ci ildə anadan olub. 1988-ci ildə Vahid Mustafayev jurnalistlik karyerasına başlayıb. Onun ilk buraxdığı nəşr «Rokoko» adlı jurnal olub. Bu gizli nəşr Azərbaycanda rok musiqisinə həsr olunmuş xüsusi bir aylıq dərgi idi. Daha sonra 1989-cu ildə milli azadlıq hərəkatı fonunda Qarabağa Xalq Yardımı Komitəsi yaradıldı. Bu komitənin mətbu orqanı olan "Azərbaycan" qəzetində Vahid Mustafayev qardaşı Seyfulla Mustafayev, dostu Mirşahin Ağayevlə birlikdə işləməyə başladılar və möhkəm dost oldular.
26 noyabr 1991-ci ildə 3 nəfər gənc jurnalist - Vahid, Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən ilk müstəqil telekanal - Azerbaijan News Service (Azərbaycan Xəbərlər Xidməti - ANS) yaradıldı.
V.Mustafayev hazırda ANS Şirkətlər Qrupu MMC-nin prezidentidir. ANS Şirkətlər Qrupu MMC-yə ANS TV, ANS ÇM radiosu, ANS Kommers Şirkəti, ANS PRESS nəşriyyat evi daxildir.
V.Mustafayev Azərbaycan prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Evlidir, iki qızı var.
A.Qorxmaz