Cinayət Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi yenidən onun əleyhdarlarını hərəkətə gətirib və bunu demokratik azadlıqlara zərbə kimi qiymətləndirərək ictimai kampaniyaya başlayıblar. Sadə dilə çevirsək, söhbət böhtan və təhqirə görə cəzadan gedir və ifadə özgürlüyünün tərəfdarları hesab edir ki, bu inzibati qanunla tənzimlənəcək məsələ nədən sərt sanksiyalarla müşayiət olunmalıdır?
Yazıda sırf hüquqi təhlil məqsədi güdülmədiyindən diffamasiya - yəni, təhqir hüququ haqqında yalnız siyasi mülahizələri bölüşmək istərdim. Avropanın demokratiya anlayışlarına və media müstəqilliyinə baxışı ondan ibarətdir ki, ictimai personalar hər cür böhtana məruz qala bilərlər. Onların ictimai statusu bunu gözünün altına almağı tələb edir. Yəni, vəzifəli şəxs və ya cəmiyyət həyatına təsir gücünə malik olan insanlar bilmədilər ki, sadə vətəndaş və mətbuat kütləvi informasiya vasitələri ilə onu gözdən salmaq, reputasiyasına və işgüzar nüfuzuna zərbə vurmaq hüququna malikdir. Beləliklə, sanki hüquqi bir ziddiyyət meydana çıxır. Şəxsin toxunulmazlığı vəziyyətdən asılı olaraq dəyişir və nəticədə qeyri-bərabər yanaşma formalaşır. Sanki ictimai şəxslər şərəf və ləyaqətin davasından məhrum edilir və belə hüquq onların “fərdi Konstitusiya” sından çıxarılır. Bunu Tomas Hobsun təbiri ilə, “hamının hamıya qarşı savaşı” da adlandırmaq olar.
Əslində təhqir öz gücünə görə maşın qəzasından daha böyük öldürücü qüvvəyə malikdir. Azərbaycanın onlarla tanınmış siması bir ağır sözün, bir qarayaxma və çirkin təbliğatın qurbanı olduqlarını unutmamışıq. Lakin “gəlin demokratiya naminə təhqir azadlığını bərqərar edək” deyənlərin dəlillərini ciddiyə alaraq ölkədə müvafiq qanunun qəbulundan sonrakı vəziyyəti göz önünə gətirməyə çalışsaq, mənzərə o qədər də ürəkaçan olmayacaq. Söhbət hər kəsin potensial təhqir hədəfi olacağından getmir. Təhlükə “samosud” ların yaradacağı perspektivdən gedir. Adamların hüququn onun tərəfində olmadığını görməsi ilə ona ruhi iztirablar yaşadan tərəfə özü tərəfindən cəza verməsini qət etməsi əsil “cəngəllik qanunu” demək olacaqdır. Bununla belə, alternativ yol yoxdur. Avropanın hüquq məfkurəsi belə qəbul edibsə, deməli, Azərbaycanda da “təhqir azadlığı” bərqərar olunacaq.
Sual oluna bilər ki, axı təhqir niyə meydana çıxır? Ekspertlər qeyd edir ki, ölkədə məhkəmə davalarında tərəflərin statistikası bundan ibarətdir ki, şikayətçilərin 85 faizini məmurlar təşkil edir və onlar üst-üstə 18 milyon manata yaxın təzminat davası aparırlar. Məntiqi olaraq düşünək ki, sadə vətəndaşların çox kiçik bir hissəsi belə münaqişələrin subyekti olurlar və vəzifə adamlarının şərəf davasının qiyməti yuxarıda göstərilən rəqəmlə ölçülür. Lakin “təhqirə yaşıl işıq yandıraq” deyənlərin hər biri bunu öz dərisində yaşayanda əsil mətləb üzə çıxır. İnsanların şərəfi azad cəmiyyətin qanunları ilə sınağa çəkilir və sanki ləyaqətsizlik stimullaşdırılır. Ən çox təhqir olunan cəmiyyət demokratik sayılır.
İndiki Cinayət qanunvericiliyi heç bir halda dövləti tərəfə çevirmir. Burada əsas mübarizə vəzifə təmsilçisi və KİV arasında gedəcəkdir. Kim hesab etsə ki, hansısa qəzet ona böhtan atarkən doğru iş görüb, bu halda dövlət onun əvəzindən cinayət işi qaldırası deyil. Yəni, bu elə xarakterli təhlükəli əməllərdən sayılmır ki, rəsmi orqanlar hadisə baş verən kimi hüquqi prosedurları işə salsınlar və təhqiqata başlasınlar.
Təhqirə gec-tez azadlıq verilməsi ilə bir gerçəkliyin dərki labüdləşəcək: adamlar çirkli savaşın səmərəsizliyini qəbul edib ləyaqətli oyun qaydalarını qəbul etməyə məhkum olacaqlar.
Hökumət jurnalistlərə belə bir hüquq verməyə hazırlaşır. Hələ ki, yalnız onlara başqalarını çirkli suya salmaq ixtiyarı verilir. İndi hər kəsin belə vəsiqə səngəri arxasında gizlənəcəyini bəri başdan təxmin edə bilərik. Tolstoyun “son sığınacaq ” saydığı bu şəraitdə
azadlıq ən böyük nemətə də çevrilə bilər, silaha da!
Millət vəkili Zahid Oruc