Modern.az

Deputat: “Bu mənim ən yaralı yerimdir” - MÜSAHİBƏ

Deputat: “Bu mənim ən yaralı yerimdir” - MÜSAHİBƏ

5 Sentyabr 2013, 13:26

“Həmin daş qəlbli insanlar üçün istəyirsən 50 qanun qəbul et, yenə də bunun onlara zərrə qədər təsiri olmaz”

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, professor Hüseynbala Mirələmovun Publika.Az-a müsahibəsi:
 
-Tez-tez eşidirik ki, filan yerdə meşəni qırdılar, filan yerdə heyvanı vurdular və sairə.
Misal üçün, bu yaxınlarda Şirvan qoruğunda baş verən yanğın zamanı xeyli sayda heyvan tələf oldu. Sizə elə gəlmir ki, bu sahədə mövcud olan qanunvericilikdə müəyyən boşluqlar var?

- Mən şəxsən şahidi olmuşam ki, ümumiyyətlə, bir sıra xarici dövlətlərdə adicə bir quş və ya sahibsiz pişiklə pis rəftar olunmur. Əgər, belə hal olarsa belə, orada olan insanlar həmin adamı ciddi tənbeh edərlər. Mən Almaniyada bunun şahidi olmuşam. Azərbaycanda bu sahədə olan vəziyyət mənim çox yaralı yerimdir.

Biz kifayət qədər şüuru inkişaf etmiş və savadlı insanlarıq. Xeyli insanlarımız ali təhsillidir. Odur ki, hamımız təbiəti qorumalıyıq. Təbiəti qorumaq üçün heç bir qanun lazım deyil, bu, bizim beynimizdə, vicdanımızda, əqidəmizdə və ürəyimizdə olmalıdır. Axı, Allahın yaratdığı canlını biz necə öldürə bilərik? Həmin daş qəlbli insanlar üçün istəyirsən 50 qanun qəbul et, yenə də bunun onlara zərrə qədər təsiri olmaz.

Mən bir neçə il bundan öncə İsmayıllıdan gələrkən Şamaxıda yolun kənarında dayanıb kafelərdən birində çay içdim. Kafedə çay içərkən gördüm ki, oradakı insanlar həmin ərazidə nə iləsə məzələnir. Kimi harın-harın gülür, kimi də daş və sairə atır. Yaxınlaşıb gördüm ki, insanların bayaqdan məzələndiyi şey dəmir qəfəsin içərisində olan bir canavar imiş. Mən bunu görüb dəhşətə gəldim. Bu cür insanların mənəviyyatı deformasiyaya uğrayıb. Onlar bu yazıq canavara daş və su atırlar, ağacla vururlar və sairə. Mən həmin vəziyyəti görüb çox pis oldum. İnanın ki, həmin vaxtı mənim imkanım olsaydı, mən o insanları dara çəkərdim. Axı necə Allahın yaratdığı bu canlını qəfəsə salıb bu qədər işgəncələr verirlər? Kafenin sahibi bu heyvanı qəfəsə salır ki, müştərilərinin sayı artsın. Bizim camaat da bundan əylənirlər. Səmimi deyim, hətta mən bunu görüb ağlamaq dərəcəsinə qədər gəldim. Çay da içmədim, çox dilxor vəziyyətdə mən oranı tərk etdim. Bundan sonra mənim beynimdə bir qəzəb, hiddət və üsyan baş qaldırdı. Mən buna münasibət bildirmək qərarına gəldim və “Cəza” adlı povest yazdım. Mən bu kitabı çox ürək ağrısı ilə yazmışam. Bu kitabda mən bütün nifrətimi həmin insanlara tökmüşəm. Kitabda təkcə o canavarı Allahın yaratdığı heyvanlara qarşı nifrət yox, həm də meşələri qıran, “Qırmızı kitab”a adı düşmüş ağacları kəsib parket hazırlayan, çaylarımızın səmtini dəyişən, ümumiyyətlə təbiəti pozan insanlara qarşı çağırışım var. Sanki, dünyanın axırı gəlib çatıb və insanlar təbiəti çapıb talayır. Çalışmışam ki, bu əsərdə təbiətə qayğı göstərilməsi tərənnüm olunsun. Bu kitab akademik Həsən Əliyevin adına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) elan etdiyi müsabiqəyə də təqdim olunub və birinci yerə layiq görülüb.

Mən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komitəsinin üzvüyəm və təbiətin qorunması ilə bağlı onlarla qanun layihəsi, sənəd hazırlamışıq. Ancaq bütün bunların effektiv faydası hələ müşahidə olunmur. İndi dünyada ekoloji problemlər yaşanır. Bu problemlər fonunda Azərbaycan daha çox ekoloji böhrana sürüklənib. Səmimi deyim ki, bu məsələdə qanunlar ikinci dərəcəli amil hesab olunur. Əsas insanın öz vicdanıdır. Mən istəyirəm ki, qanunlar bizim qanımızda olsun. Biz hər hansı həşəratı və ya cücünü belə qorumalıyıq.

Elmi-fantastik əsərləri ilə məşhur olan görkəmli Amerika yazıçısı Rey Bredberinin bir kitabını oxumuşam, həmin əsərində bir amerikalı ailə üzvləri yay mövsümündə meşəyə istirahətə gedirlər, bu zaman uşaq meşədə bir kəpənəyi qovub tutur. Yazıçı Rey Bredberi kitabında daha sonra yazır ki, həmin bir kəpənəyin tələf olması bir milyon ildən sonra Yer kürəsinin öz oxu ətrafından 1 santimetr uzaqlaşmasına səbəb olub. Görün, təbiətin balansını pozmaq nə qədər böyük cinayətdir. İnsan özü özünü məhv edir, özünə quyu qazır və sairə. Çox təəssüf ki, insanlarımız hələ də bunu dərk etmir.
 
-Bəzi imkanlı şəxslərin Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların, o cümlədən ayı, ceyran və digər heyvanları ovlaması iddia olunur. Buna necə baxırsız?

-Mən deməzdim ki, bunlar imkanl adamlar silsiləsinə aiddir. Bu insanları mən daha çox brakanyor-yəni, təbiəti və canlı aləmi qanunsuz və icazəsiz məhv edən insanlar adlandırardım. Bu əməllər onları vəhşi və harınlaşdırıb. Bu mövzuda mənim bir hekayəm də var. Həmin hekayənin adı “Simuzər” adlanır. Mən bu hekayəni institutun birinci-ikinci kursunda yazmışam. Həmin hekayə mənim ilk kitabımda çıxıb. Bizim çox istedadlı rejissorumuz Ələkbər Kazımovski həmin hekayəyə eyni adlı film də çəkib. Hekayəmdə baba və nəvəsi əl-ələ tutub dənizin qırağında gəzirlər. Bu zaman nəvə babasına sual verir! Uşaq deyir! Baba, dənizin suyu nə üçün şordur? Baba ah çəkərək nəvəsinə cavab verir! Deyir ki, bala, bu dənizin suyu balıqların göz yaşından şor olub!

Mən Komunist Partiyası dövründə Lənkəranda qaz tikinti quraşdırma idarəsinin rəisi işləyirdim. Bir dəfə mart ayında məni nəzarətçi kimi Qızılağac qoruğuna göndərirdilər. Onun şahidi oldum ki, səhərədək amansızcasına balıqları tutub yük maşınlarının kuzovuna doldururdular. Bizim haray-həşirimizxə əhəmiyyət verən olmadı. Ən bəsiti budur ki, mart ayı balıqların kürü tökən, yəni nəsil artırma dövrüdür. O dövrdə balığlara toxunmaq bnelə ən dəşhətli cinayət sayılır. Mən də buna etiraz olaraq “Simuzər” hekayəsini yazdım.

Biz deyirik ki, bütün canlıların əşrəfi insandır. Əgər bütün canlıların əşrəfi insandırsa, o zaman bu canlılara nə üçün insanlar divan tuturlar? Bəs insanların əşrəfliyi, sivilliyi, şüurluluğu harada qaldı? Axı nə üçün insanlar balıqları talayır, iti, pişiyi, quşu öldürür? Mən balıq tutmağın əleyhinə deyiləm, ancaq mart ayında balıqların kürü tökən vaxtında balıqları tutmaq cinayətdir. Mən hətta öz kitabımda kürü tökən balıqların tutulmasını hamilə qadınlarla müqayisə etmişəm. Ümumiyyətlə, bizim üçün ən bəşəri dəyər ekologiyanı qorumaqdır. Çünki ekologiya təbiət, təbiət isə Allah deməkdir. Əgər biz təbiəti məhv ediriksə, deməli Allaha qarşı çıxmış oluruq. Biz Allahımızı və təbiətimizi qorumalıyıq. Biz bunları qorumaqla həm də özümüzü və gələcək nəsilləri qoruyuruq. Mən hər kəsi təbiəti qorumağa çağırıram. Hamı təbiəti qorumağa öz həyətindən, küçəsindən başlasın. Azərbaycanın təbiətini, o cümlədən göllərini, çaylarını, meşələrini qorumaq lazımdır. Axı, səhra kimə lazımdır? Vaxt gələcək, neft də tükənəcək. Ondan sonra biz nə edəcəyik?

“Dənizi daş hasara almaq doğru deyil”
 
- İndi insanları bu sahədə daha çox narahat edən bir məsələdə dənizin hasara alınmasıdır. İnsanların bu narazılığının qismən də olsa aradan qaldırılması üçün qanunvericilikdə hər hansı dəyişiklik ola bilər?

-Söz yox, bu məsələ ilə bağlı Milli Məclisdə hələ heç bir qanun qəbul edilməyib. Bu məsələnin də arxasında yenə insan amili dayanır. Axı, sən bu dənizi nə üçün hasara alırsan? Kimsə dənizin qırağında villa tikir, sağlığına qismət olsun. Ancaq onu daş hasara almaq doğru deyil.

İnsanlar hələ də dərk etmir ki, indi daş hasarları kameralar əvəzləyib. Əgər sən belə qorxursansa, o zaman evinin ətrafında kameralar quraşdır. Artıq daş dövrü qurtarıb.

Hələ mən rayonlara gedəndə elə şeylər görürəm ki, lap ürəyim ağrayır. İndi rayonlarda daş dövrü elə bil indi başlayıb. İcra başçıları hər yerə daş hasarlar çəkdirir. Bütün bunlar isə ilk növbədə sürücülərə qarşı cinayətdir. Axı, sürücülər nə qədər qarşıya, qara asfalta baxmalıdır? İnsanı ilğımlar dəli edə bilir. Sağ və sol tərəfin daş hasar, qarşıda isə ilğım olanda, əlbəttə ki, sürücü qəzaya uğrayar da. Vallah, bütün bunlar cinayətdir. Mən Çin Xalq Respublikasında səfərdə olarkən orada yol boyu əkilmiş ağacları görüb heyran oldum. Mən orada ağacları görüb ləzzət alırdım, ancaq fotoaparat ilə şəkil çəkirdim. İnsanlar yaşıllıqla yaşamalıdır, ondan böyük zövq almalıdır. Yoxsa, sağ və sol daş hasar, qabaq isə ilğımlı yol olan zaman vallah insan dəli olar. Mən arzu edirəm ki, bizim məmurlarımız xarici ölkələrə gedib oradakı yolları görüb yaxşı-yaxşı düşünəcəklər. Adama deyən lazımdır ki, daş hasara qoyduğun pula gedib ağac alıb əkdir, ona qulluq etdir. Bu ondan daha sərfəli və faydalı olacaq.

Bu insanlar prezidentin tapşırıqlarına vicdanla yanaşmalıdır. Əgər dövlət başçısı mənə bu rayonu tapşırıbsa, axı mən nə üçün bura külli miqdarda pul sərf edib daş hasar çəkdirirəm? Öz vicdanımla bunu dərk edib gedib ağac əkməliyəm. Gərək  hər şeyi prezident desin ki, get ağac ək? Cənab Prezident humanist insan olduğu üçün bu adamlara dəfələrlə xəbərdarlıq edib. Mən yenə deyirəm, gərək təbiətə sevgi bizim içimizdə olsun. Mənə Prezident deməlidir ki, sən gedib YAP-ın qarşısında ağac ək? Bəs mənim öz şüurum, düşüncəm yoxdur? Başa düşmürəm ki, burada ağac əkmək lazımdır? Xarici ölkələrə gedirsən, bütün divarlardan gül dibçəkləri sallanır. Məgər onlara Prezident deyir bunu? Bu iş insanların öz içindən gəlməlidir. Yenə də deyirəm, mən bu cür daş hasarların əleyhinəyəm.

Mənim bütün dediyim fikirləri reallaşdırmaq üçün Vətəni, Azərbaycanı sevmək lazımdır. Əgər dövlətə, xalq məhəbbət-sevgi yoxdursa, Azərbaycanı sevə bilmiriksə, o zaman belə də davam edəcək. Biz bu Azərbaycanı doğma anamız, övladımız qədər sevməliyik. Bizim bütün nöqsan və bəlalarımız da məhz buradan qaynaqlanır ki, biz bəzən Vətənimizi anamız qədər sevə bilmirik.

“Mən icra hakimiyyəti başçısı olmağı düşünmürəm”

-Məndə belə təəssürat yarandı ki, siz yerlərdə əhali ilə yaxından çalışmağı bacara bilən insansız. Nə əcəb indiyədək icra hakimiyyəti başçısı vəzifəsində çalışmaq istəməmisiz?

-Mən ali məktəbi bitirib Milli Məclisin deputatı seçilənə qədər, yəni 2005-ci ilədək olan dövrdə rəhbər vəzifələrdə çalışmışam. Nazirin birinci müavini, nazir əvəzi, idarə və müəssisə rəhbəri vəzifələrində olmuşam. Mənim ilk hekayəm 7-ci sinifdə oxuyarkən çap edilib. Doğrudur, məndə təşkilatçılıq qabiliyyəti həddindən artıq çoxdur. Ancaq mən özümə elm və yazıçılıq yolunu seçmişəm. Səmimi deyim ki, mən icra hakimiyyəti başçısı olmağı düşünmürəm.
 
“Hadi Rəcəbli mənim çox istəkli dostumdur”
 
-Bildiyimə görə millət vəkili olan həmkarınız Hadi Rəcəbli ilə də eyni sinifdə oxumusuz...

-Mən Hadi müəllimlə eyni sinifdə oxumuşam, biz uşaqlıqdan dostuq, indi də Milli Məclisdə yanaşı otururuq. Hadi Rəcəbli mənim çox istəkli dostumdur. Təsəvvür edin ki, bizim çox illərimiz bir yerdə keçib. Mən indi də fəxr edirəm ki, mənim Hadi Rəcəbli kimi görkəmli dövlət və ictimai xadim olan dostum var. Hadi Rəcəbli həm də gözəl publisistdir. Hadi Rəcəblinin ixtisasca jurnalist olmasa belə, ancaq bu sahədə böyük təcrübəyə malikdir. Mən hər zaman Hadi müəllimə deyirəm ki, sən danışanda mən səninlə fəxr edirəm. Hadi Rəcəbli çox savadlı, məntiqli ziyalıdır. O, həm də çox səmimi və zarafatcıl insandır.

“Şeyxin heç bir biznesi yoxdur”
 
-Bəs   Qafqazın Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə münasibətiniz necədir?

-Mənəvi cəhətdən mən hər zaman Şeyx ilə fəxr etmişəm, qürur duymuşam. Mən Şeyxlə bir neçə dəfə xarici ölkələrdə rəsmi səfərdə olmuşam. O zaman mən Şeyximizin beynəlxalq aləmdə nə qədər böyük nüfuza malik olmasının şahidi olmuşam. Bir çox xarici dövlətlərin prezidentləri, baş nazirləri, din xadimləri Şeyximizin əlindən öpüb. Mən də bunu görüb fəxr etmişəm. Şeyx həm də çox savadlı diplomatdır. O, Azərbaycanın milli mənafeyini hər zaman yüksək tutaraq müdafiə edib. Mən onun haqqında bir çox yazıların müəllifiyəm. Sözün həqiqi mənasında Şeyx Azərbaycan üçün bir qənimətdir. Şeyx bəşəri bir adamdır.
 
-Mətbuatda tez-tez həm sizin, həm Şeyxin, həm də Hadi Rəcəblinin bizneslə məşğul olması barədə məlumatlar yayılır. Bu məsələyə münasibətiniz necədir?

-Mən and içə bilərəm ki, Şeyxin heç bir biznesi yoxdur. Şeyxə qara yaxan adamlar nadan və insanlığını itirmiş adamlardır. Şeyx heç zaman bizneslə məşğul olmayıb. Sadəcə olaraq ona böhtan atırlar, qara yaxırlar. Ola bilər ki, Şeyxin ailə üzvlərindən kimsə, fərz edək ki, Şeyxin oğulu, bacısı oğlu, qudası və sairə bizneslə məşğul olsun. Ancaq bunu Şeyxin adını yazmaq doğru deyil. Məgər Şeyx var deyə, onun qohumları bizneslə məşğul ola bilməz?

Mən bir neçə müddət bundan öncə qəzetlərdən birində oxudum, yazılmışdı ki, Şeyxin Münhen biznesi. Bu yazını yazanlar çox ədalətsiz və nankor adamlardır. Şeyx müqəddəs adamdır. Mən Şeyxin beynəlxalq aləmdə hörmətini görmüşəm, ancaq bizim bu cür nadanlar onun hörmətini görmək istəmir. Mən bu cür adamlara “ayıb olsun” deyirəm. Din bizim mənəviyyatımızdır, Şeyx də onun daşıyıcısıdır. Biz müqəddəs din xadimimizə qara yaxmamalıyıq.

Mən Gürcüstanda şahidi oldum ki, bu ölkənin baş naziri İvanaşvili öz xanımı ilə gürcü patriarxının qarşısında diz çöküb onun əlindən öpüb. Din xadiminə bu cür hörmət olunmalıdır. Ancaq bizdə səmimiyyət və ziyalılıq çatmır.Mənsub olduğumuz din rəhbərinə qarşı bu cür hörmətsizlik həmin dinə qarşı hörmətsizlikdir. Bu adamlar bu haqda düşünməlidirlər.Sonra yazırlar ki, Hadi Rəcəblinin oğlanları bizneslə məşğul olur. Axı niyə də məşğul olmasınlar? İndi Hadi müəllim Milli Məclisin deputatıdır deyə bunlar acından ölməlidir? 
 
“Ailə üzvlərimdən bizneslə məşğul olan adamlar var”
 
-Bəs sizin necə, biznesiniz var?

-Mən də heç bir bizneslə məşğul olmuram. Ancaq mənim ailə üzvlərimdən bizneslə məşğul olan adamlar var. Bu o demək deyil ki, mən bizneslə məşğulam. Mən deputatam deyə, ailə üzvlərim bizneslə məşğul ola bilməz? Ona görə də mən bütün bunları qeyri-normal hesab edirəm. Bəzi adamlar bununla bizə qara yaxırlar. Hesab edirəm ki, bizim ailə üzvlərimizin hər biri bizneslə məşğul ola bilər. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular