Modern.az

Çingiz Qənizadə icra başçısının müdafiəsinə qalxdı

Çingiz Qənizadə icra başçısının müdafiəsinə qalxdı

5 Sentyabr 2013, 15:55

Millət vəkili Çingiz Qənizadə Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun müdafiəsinə qalxıb. Deputat Modern.az saytına göndərdiyi müraciətdə Akif Səlimovla bağlı mətbuatda yayılan məlumatların həqiqətə uyğun olmadığını iddia edib.

Deputatın açıqlamasında deyilir:

“Son günlər Laçının icra başçısı Akif Səlimov haqqında kütləvi informasiya vasitələrində bir mənbədən qidalanan və həqiqətə uyğun olmayan şantaj xarakterli informasiyalar yayılmaqdadır.

Mən Akif Səlimovu tanıyan bir şəxs kimi bunlara fikir verməsəm də, keçmiş daxili işlər naziri Tahir Əliyevin Akif Səlimovla Şuşanın keçmiş polis rəisi Vahid Bayramov haqqında dediklərinə dair yayılan videogörüntü ilə bağlı münasibət bildirməyə bilmərəm.

Belə ki, mən 1992-1993-cü illərdə Bakı şəhər Prokuroru işləyərkən Laçın Polis şöbəsinin rəisi Akif Səlimovun müavini işləmiş, yaxın dostum Telman Tanrıverdiyev vasitəsilə onunla yaxından tanış olmuşam. Həmin çətin günlərdə rəsmi və qeyri-rəsmi formada Laçın Polis Şöbəsinin əməkdaşlarının  silah-sursat və texnika ilə təmin olunmasında yaxından iştirak etmişəm.

O zamanlar Laçın və Şuşanın kəndlərinin və avtomobil yollarının qorunmasında ordudan çox polis əməkdaşları döyüşür və gecə-gündüz polis postlarında dayanırdılar.

Vahid Bayramovu şəxsən tanımıram. Amma Laçın və Şuşa polisinə rəhbərlik edən Vahid Bayramov və Akif Səlimov başda olmaqla hər iki rayonun polis əməkdaşlarının həmin illərdə göstərdikləri şücaətləri danmaq da mümkün deyil. 

Sabiq daxili işlər naziri Tahir Əliyevin Akif Səlimov haqqında dediklərinə gəlincə isə ilk öncə qeyd etmək istəyirəm ki, Tahir Əliyev sırf təsadüf nəticəsində daxili işlər naziri olmuşdu. Çünki o vaxt Ayaz Mütəllibov tamamilə başqa bir şəxsi daxili işlər naziri təyin etmək istəyirdi. AXC isə buna qəti etiraz edirdi. Daxili işlər nazirinin kabinetində həmin danışıqlarda mən də iştirak etmişəm (yəqin ki, Tahir Əliyev bunu xatırlayır).

Sadəcə AXC-nin təyin etməyə başqa namizədi olmadığına görə Tahir Əliyev bu boşluqdan bəhrələndi. Bütün fəaliyyəti dövründə danışığını, oturuşunu-duruşunu bilməyən bir kadr kimi yadda qalmış Tahir Əliyevin savadına gəlincə, Ulu öndər Heydər Əliyevin keçirdiyi müşavirələrin birində Ulu öndərin Tahir Əliyevə  ünvanladığı suallara verilmiş cavab internet resurslarında yayımlanmış və çoxları da mobil telefonuna köçürərək Tahir Əliyevin cavablarını və davranışını rişxənd hədəfinə çevirərək çayxanalarda nümayiş etdirirdilər.

Qısaca olaraq qeyd edim ki, həmin müşavirədə Ulu öndərin israrlı olaraq Gömrük Komitəsinin sədri kimi Tahir Əliyevdən Gömrük Komitəsində yığılan pulların rüşvət və ya rüsum olduğunu soruşduqda o, suallardan yayınmağa başlayır və sonda “Vallah mən bu rüşvətlə rüsumu ayırd edə bilmirəm”, - deyə  cavab  vermişdi.

Bununla da belə savad sahibi Tahir Əliyevin karyerası bitmiş oldu.

Mən Akif Səlimovla sonralar da Laçınlıların yas və toy mərasimlərində görüşmüş, belə məclislərdə ailəvi iştirak etmişik.

Akif Səlimovu, onun övladlarını, ailəsini yaxından tanıyan bir insan kimi qeyd edə bilərəm ki, Akif Səlimov və onun övladları Azərbaycana canı-qanı ilə xidmət edən, dövlətini sevən təmiz və ləyaqətli şəxslərdir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular