“Siyasi partiyalar” haqqında qanuna görə, reyestrə daxil olan partiyalar qurultay keçirməli və yeni nizamnaməni Ədliyyə Nazirliyinə təqdim etməlidir.
"90 gün müddətində siyasi partiya nizamnaməsini və proqramını bu Qanunun tələblərinə uyğunlaşdırır, proqramı olmadığı halda onu qəbul edir və nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir", - qanunda deyilir.
Bəs hansı partiyalar qurultay keçirib?
Modern.az bununla bağlı olaraq bir sıra partiyalarla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı bu həftə ərzində qurultay keçirilməsinin nəzərdə tutulduğunu deyib.
“Qurultayın məqsədi nizamlamanı yeni qanuna uyğunlaşdırmaqdır. Bu həftə ərzində yeni nizamlamaya qanunvericiliyə uyğun dəyişikliklər edilib göndəriləcək. Lakin dəqiq gün məlum deyil”, - o deyib
Ümid Partiyasının sədri İqbal Ağazadə isə artıq qurultay keçirdiklərini bildirib. “Biz qurultay keçirdik. Nizamnaməni, proqramı və digər lazımi sənədləri Ədliyyə Nazirliyinə təqdim etmişik”.
Ədalət Partiyası da qurultay keçirənlər sırasındadır.
“Yeni qanunun tələblərinə uyğun olaraq Ədalət partiyası oktyabrın 21-də özünün 8-ci növbədənkənər qurultayını keçirib. Qurultayda yalnız bir məsələni müzakirə etdik. Bu da Ədalət partiyasının Proqram və Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi idi. Qurultay iştirakçıları bu əlavə və dəyişiklikləri qəbul etdilər. Bununla bağlı Ədliyyə nazirliyinə müvafiq müraciət etmişik, əlavə və dəyişikliklər nazirliyə təqdim olunub”,-deyə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli vurğulayıb.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə partiyanın qurultayının noyabrın 26-da keçiriləcəyini söyləyib.
REAL partiyası isə bir neçə gün əvvəl qurultay keçirib, partiyanın nizamnaməsi qəbul edilib və Siyasi Komitəsi, eləcə də digər rəhbər sturuktutları formalaşıb.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilib. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Partiyaların əksəriyyətinə Ədliyyə Nazirliyindən müsbət cavab verilib.