Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində 2023-cü ilin fevral ayında açılan invaziv kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələri fəaliyyətlərini uğurla davam etdirir.
Modern.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
“Sözügedən şöbələrdə bölgənin 9 rayonundan xəstələr qəbul edilir.
Hər iki şöbədə xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilir.
İnvaziv kardiologiya şöbəsində indiyədək 898-dən çox xəstə qəbul edilib. Pasiyentlərdən 410 nəfərə stend qoyulub, 488 xəstəyə angioqrafiya xidmətləri göstərilib.
Şöbədə 1 kardioloq, 4 invaziv kardioloq, 1 terapevt çalışır”.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri uzman həkim Yusif Abdulov bildirib ki, şöbədə 30 xəstə əməliyyat olunub. 2 xəstəyə klapan dəyişilmə, 28 nəfər xəstəyə aorta koronar şuntlama əməliyyatı icra olunub.
Bundan əlavə, uzman həkimlər tərəfindən 4 pasiyentə ürəkdaxili cihaz implantasiyası, 3 pasiyentə ürək ritminin ablasiya ilə invaziv müalicəsi icra edilib.
Y.Abdulov bildirib ki, rəhbəri olduğu şöbədə 1 kardiocərrah, 2 anestezioloq çalışır.
Qeyd edək ki, Y.Abdulov “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində dövlət tibb müəssisələrində işə cəlb olunan xarici ölkələrdə təhsil almış həkim-mütəxəssislərdəndir.
O, ürək və damar cərrahiyyəsi üzrə uzmanlıq təhsilini Ege Universiteti Tibb fakültəsində alıb. 2012-2019-cu illərdə Türkiyədə çalışıb. 2019-2023-cü illərdə İraqın Kərbəla şəhərində Al-Kafeel Xəstəxanasında şöbə müdiri olub. 2023-cü ildən isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsini icra edir.