6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib.
TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
"Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir. Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd olunur.
Qeyd edək ki, hepatit-A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçir. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da "Hepatit A" virusuna yoluxma riski daha çoxdur. Hepatit-A xəstəliyinin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir.