“Hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsulların özünütəminetmə səviyyəsi aşağıdır və daxili tələbatı tam ödəmək üçün yetərli deyildir. Ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatmışdır. Dünya üzrə isə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Sadiq Qurbanov bildirib.
“Son 15 il ərzində ölkədə ovlanmış və yetişdirilmiş balıq istehsalı 5 dəfəyədək artsa da, hələ də ölkədə istehlak olunan balıq məhsullarının ümumi həcminin cəmi 1%-ni təşkil edir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ölkədə 2000-ci ildə 12 ədəd balıqartırma müəssisəsi olub, 2020-ci ildə isə 7 ədəd olmuşdur ki, hazırda bu müəsissələrdən 3-ü aktiv fəaliyyət göstərir. İllik istehsal gücü 15 milyon olan Xıllı Nərə Balıqartırma zavodunda 2019-2022-ci illər ərzində 2 144 135 ədəd nərə cinsli balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılmışdır ki, bu da 2002-2003-cü illərdəki müvafiq orta göstəricidən 37,3 dəfə azdır. Həmçinin, əvvəlki illərdə olduğu kimi istehsal fəaliyyəti dayandırılmış özəlləşdirməyə açıq balıqartırma zavodlarının özəlləşdirmə prosesinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır.
Təklif edirəm ki, akvakultura sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün, bu sahəyə diqqət ayrilmasına, investorların cəlb edilməsi üçün şərait yaradılmasına, təsərrüfatlarda müasir və effektiv texnologiyaların tətbiqinə ehtiyac var", - o qeyd edib.