Milli Məclisdə deputatlar üç gün ardıcıl - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə ediblər.
Növbəti ilin büdcə müzakirəsində Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər hökumət nümayəndələri də iştirak ediblər.
Məlumat üçün bildirək ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat və yaxud 0,8 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 493,4 milyon manat və yaxud 11,4 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat və ya 0,4 faiz çoxdur.
İlk olaraq Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, dövlət büdcəsinin layihəsi müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilib. Büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilib. Belə ki, gələn il sosial yönümlü xərclərin cari ilə nisbətən 1 milyard 35 milyon manat və ya 7 faiz çox olması nəzərdə tutulur. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatı da vardır.
Həmçinin, sahibkarlığın inkişafına rəvac verilməsi, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin, nəqliyyat, sənaye, energetika və digər sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi diqqət mərkəzində saxlanacaq.
Büdcə müzakirələri zamanı nazirlər, komitə sədrləri, deputatlar çıxış ediblər.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev inflyasiyadan, sosial xərclərdən, o cümlədən pensiyalardan danışıb. "Büdcədə sosisal xərclərin artırılmasını qeyd etməliyik. Büdcə xərclərinin 43 faizinin bu istiqamətə yönəlməsi təqdirəlayiqdir".
"Yəqin ki, ilin sonuna birrəqəmli inflyasiyanın şahidi olacayıq. Arzu edərdik ki, ərzaq inflyasiyası da birrəqəmli həddə düşsün", - komitə sədri əlavə edib.
Sənədsiz evlər, veteran pulu...
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov üç gün davam edən müzakirələr zamanı ən çox fikir və təklif səsləndirən deputat olub.
Deputat ilk olaraq sənədsiz evlərlə bağlı problem qaldırılıb. “Bununla bağlı Prezident İlham Əliyev tapşırıq verib. Bu tapşırıq niyə yerinə yetirilmir? BMT qətnamə qəbul etməlidir?! Əksinə, onlar nə edirlər?! Vətəndaşı qeydiyyatdan çıxarırlar. Sənədsiz evlərdə yaşayan insanları qeydiyyatdan çıxarırlar ki, sənin evinin sənədi yoxdur. Bu adam 30 il o evdə yaşayıb, qız köçürüb, gəlin gətirib. Ölkədə 1 milyon sənədsiz ev var. Bu problem həll edilməli, həmin evlər qeydiyyata alınmalıdır. Bu həm də büdcəyə əlavə pul deməkdir. Bələdiyyələr də bu zaman vergi yığa biləcək”, - deyə deputat vurğulayıb.
Siyavuş Novruzov müharibə veteranlarının təqaüdü məsələsinə də toxunub: “Müharibə veteranlarına 80 manat verilir. Müharibə veteranlarının 80 manatlıq müavinətinin artırılmasına əncam çəkilməlidir. Xaricdə oturan antimilli ünsürlər bundan istifadə edirlər. Buna əncam çəkilməli, vəsait artırılmalıdır”.
O, digər problem olaraq qazilərin əlillik dərəcəsi alması ilə bağlı məsələni qaldırıb: “Mütəmadi olaraq biri gəlir şüşə sındırır, biri gəlir başqa şey edir. Olmaz ki, bir komissiya, ictimaiyyət nümayəndələri çağırılsın, həmin adamlar yoxlanılsın və qərar verilsin ki, ona əlillik düşür, ya düşmür. Az sayda adamdır. Bu problem həll edilməlidir. Yaxud bu adam döyüşüb. Döyüşənlər bilir ki, onlar döyüşdə elə travma alır ki, tibdə bunu müəyyən etmək çətindir. Buna əlillik dərəcəsi verilməsi nə böyük problemdir? Bu adam döyüşübsə, buna əlillik verilə bilər. Eyni zamanda, I və II Qarabağ qazilərinə eyni şərait yaradılmalı, onlar eyniləşdirilməlidir. Sosial şəbəkədə o gün şəhid anasının diləndiyi video göstərilib. Hansı şəhid anası dilənir? Biz gördük ki, şəhid anaları, həyat yoldaşları şəhidlərin cənazəsini çiynində apardı dəfn etdi. Ona görə də belə şeylərə etirazımızı bildirməliyik. Biz bu məsələlərə çox diqqətlə yanaşmalıyıq”.
Komitə sədri, həmçinin bank faizlərinin çox olmasına da narazılığını bildirib:
“Azərbaycan müstəqilliyini əldə edəndən sonra 300 özəl bank var idi. Tədricən bank sistemi təkmilləşdi, bir sıra banklar sıradan çıxdı, bəzi banklar düzgün işləmədiyinə görə ləğv olundu. Bu gün 40-a yaxın bank ölkəmizdə fəaliyyət göstərir. Amma bankların çox olması rəqabət yarada bilər. Bu gün vətəndaşlarımızın orta və kiçik sahibkarlıqla məşğul olmaq üçün ala biləcəyi kreditlərin faizləri yuxarıdır, 14 %-dən başlayır. Bu gün vətəndaşın bu krediti götürüb qaytarması çətin olur. Vətəndaş külli miqdarda vəsait ümumiyyətlə götürə bilmir. Birinci məsələ bank faizlərinin aşağı salınması olmalıdır. Kənd təsərrüfatı sahəsinə 3-7 %-lə kreditlər verilir. Digər vətəndaşlar üçün də bu faizlər əlçatan olmalıdır. Bu olsa, kiçik biznes və orta sahibkarlıq inkişaf edər. İkincisi, bankların xarici banklarla əməkdaşlığı məsələsi var. Bizdə bu, 0 səviyyəsindədir. Keçmişdə Almaniya və digər başqa banklardan vəsaitlər alınırdı ki, vətəndaşa verilsin. Bu zaman vətəndaşa aşağı faizlə kreditlər verilə bilirdi, banklar da qazanırdı. İndi bu sıradan çıxıb. Hesab edirəm ki, bank sistemi ölkənin qan-damar sistemidir”.
Bələdiyyə torpaqları üzərində mülkiyyət məsələsi
Deputat Kamran Bayramov Azərbaycanda bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin hazırlanması prosesində ləngiməsindən danışıb:
“Hazırda ölkə üzrə yüz minlərlə sənədsiz ev mövcuddur: “2011-ci ilin mart ayında Prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib və onun icrası istiqamətində müəyyən işlər də görülüb. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna 2015-ci ildə edilmiş dəyişikliklə sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb, Prezidentin 2015-ci və 2019-cu illərdə imzaladığı müvafiq fərmanlara əsasən, 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib”.
K. Bayramov xatırladıb ki, ötən ilin aprel ayında isə Prezidentin imzaladığı fərmanlara əsasən əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib: “Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin sənədləşdirilməsi nəzərdə tutulub. Bu fərmanların icrası, şübhəsiz ki, ölkədə sənədsiz evlərin sayının azaldılmasına xidmət edəcək. Eyni zamanda, 2019-cu ildən etibarən İqtisadiyyat Nazirliyi tərəfindən sənədsiz tikililərin inventarlaşdırılması həyata keçirilib və pandemiyanın başlandığı dövrədək ölkədə 240 minə yaxın sənədsiz ev və mənzil inventarlaşdırılıb. Lakin təəssüf ki, pandemiya ucbatından və digər səbəblərdən inventarlaşma prosesi ləngiyib”.
Mədəniyyətdən və işsizlikdən də danışılıdı..
Milli Məclisin deputatı Fazil Mustafa isə kino sahəsinin ƏDV-dən azad edilməsindən danışıb:
"Kino sahəsində, xüsusilə də kommersiya filmləri üçün əlavə dəyər vergisi ləğv edilməlidir. Çünki büdcəsən ayrılan vəsait kino sahəsi üçün elə də çox deyil. Kino sahəsinin ƏDV-dən azad edilməsi ilə bu sahədə imkanları artırmaq olar. Bölgələrə qayıdış məsələsi vacib olmalıdır: “Gələn ilin dövlət büdəsindən gənclər evinin saxlanılmasına vəsait ayrılsa da, içərisini doldura bilmədiyimiz bir çox obyektlər var. Ya onların təyinatı dəyişdirilməli, ya da hər hansı mədəni infrastruktur kimi bölgələrdə işlək vəziyyətə gəlməsini təmin etməliyik. Bundan başqa, idman obyektlərinin təmiri və başqa məsələlərlə bağlı vəsait artırılmalıdır. Misal olaraq, Bakıda əksər futbol meydançalarının dam örtüyü yoxdur. Paytaxtın iqliminə görə də əksəriyyəti tamamilə sıradan çıxır. Ölkədə son vaxtlar basketbol inkişaf etsə də, meydança tapmaq mümkün deyil. Məktəblərin həyətində bu tip meydançaların məcburi salınması məsələsini həll etmək lazımdır”.
Deputat rayonlarda işsizliyin kifayət qədər yüksək səviyyədə olduğunu da söyləyib: "Məşğulluq sistemi işsizliyin yükünü götürə bilmir".
O xatırladıb ki, gələn il bələdiyyə seçkiləri keçiriləcək: "İqtisadiyyatımızın dirçəlməsi üçün çıxış yollarından biri dövlətin yükünün bələdiyyələrə dövr edilməsidir. Nəhayət, 2024-cü ildə bələdiyyəni canlı bir quruma çevirməliyik. Bələdiyyə ölü vəziyyətdə olanda, onun sənədləri tanınmayanda və iqtisadi proseslərə qoşula bilməyəndə yerli xidmətlərdə böyük sıxıntılar yaradır".
Müzakirələrin ikinci günündə təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov balıqartırma zavodlarının özəlləşdirilməsinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırmasından danışıb.
Deputat qeyd edib ki, hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsulların özünü təminetmə səviyyəsi aşağıdır və daxili tələbatı tam ödəmək üçün yetərli deyil: “Ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatıb. Dünya üzrə isə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir . Son 15 il ərzində ölkədə ovlanmış və yetişdirilmiş balıq istehsalı 5 dəfəyədək artsa da, hələ də ölkədə istehlak olunan balıq məhsullarının ümumi həcminin cəmi 1%-ni təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 2000-ci ildə 12 ədəd balıqartırma müəssisəsi olub, 2020-ci ildə isə 7 ədəd olmuşdur ki, hazırda bu müəssisələrdən 3-ü aktiv fəaliyyət göstərir. İllik istehsal gücü 15 milyon olan Xıllı Nərə Balıqartırma zavodunda 2019-2022-ci illər ərzində 2 144 135 ədəd nərə cinsli balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb ki, bu da 2002-2003-cü illərdəki müvafiq orta göstəricidən 37,3 dəfə azdır. Həmçinin, əvvəlki illərdə olduğu kimi istehsal fəaliyyəti dayandırılmış özəlləşdirməyə açıq balıqartırma zavodlarının özəlləşdirmə prosesinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır. Akvakultura sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün, bu sahəyə diqqət ayrılmasına, investorların cəlb edilməsi üçün şərait yaradılmasına, təsərrüfatlarda müasir və effektiv texnologiyaların tətbiqinə ehtiyac var".
Milli Məclisin komitə sədri Zahid Oruc isə ölkədəki demoqrafik problemləri gündəmə gətirib.
“Bu günlərdə bir xarici ekspertin “Ermənistanda doğum səviyyəsi artır, Azərbaycanda azalır” sərlövhəli müsahibəsi geniş rezonans doğurub. Əlbəttə, demoqrafiya məsələsinin də siyasiləşdirildiyi bəllidir, ona görə əhali artımını da qələbə amili sayması ölkəmizə qətiyyən irad tutula bilməz. Lakin son 100 illik tarixdə ilk dəfə Azərbaycanda doğum əmsalı azalmağa meyillənib. Ermənistan isə əksinə, son 3 ildə hər qadına düşən doğum əmsalı parametrinə görə digər ölkələri tarixində ilk dəfə qabaqlayıb. Azərbaycanda 20 il əvvəl-2002-ci ildə ən az doğum səviyyəsi olub, cəmi 100.000 uşaq. Ermənistanda daha az, cəmi- 32.000 min, yəni 3-ün birə nisbəti olub. Xatırladaq ki, 1950-ci ildə fərq iki dəfə idi. Ekspertlərin fikrincə, Ermənistanda körpə bumu analıq kapitalının məbləğinin artması ilə əlaqəli olub. 3-cü uşaq üçün 2,5 min dollar, dördüncü və sonrakı uşaq üçün 4.000 min dollar ödənilir. Ona görə də Ermənistanın demoqrafik artımı dövlətin demokratik iqtisadi inkişaf siyasəti ilə bağlaması və Azərbaycanda əhali sayının azalarsa, onlar səbəbindən “Qarabağı tam məskunlaşa bilməyəcəklər” kimi əslində özlərinin yaşadıqları sindromu və məğlubiyyətin səbəblərindən birini ölkəmiz üçün təbliğ etmələrinə yol verməməliyik. Qələbə tarixini yazan ölkəmizdə əhalinin demoqrafik dinamikasının düzgün statistik bazasının yaradılması vacibdir”,- deyə komitə sədri 3-cü uşaq siyasətinin stimullaşdırılmasını qeyd edib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu gələcəkdə Azərbaycanı idarə edəcək kadrlar Azərbaycanın tarixini, dilini, milli mədəniyyətini bilməyən ingilis dillilər olacağıdı bildirib:
“Bu gün təhsilə də kifayət qədər vəsait ayrılır. Burada da hesabatlılıq olmalıdır. Şagirdlər dərsə girmir, gedir dil öyrənməyə. Milli aristokratiyanın yetişdirilməsi problemi var. Sadəcə, dil bilən şəxslərin ibarət biz milli aristokratiya yetişdirə bilərikmi? Məncə, yox”.
Deputat, həmçinin deputatların kompüterlərinin dəyişdirilməsini təklif edib:
“Milli Məclisdə deputatların masalarındakı kompüterlərin daha funksional kompüterlərlə əvəzlənməsi üçün vəsait nəzərdə tutulsa, yaxşı olar. Parlament diplomatiyası ilə Azərbaycan xalqının milli maraqlarının qorunması üçün çoxsaylı tədbirlər keçirilir. Yeni keyfiyyət statusunda Milli Məclisin Aparatının xərclərinin artırılmasına ehtiyac var. Bizim istifadə etdiyimiz texniki avadanlıqların yenilənməsi bunlardan biridir. Milli Məclisin əlavə maliyyə xərclərindən yayınmaq üçün vəsaitləri istifadə etmirik. Amma çox təəssüf ki, təklif olunan layihələri açmaq üçün mən bir neçə dəfə önümüzdə olan kompüterlərin düymələrini sıxıram. Maliyyə Nazirliyi büdcəsi hesabına Milli Məclisin kompüterlərinin daha funksional, daha işlək kompüterlərlə əvəzlənməsi ilə bağlı məsələlər də layihə sənədində öz əksini tapsın”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev 10 milyon əhalisi olan ölkə üçün 34 milyard 173 milyon manat gəlirləri olan büdcənin kiçik olduğunu qeyd edib:
“Təəssüf ki, 10 milyon əhalisi olan ölkəmiz üçün 34 milyard 173 milyon manat gəlirləri olan büdcə olduqca kiçikdir. Onun da 12 milyard 781 milyonu Dövlət Fondundan transfertdir. 2023-cü ildə Ümum Daxili Məhsul real ifadədə cəmi 0,5 faiz artıb. Sanki durğunluq dövrünə qədəm qoymuşuq”.
Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manatlıq satınalmalar həyata keçirilir: “Dövlət müəssisələri, xəstəxanalar, xidmət sahələri özəlləşdirilməlidir. Qanunların aliliyi təmin edilməsə İqtisadiyyat Nazirliyinin səyləri ciddi nəticələr verməyəcək. Sabit Vergi Məcəlləsi olmalıdır. Son 3 ildə Vergi Məcəlləsinə neçə dəyişiklik etmişik? Sayı hesabı itib. Vergi dərəcələri, rüsumlar, ödəmələr, konstitusiyaya uyğun olaraq qanunla müəyyən olunmalıdır. Hər bir nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz. Xidmətə görə büdcədən maaş alırlar. Sahibkar ən azı 5 il müddətində gəlir çıxarını proqnozlaşdıra bilməlidir. Qanunları tez-tez dəyişməklə, hansısa vergi güzəştləri müəyyən edib, sonra ləğv etməklə iqtisadi inkişafa töhfə vermək olmaz. Biz tezliklə Ümumdünya Ticarət Təşkilatına və regional iqtisadi birliklərə qoşulmalıyıq”.
Qüdrət Həsənquliyev bildirib ki, büdcəyə əlavə vəsait cəlb edə biləcəyimiz sahələrdən biri tikinti sektorudur: “Bakı Şəhər İcra Hakimiyyəti başçısının keçən il səsləndirdiyi rəqəmlərə əsaslansaq yalnız Bakı şəhərində minə qədər qəzalı bina var. Amma sahibsiz sahibkarlar yaşayış binaları tikmək üçün yer tapa bilmədiklərindən xarici ölkələrə üz tuturlar. Nə qədər insan mənzil şəraitini yaxşılaşdırmaq, yaxud övladına, nəvəsinə yeni mənzil almaq istəyir”.
Deputat Vahid Əhmədov isə Bakı-Quba ödənişli yolunda tariflərinin çox yüksək olmasından şikayətlənib:
“Bakı-Quba ödənişli yolunda tariflər çox yüksəkdir, maşınlar yoldan istifadə etmir. Azı 2-3 dəfə rayonda olub, amma yolda maşın olmayıb: “Ancaq beynəlxalq yükdaşıyan maşınlar o yoldan istifadə edir. Ödənişli yolda tariflərə yenidən baxılması zəruridir, bu tariflər endirilməlidiir”.
Deputat hökumətdən xahiş edib ki, müharibə veteranlarına 80 manat müavinət məbləğinə yenidən baxılsın və hərbçilərin xidmət stajının 20 ildən 25 ilə qaldırılması ilə əlaqədar bu yalnız qanun qəbul ediləndən sonrakı şəxslərə şamil edilsin.
Tahir Kərimli “Reklam haqqında” qanuna qarşı narazılığını bildirib:
“Misal olaraq, televiziyada deyirlər ki, uşaq bezlərinə təşəkkür edirəm. Bu nə deməkdir?! Hətta təsəvvür edin ki, mağazalara gedən kimi siqaretlər üstümüzə gəlir. Müvafiq qanunvericiliyə dəyişikliklər etsək ki, heç bir fayda əldə etmirik. Çünki reklam olunan məhsul yox, onu buraxan şirkət reklam oluna bilməz”.
Deputat, xalq şairi Sabir Rüstəmxanlı isə son olaraq deputatların ailələrinin də VİP salondan istifadə edə bilməsi üçün məsələ qaldırıb:
“Əvvəllər deputatlar, diplomatlar xarici ölkələrə gedəndə ailə üzvlərini yanlarında apara bilirdilər. Sonra onların özləri olmadan da övladı və həyat yoldaşı VİP salondan istifadə edə bilirdi. Bu qanun hər yerdə belədir. Hətta əvvəl deputat olub, sonra olmayanlar da VİP salondan istifadə edə bilirdi. İndi qayda belədir ki, özün gedirsənsə, istifadə edə bilərsən, amma özün getmirsənsə, sənin ailə üzvlərin orda gedə bilməz.
Bu məsələdə deputata fərqli münasibət var: Biznes salonlara ticarət adamları, vəzifəli şəxslərin qohumları rahat gəlib-gedirlər. Amma millət vəkilləri bundan istifadə edə bilmir. Niyə belə ögey münasibət olmalıdır? Mən istəyirəm, bu məsələ bizim aidiyyati orqanların qarşısında qaldırılsın. Bundan başqa, məsələn, mən təxminən otuz ildir ki, bizim pansionatda qalıram. İki otaqlı mənzilim var. Mənim bütün yazı-pozu işlərim ora ilə bağlıdır. Sakit bir yerdir. Amma orda biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Hətta hökumət işçiləri orada güzəştli şəkildə qalır, amma onlardan aşağı maaş alan millət vəkili, yəni mən belə qala bilmirəm. Mən məcburam orda qalam. Başqa imkan yoxdur. Amma mən orada biznesmen kimi qalıram. Məndən biznes uçotu ilə, biznes müqavilələri ilə illik pul alırlar. Bu, harda görülüb? Niyə görə belə olmalıdır? Nazirlər Kabinetinin işçiləri, başqa strukturların işçiləri normal qiymətlə qalırlar, bizdən isə iki-üç dəfə artıq pul tələb edirlər. Mən buna millət vəkilinin statusunun aşağı salınması kimi baxıram”.
İclas zamanı Milli Məclisin sədri Sahibə Qafarova deputatlara iradını da bildirib.
"Niyə Xankəndinin büdcəsi barədə nəsə deyilmədi? Sonra da deyirsiniz ki, xanım sədr müdaxilə edir. Müdaxilə etməyim bəs nə edim? Biri deyir insanlardan qaçırıq. Biz nə zaman camaatdan qaçırıq? Deputatlar xalqa nə vaxt bu qədər yaxın olub? Niyə məni bunu deməyə məcbur edirsiniz? Razi müəllim sizə isə tövsiyə edirəm ki, çıxışlarınızın stilistikasına baxasınız. Qoçuluq... Siz nazirlikləri, dövlət qurumlarını nədə ittiham edirsiniz? Qoçuluqda? Danışanda fikirləşin!”, - deyə Sahibə Qafarova bildirib.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Deputat Tahir Kərimli deputatların və məmurların, nazirlərin xalqdan qaçdığını bildirib. Deputat Razi Nurullayev isə qeyd edib ki, bir sıra dövlət institutunda müavinlik institutu işləmir, bu da yolverilməzdir: “Vəzifəli şəxslər qurumun adındakı dövlət sözünü monitorinq və nəzarət kimi başa düşürlər. Dövlət qurumlarının hamısı az qala istintaq orqanı kimi fəaliyyət göstərir. Onlara imkan verilsə, nəzarətə nəzarət də yaradarlar. Bu cür süründürməçilik sistemi xalqı narazı salır. Dövlət Reklam Agentliyi qoçuluq edir”.
Aysel Məhərrəmli
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda dərc olunub.