Mahir Qabiloğlu
Gəmi. Böyük bir mühəndis qurğudur. İçərisində hər şey var. Lyüks kayutları, tualet-hamamı, restoran, bar, kafeləri, kazinosu, saunası, üzgüçülük hovuzu, cürbəcür dükanları, tibb otaqları. Bütün bunları hərəkətə gətirmək üçün güclü mühərrikləri. Başda kapitanı olmaqla böyük, yüksək hazırlıq keçmiş heyəti, mühafizəsi. Sanki balaca bina, kiçik bir dövlətdir okeanda. Üzür. Özünün bayrağı var. Adı var. Dağ boyda dalğalara sinə gərir. Fırtınalardan qurtulur. Hər gəminin də öz qanunları var. Nə qədər böyük, güclü, yaraşıqlıdırsa, hansı limana yan almasından asılı olmayaraq onu orkestrlə, sevinclə, gül-çiçəklə qarşılayırlar.
Sükan etibarlı əllərdə olanda xaricdən gələn təsirlər – külək, fırtına, qasırğa, dalğalar gəmiyə heç nə edə bilmir. Amma hər gəminin öz daxili problemləri də olur. Ağıllı kapitan buna da çarə tapır. Bir də görürsən gəmiyə siçovullar ayaq açıb. Əlbəttə ki, yuxarı hissəsinə, müştərilər üçün nəzərdə tutulan, yuxarıda sadaladığım yaruslara yox. Zirzəmi hissə sayılan motorxana, anbar, mətbəxə yaxın hissələrə. Necə deyərlər iyə yığışırlar. Mətbəxə yaxın gələndə işçilər bu siçovulları asanlıqla öldürürlər. Amma gəmidə dəlmə-deşik çox olduğundan kökün kəsmək olmur ki, olmur. Kimyəvi dərman, zəhər töksələr də, tələ qursalar da fayda vermir. Əgər kapitan ağıllıdırsa, bu üsullardan istifadə etmir. Kimyəvi “silahdan”, pusqu qurmaqdan yan keçir. Bu işlərə başını yormur. Görəsən nə edir?
Əvvəlcə siçovullardan on, on beş dənəsini tutdurub salır qəfəsə. Matroslarına da əmr edir ki, birdən ürəkləri yumşalar, aclıqdan ciyiltisi göyə çıxan heyvanlara yemək vermək istəyərlər a... Nəbadə. Beləcə bir neçə gün gözləyir.
Əvvəlcə siçovullar həmrəylik göstərirlər. Bir-birlərinə söz verirlər ki, burdan qurtulsalar gəmiyə hücuma keçib yuxarı yarusları darmadağın edəcəklər. Qarşılarına nə keçsə dağıdacaqlar, gəmirib, parçalayacaqlar. Xaricdən dalğa, qasırğa, tufan da bu işdə onlara köməklik göstərəcək. Kapitanı isə məhv edəcəklər. Gəmini dəryada batırıb, oranın daimi sakinlərini fəlakətlə üz-üzə qoyub hamıdan əvvəl özləri oranı tərk edəcəklər.
Amma qəfəsdən çıxa bilmirlər. O biri siçovulları köməyə çağırsalar da, heç kim onlara səs vermir. Amma öz növbələrində onların gələcək planlarına həmrəyliklərini bildirir, daim onların yanında olacaqlarını söyləyirlər. Axşam növbəsindəki matroslardan onların ciyiltisinə dözməyib qəfəslərinə çörək atan da olur. Düzdür... kapitan bundan həmən duyuq düşür... onları ciddi cəzalandırır da.
Aclıqdan bezən siçovullar zəifləyirlər, hətta ciyildəməyə də taqətləri qalmır. Əllərinin hər yerdən üzüldüyünü görüb, başlayırlar bir-birilərinə baxıb ağızlarının suyun axıtmağa. Sonra isə hərəkətə keçirlər. Əvvəlcə bir siçovulu parçalayıb yeyirlər. Sonra digərini. Beləcə sona ikisi qalır. Bunlardan da hansı güclü çıxırsa, o birini parçalayıb yeyir.
Bu vəhşi mənzərəni matroslar böyük maraqla izləyirlər. Hətta aralarında mərc qoşanlar da olur. Sonda bir siçovul qalanda gəlib kapitana hesabat verirlər ki, “bəs siçovul tək qalıb... təzələrini tutaq?”.
Kapitan nə eləsə yaxşıdır? Qəfəsə yaxınlaşır və tənha siçovulu gəminin texniki qurğuları yerləşən zirzəmi hissəsinə buraxır. Tənha siçovul heç bir kimyəvi maddənin, tələnin, matrosun girə bilmədiyi dəlmə-deşiyə asanlıqla girir. Doğma siçovul qanına susayan, kapitanın hazırladığı bu “bioloji silah” qarşısına çıxan siçovulu parçalayır, didir. Bu proses 3-4 il davam edir. Ta o vaxtacan ki, tənha, quduz siçovul özünə sevgili tapır. Nəslini artırmağa başlayır. Gəminin kapitanı ağıllı, uzaqgörəndirsə bunu həmən hiss edir. Əsrlərdən bəri bu günümüzəcən gələn, sınaqlardan çıxan fəndi bir də işlədir.
Beləliklə də kapitan gəmidə əmin-amanlığı, asayişi qoruyur. Həmişə bayrağı uca, dalğalara, tufanlara sinə gərə-gərə gəmisini irəliyə aparır.