İran Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan Prezidenti İlham Əliyevlə Daşkənddə görüşü zamanı Qarabağla bağlı səsləndirdiyi fikirlər İrəvanda narazılığa səbəb olub.
"Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq", - İran Prezidenti bildirib.
Onun sözləri erməniləri qıcıqlandırıb. Ermənistan hökuməti rəsmi olaraq reaksiya verməsə də, hakimiyyətə yaxın jurnalistlər və ekspertlər Rəisinin sözlərini tənqid edib.
Ümumiyyətlə, son dövrlərdə iki ölkə arasındakı münasibətlərdə şübhəli məqamlar müşahidə edilir. İrəvanın Qərblə yaxınlaşması Tehranın xoşuna gəlmir.
Ermənistan İran münasibətləri pozulur?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, ümumiyyətlə, noyabrın 9-da Daşkənddə keçirilən Azərbaycan və İran prezidentlərinin görüşü xüsusi əhəmiyyət daşıyır:
“Bu görüşün keçirilməsi siyasi, xüsusilə də iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində keçdi. Görüşün stenoqramından onun səmərəli və məhsuldar keçdiyi görülür. Bir çox məsələlər müzakirə olundu. Diqqətçəkən məsələlərin başında İran prezidentinin Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəklədiyini və tanıdığını bildirməsi oldu. Digər ən əsas məsələ iqtisadi əlaqələrin möhkəmləndirilməsi ilə bağlıydı. Orada ikitərəfli müştərək layihələrin müzakirəsi gedirdi. Xüsusilə də, nəqliyyat-tranzit sahəsində vəziyyətin gündən-günə yaxşılaşdığı bildirildi. Nəqliyyat işi sahəsində böyük işlərin görüldüyü qeyd edildi. Ağbənd marşrutu ilə bağlı layihələr müzakirə olundu. Bu layihələrin həm Azərbaycan, həm də İranın maraqlarına cavab verdiyi bildirildi. Azərbaycan-İran-Naxçıvan nəqliyyatının genişləndirilməsinə zəmanət verildiyi qeyd edildi”.
Deputat qeyd edib ki, Ermənistanla İran arasında əlaqələr əslində Rəisinin bu görüşdə səsləndirdiyi fikirlərdən qabaq zəifləyib:
“Vaxtilə Ermənistanda ABŞ-la birgə hərbi təlim keçirildi. Həmin dövrdə bu İranın qıcığına səbəb olmuşdu. Bununla bağlı İran rəsmiləri tərəfindən bir neçə fikir də səsləndirildi. Lakin cənab Prezident də görüşdə qeyd etdi ki, ermənilərə müəyyən layihələrdə, xüsusilə də, Zəngəzur dəhlizində iştirak təklif olunmuşdu. Ancaq Ermənistan digərlərində olduğu kimi, bu məsələlərlə bağlı da qeyri-konstruktiv mövqe ortaya qoymuşdu. Ermənistan bunun əvəzinə özünün alternativ sülh kəsişməsi layihəsini ortaya qoydu. Bütün platformalarda onu təqdim etməyə çalışır. Lakin Azərbaycanın olmadığı heç bir layihə regionda baş tuta bilməz. Çünki iqtisadi layihələri həyata keçirən, diqtə edən tərəf Azərbaycandır. Ermənistan Zəngəzur dəhlizinə qarşı çıxmaqla çox böyük səhvə yol verdi. Azərbaycan indi alternativlər üçün addımlar atır. Noyabrın 9-da İran Prezidenti ilə görüş bunun əyani nümunəsidir. Bu, təbii ki, Ermənistan-İran münasibətlərinə kifayət qədər mənfi təsir göstərəcək. İran üzərindən keçəcək magistiral və dəmiryolunun tikilməsi isə cənub qonşumuzun özünə sərf edir. Buradan böyük yüklərin keçməsindən söhbət gedir. İran da bundan imtina etməyəcək. Çünki bu İrana dvidentlər gətirir”.
Milli Məclisin digər deputatı Nəsib Məhəməliyev İran Prezidenti İbrahim Rəisinin dilindən "Qarabağ Azərbaycandır" fikrini eşitməyin xoş olduğunu söyləyib:
"Hesab edirəm ki, İran reallığı düzgün başa düşür. İran kimin dost, kimin düşmən olduğunu dərk edir.Ancaq bu bizi arxayınlaşdırmamalıdır. İran öz tarixində kifayət qədər siyasətində manevrlər etmiş, stiuasiyadan asılı qərar qəbul etmiş ölkədir. Onun oturuşmuş siyasəti var. Bu, İranın birdən-birə Azərbaycanla bütün münasibətləri yüksək səviyyəyə qaldıracağı və Azərbaycanın dövlət maraqlarına uyğun siyasət aparacağı anlamına gəlmir. Eləcə də İranın Ermənistanı arxa plana atacağını da düşünmürəm. Mən bu məsələdə elə də optimist deyiləm".
Nəsib Məhəməliyev vurğulayıb ki, İran Prezidentinin çıxışının ermənilərdə qıcıq yaratması normal haldır:
"İranın Paşinyan hökumətinin siyasətindən tam narazı olduğu məlumdur. İranın apardığı siyasət nəticəsində Zəngəzur dəhlizi açılmadı. 3 il bundan öncə Zəngəzur dəhlizi açıla bilərdi. Paşinyan Qərbdən aldığı təlimatlara uyğun olaraq,siyasət yürüdür. O, Avropaya inteqrasiya və NATO ilə əməkdaşlıq məsələlərini gizlətmir. Bu da İranın dövlət maraqları ilə uyğunlaşmır. Ona görə də İran Prezidentinin çııxışı ermənilərdə kəskin etiraz yaradır. Ancaq bir daha söyləyirəm ki, bu bizdə eyforiya yaratmamalıdır. Biz öz siyasətimizi aparırıq. Qonşularımızla qarşılıqlı dövlət maraqlarımıza uyğun olaraq, əlaqə saxlayırıq. Doğru olan da budur. Rəisinin səsləndirdiyi fikirlər Paşinyan üçün xəbərdarlıq mesajı da ola bilər. Rəisi müəyyən məsələlərdə Ermənistanın İranla hesablaşmalı olduğunu çatdırmaq istəyər".