Son illər ali məktəb kitabxanalarının elmi-informasiya mərkəzi olaraq fəaliyyəti diqqəti cəlb edir. Universitetlərin təhsillə yanaşı elmi müəssisə olaraq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə Kitabxana-informasiya xidmətinin yeni keyfiyyət səviyyəsinə keçməsi, müasir texnologiyaların tətbiqi və hər şeydən öncə qlobal elmi informasiya məkanına inteqrasiya olunması vacibdir. Bu istiqamətdə fəaliyyətini genişləndirən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-informasiya Mərkəzinin keçirdiyi “Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” adlı beynəlxalq elmi konfrans mütəxəssislər tərəfindən maraqla qarşılandı. Konfrans “Heydər Əliyev ili”nə həsr edilmiş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində keçirilirdi. Bu tədbir Azərbaycanın “informasiya və sənəd menecmenti” sahəsində fəaliyyət göstərən kiçik akademik icma ilə yanaşı, Türkiyə və Rusiyadan dəvət olunmuş mütəxəssislərlə öz əhatəsini genişləndirmişdi.
Konfrans materialları ilə tanışlıq göstərdi ki, təqdim olunan 43 elmi məqalədən 7-si süni intellekt və smart kitabxanalar probleminə həsr edilib, 7 məqalə informasiya xidmətinin rəqəmsallaşdırılması problemlərinə, 8 məqalə elmmetrik və bibliometrik tədqiqatlara, 12 adda məqalə kitabxana proseslərinə innovativ yanaşma üsullarına həsr edilib. Məqalələrin mövzusu və analitik xarakteri bir daha sübut etdi ki, tədqiqatçılarımız müasir trendlərdən geridə qalmır və günün tələblərini öyrənir, araşdırır və tətbiqi problemlərini ifadə edirlər.
Konfransın gedişi zamanı akademik mühitin yaradılmasına xüsusi diqqət yetirildiyi açıq-aşkar hiss olunurdu. İştirakçılar universitet kitabxanasının akademik sferada önəmli yerini daha yaxşı anlayırdı. Avropanın da bir sıra qabaqcıl universitetlərində buna oxşar mühit yaradılır. Baloniyanın qədim və kiçik universitet binalarına daxil olanda ilk addımı kitabxanadan atırsan. Universitetlərdə kitabxana mərkəzli mühitin yaradılması heç şübhəsiz məhsuldarlığın artmasına xidmət edir.
Universitetin təhsil prosesində və yeni elmi tədqiqatlarda akademik kitabxananın genişlənməkdə olan rolu və yeni xassəli informasiya məhsulları ilə rəqəmsal xidmətlərin təşkili konfransın diqqət mərkəzində idi. Bu istiqamətdə bir neçə maraqlı və aktual məruzələr təqdim olundu.
Qabaqcıl universitetlərin təcrübəsi göstərir ki, kitabxanalar təhsil prosesinin bilavasitə mərkəzinə çevrilirsə yüksək nəticələr əldə olunur. Universitet tələbələrinin kitabxanada keçirdiyi zaman təhsilin keyfiyyətini göstərən meyara çevrilir. Odur ki, Universitetin hər bir bucağı “Kitabxana statusu” ilə fəaliyyət göstərməli və mütaliənin təşkili üçün şərait yaradılmalıdır. “Universitet kafesində kitab oxumaq olmaz” düşüncəsi ilə idarə olunan müəssisələrdə prioritetlər fərqlidir. Kitab oxumaq bir ruh halıdır, evdə, yolda, kafedə və ya parkda olmasından asılı olmayaraq, daxili ehtiyac kimi qarşıya çıxır. Erkən yaşlarda mütaliəni alqoritmə çevirmək və mütaliəni deklarativ elan etmək mümkün deyil. Mütaliəni tələb edən ruh halını yaratmaq, uyğun mühiti yaratmaq vacibdir. Mütaliənin vərdişə çevrilməsi və daxili ehtiyac olaraq həyatımıza daxil olması tədriclə baş verir.
Bu konsepsiya ilə problemə yaxınlaşmaq və müvafiq akademik mühitin yaradılması təkcə kitabxanaların gücü və imkanları ilə mümkün deyil, əsasən Universitet rəhbərliyinin dəstəyi təhsil və akademik mühitin yaradılmasını təmin edə bilər.
2023-cü ilin fevral ayında yayınlanan Azərbaycan H-indeksi reytinqi cədvəlində Azərbaycan Dövlət İqtisad Universiteti “elmi potensialın liderləri” qrupunda yer almışdı və respublikanın elm və təhsil müəssisələri sıralamasında 7-ci yeri tuturdu.
Dünyanın üç nüfuzlu elmi informasiya məlimat bazaları əsasında tərtib olunan bu reytinq cədvəlində Azərbaycan Dövlət İqtisad Universitetinin H-indeksi 26, Scopus məlumat bazasına əsasən 26, Web of Science məlumat bazasına əsasən 26, Google Scholar məlumat bazasına əsasən 50 təşkil edir.
QS Dünya Universitetlər Reytinqi 2024 (QS World University Rankings 2024) açıqlanıb və təsadüfi deyil ki, reytinq sıralamasında UNEC dünya universitetləri sırasında əvvəlki mövqeyini daha da möhkəmləndirərək, dünyanın ən yaxşı 1001+ universiteti sırasında yer alıb.
Dünyanın nüfuzlu məlumat bazalarını araşdırmaq, informasiya resurslarından istifadəni təmin etmək və Azərbaycan elmi resurslarını beynəlxalq elmi mühitə inteqrasiya etmək sahəsində də elmi kitabxanalarımızın əhəmiyyətli rolu məruzələrdə öz əksini tapdı.
Konfransda müzakirə edilən məruzələrin aktuallığı, elmi və təcrübi əhəmiyyəti diqqəti cəlb edir. Azərbaycan dili ilə yanaşı, türkcə və ingiliscə məruzələr, Türkiyənin Hacəttəpə Universitetindən, Kastamonu Universitetindən, Rusiya Elmlər Akademiyasının Elmi Texniki kitabxanasından onlayn qoşularaq, çıxış edən nüfuzlu alimlər konfransa xüsusi status verirdi. Türkiyə Cümhuriyyətinin informasiya-sənəd menecmenti sahəsində nüfuzlu alimlərindən hesab edilən professor Bülent Yılmaz “Mütaliə mədəniyyəti” mövzusunda diqqəti cəlb edən bir məruzə təqdim edərək, rəqəmsal mühitdə mütaliənin təhsilin keyfiyyətinə və əldə edilən yüksək elmi nəticələrə təsirindən bəhs etdi.
Konfransda əhəmiyyətli bir məqam da o idi ki, burada beynəlxalq Kitabxana Assosiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyasının (IFLA) Sənəd Təminatı və Resurs Paylaşımı bölməsinin konfransının ilk dəfə Bakıda keçiriləcəyi barədə məlumat verildi. Bu konfransın Azərbaycanda təşkili mühüm hadisə olmaqla dünya təcrübəsini və yenilikləri mənimsəmək baxımından milli kitabxana-informasiya sahəsinin mütəxəssisləri üçün çox böyük əhəmiyyət daşıyır.
Zənnimcə, konfrans sənəd və informasiya menecmenti sahəsində respublikada əldə olunmuş nailiyyətlər və beynəlxalq elmi mühitə inteqrasiyanın səviyyəsini göstərdi. Azərbaycan tədqiqatçıları dünyanın nüfuzlu alimlərinin əsərlərini təhlil edərək, ciddi tədqiqat işlərinə, innovativ layihələrə analitik yanaşma sərgiləməklə kitabxanaşünaslıq elminin inkişafına töhfə vermiş oldular.
Kazimi Pərviz,
tarix üzrə fəlsəfə doktoru, dosent.