Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən Biləsuvar rayonunda məskunlaşmış Füzuli rayonundan olan sakinlərimizlə səyyar qəbul-görüşü keçirilib.
Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq keçirilən bu cür görüşlərin əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün əhəmiyyətli olduğunu qeyd etdi. Səyyar görüşdə sakinlərimiz dinlənilmiş, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tərəfindən azad olunmuş ərazilərimizdə həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu vurğulayıb.
Biləsuvar rayonunda Füzuli rayonundan olan 39 ailə, 200 nəfərə yaxın sakinimizin müvəqqəti məskunlaşıb yaşadıqlarını bildirən Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qəbulda əsasən doğma yurdlarına qayıdışla bağlı sakinləri maraqlandıran məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb. Qəbula gələn sakinlər 30 il həsrətində olduqları ərazilərin işğaldan azad olunmasına görə Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfa dilədilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirən sakinlər doğma yurdlarına köçəcəkləri günü səbrsizliklə gözlədiklərini vurğulayıblar.